Abbas Lisani
Abbas Lisani (az.-əski. عباس لسانی; 18 fevral 1967, Ərdəbil ostanı) — azərbaycanlı milli mədəni fəal, vicdan məhbusu, şair, yazıçı.
Göstərdiyi milli mədəni fəaliyyətə görə 1997-ci ildən etibarən dəfələrlə həbs olunub. Təkcə 2006-cı ildə 6 ay ərzində 4 dəfə mühakimə edilib, 30 ay həbs, 50 zərbə şallaq və 3 il sürgünə məhkum olunub. Buna səbəb 2005-ci ildə Babək Qalası Qurultayında, Məşrutə inqilabının ildönümündə, Təbrizdə Bağır Xanın məzarı üstündə keçirilən mərasimlərdə və 2006-cı ilin may ayında Milli Qiyam Günündə iştirak etməsi olub.
Sonrakı illərdə də dəfələrlə həbs olunub, təzyiqlərə məruz qalıb və sürgün edilib. Həbsinə qarşı müxtəlif beynəlxalq təşkilatlar, partiyalar və fəallar bəyanatlar veriblər. 2007-ci ildən etibarən Beynəlxalq Amnistiya Təşkilatı tərəfindən vicdan məhbusu elan edilib. Həbsdən azad olunması üçün bir sıra təşkilatlar və fəallar onlarla imzatoplama və etiraz aksiyaları keçiriblər. Öz haqlarını o cümlədən də digər məhbusların haqlarını qorumaq üçün dəfələrlə aclıq aksiyaları edib.