Lənkəran (şəhər)
Lənkəran — Azərbaycan Respublikasının ən böyük və qədim şəhərlərindən biri, cənub bölgəsinin ən böyük şəhəridir. 28 iyul 1971-ci ildən respublika tabeli şəhərdir. Azərbaycanın qədim şəhərlərindən olan Lənkəran şəhəri 38 şimal, 40 şərq en dairəsinin kəsişdiyi, Xəzər dənizinin cənub-qərb sahilində, Lənkərançayın Xəzər dənizinə töküldüyü yerdə yerləşir. Rütubətli subtorpik iqlim, qışın sərt keçməməsi, quru və qızmar yay günləri, yağışlı payız fəsli bu regionun zəngin flora və faunasını şərtləndirmişdir. Lənkərançay, Veravul, Qumbaşı, Boladi, çayları yazda və payızda əsasən yağış suları hesabına daşır, yayda isə sakitləşir və nəzərə çarpacaq dərəcədə dayazlaşırlar. Buna görə də bu ərazidə kənd təsərrüfatı bitkilərinin suvarılması məqsədilə Xanbulançay su anbarı yaradılmışdır.
Ərazisinin sahəsi 21.435 hektar olan Hirkan qoruğu da bu rayonda yerləşir. 2004-cü ildə həmin qoruq Hirkan Milli Parkina çevrilmişdir. Milli park Astara və Lənkəran rayonlarının ərazisinin bir hissəsini tutur. Kiçik Qızılağac yasaqlığı (sahəsi 10,7 min hektar) 1978-ci ildə kiçik Qızılağac körfəzində qışlayan, köçəri su, bataqlıq və suətrafı sahədə yaşayan, o cümlədən nadir və məhv olmaq həddində olan quşların mühafizə edilməsi və onların baş sayının bərpa olunması məqsədilə yaradılmışdır.