Kərbəlayi Lətif Hüseyn oğlu
Kərbəlayi Lətif Hüseyn oğlu (doğum adı: Lətif Hüseyn oğlu Əliyev; 1876, Şuşa – 6 dekabr 1944, Bərdə) — Azərbaycanın məşhur qarmon ifaçılarından biri. Kərbəlayı Lətif əlli il Azərbaycan milli mədəniyyətinin inkişafına xidmət etmişdir.
== Həyatı ==
Lətif Hüseyn oğlu 1876-cı ildə Şuşa şəhərində anadan olmuşdur. Onun atası Hüseyn kişi çəkməçiliklə məşğul idi. Lakin həvəskar musiqiçi kimi tanınmışdı.Ailədə iki övlad olan Kərbəlayi Lətif, qardaşı Məhəmməd ilə birlikdə atasından çəkməçilik sənətini öyrənməklə bərabər musiqiyə xüsusi həvəs göstərmişdir. Kərbəlayi Lətif atasından qarmon çalmaq öyrəndikdən sonra gözəl səsi olan böyük qardaşı Məhəmmədlə birlikdə məhəllə şənliklərində və ayrı-ayrı ailə məclislərində çıxış etməyə başlamışdır.
O, uzun illər Məşədi Zeynal Bala Məlikov kimi virtuoz tarzənlərlə Qarabağ, Gəncə və Tiflis məclislərində istedadlı bir xanəndə kimi çalıb-çağırır. Şübhəsiz ki, Lətifin musiqi sənətinə dərindən yiyələnməsində böyük qardaşı Məhəmmədin də ciddi təsiri olmuşdur.
Kərbəlayı Lətif uzun illər Qarabağ məclislərində qardaşı Məhəmmədi, Malıbəyli Cümşüdü, Keçəçi oğlunu, Pəsxan Cəlili və Qəssab Abışı qarmonu ilə müşayiət etmiş, xalq arasında "şirin barmaqlar" adı ilə şöhrət qazanmışdı.
Ustad qarmonçu Kərbəlayı Lətif 1944-cü ilin dekabr ayının 6-da Bərdə şəhərində vəfat etmişdir.