Qızıl bulaq mis-qızıl kolçedan yatağı
Qızıl bulaq mis-qızıl kolçedan yatağı - Ağdərə rayonu ərazisində yerləşən mineral yataq. Yatağın geoloji quruluşunda Orta Yuranın vulkanogen süxur kompleksləri iştirak edir. Bu süxur komplekslərinin qalınlığı 300 m-dir və Bat yaşlı tuf konqlomeratlar və tuf qum daşları ilə örtülür. Batın üzərində Kollovey-Oksvord tufları və tuf qum daşları yatır. Yatağın əsas qırışıqlıq strukturu trambon antiklinalıdır. Bu antiklinal morfoloji cəhətdən vulkano–tektonik strukturları xatırladır. Strukturun gümbəz hissəsi bat yaşlı riodasitlərlə yarılmışdır. Yataq sahəsində əsas parçalanma strukturu “qızıl bulaq” dərinlik qırılmasıdır. Bu qırılma meridianal istiqamətdə uzanaraq 550-600 bucaq altında şərqə düşür. Yer səthində filiz kütlələri güclü oksidləşməyə məruz qalmışlar və oksidləşmə zonasının qalınlığı 15 m-ə qədərdir.