Gəncə şəhəri
Gəncə () — Azərbaycan Respublikasının əhalisinin sayına görə ikinci, sənaye məhsulları istehsalına görə Bakı və Sumqayıtdan sonra üçüncü şəhəridir. Gəncə şəhəri Kiçik Qafqazın şimal-şərq tərəfində, Gəncə-Qazax düzənliyində, Gəncəçayın hər iki sahilində yerləşir.
== Tarixi ==
=== Etimologiya ===
Müasir ərəb tarixşünasları "Gəncə" adının ərəb dilindəki farsca kökənli xəzinə anlamlı "Gānj" sözündən gəldiyini irəli sürürlər. Ərəb coğrafiyaşünası İbn Havqəl 977-ci ildə "Gəncə gözəl, varlı və qələbəlik şəhəridir. Buranın çoxsaylı əhalisi səxavətinə, mehribanlığına, elm adamlarına və mühacirlərə hörmətli münasibətlərinə görə fərqlənirlər" yazmışdır.
Fərrux Əhmədov Gəncə şəhərinin adının türk mənşəli olduğunu irəli sürür və ilkin forması hesab etdiyi "Qança" sözünün ilk komponenti "qan", "kan", "kaan", "xan" sözlərini türk dillərində hakim, sərkərdə, başçı, ikinci hissəsi olan –ca şəkilçisini isə məkan, yer, yurd kimi izah edir. Beləliklə, "Gəncə", "Qanca", "Kancə" sözləri "xan yeri", "xan məkanı","xan yurdu", "xanın, xaqanın oturduğu yer" anlamını verir. Müəllif bildirir ki, XX əsrin əvvəlinə kimi "Qanja" və "Xan yurt" adları yerli əhalinin dilində Gəncənin cənub hissəsindəki dağlıq yerlərdə saxlanmışdı".
Müasir İran tarixşünasları "Gəncə" adının fars dilindəki "gənc" (azərb. xəzinə) sözündən törədiyini iddia edir.