Türbə
Türbə – görkəmli müsəlman alimlərinin, vəliəhdlərin, hökmdar və hökmdar ailəsi üzvlərinin, əmirlərin, vəzir və hərbi rəhbərlərin qəbirləri üzərində ucaldılan, üzəri xüsusi qübbələrlə örtülmüş tikili. Tanınmış İslam mütəffəkirlərinin üstü açıq olan məzarlarına da onlara hörmət əlaməti olaraq türbə deyilir. Türbələr camaat tərəfindən ziyarətgaha çevrilir.
Bütövlükdə türbə anlayışı İslam təliminə ziddir və İslam ölkələrində türbə tikintisinin çox geniş yayılması, başlıca olaraq əsgi türk gələnəklərinin bu regionun xatirə memarlığına yönəldici təsir göstərməsi ilə bağlıdır.
İslam ölkələrinin memarlığını araşdıran mütəxəssislər qülləvari türbələrin məkan-konstruksiya və bədii memarlıq həllinin genetik kökləri barədə müxtəlif fikirlər irəli sürmüşlər. Qülləvari türbələrin soykökü haqqında elmi baxışlardan ən geniş yayılanı və daha inandırıcı dəlillərlə əsaslandırılanı bu memarlıq tipinin türk mənşəli olmasıdır.
Bir qrup alim (M. Van – Beşem, E. Dits, N. Baçinski, O. Aslanapa) qülləvari türbələrin türk mənşəli olmasını təsdiq edərək, onların yaranmasını köçəri çadırının, yaxud köçəri xalqların başçılarının iri çadırlarının monumental memarlıqda yamsılanması ilə bağlayırlar. Q. A. Puqaçenkovanın fikrinə görə bu türbələr "ideyaca Orta Asiyanın və Qafqazın türk xalqlarının qədim kurqanabənzər dəfn tikintilərinə bağlıdır."
Sərdabənin dəfn tikilisi kimi ortaya çıxması isə başlıca olaraq tabbutda basdırma mərasimi ilə (Avropada bu adət daha çox xristianlıqda özünü göstərir) bağlıdır. Çin alimlərinin məlumatına görə hələ eradan əvvəl ikinci yüzildə hunlar ölüləri qızıl və gümüş işləməli, qalın parçaya bürünmüş ikiqatlı tabuta qoyurdular. Türk ədəbi abidələrində də belə mərasimlər və tikililər haqqında bilgilər saxlanmışdır.