Hacı Davud Müşkürlü
İmam Hacı Davud (ləzg. Имам Гьажи Давуд; 1680, Dədəli – 1728, Kipr Respublikası) — Osmanlı hakimiyyəti dövründə (1721–1734) Şirvan hakimi.
== Şirvan üsyanı ==
Şirvanda baş vermiş üsyana Müşkür mahalı Dədəli kəndinin sakini Ləzgi Hacı Davud başçılıq edirdi. O, silahlı kəndli dəstələrini öz ətrafına toplayaraq, Qazıqumuq hakimi Surxay xanla ittifaqda olaraq 1720-ci ilda Şabran şəhəri və Xudat qalasını tutdu. 1721-ci ilin avqustunda Hacı Davud, Surxay xan və Əli sultan İlisunun birləşmiş dəstələri şəhər əhalisindən də kömək alaraq Şamaxını tutdu. Şəhər tutulan zaman qarət va talanlar baş verdi; məsələn, o vaxt Şamaxıda olan rus tacirlari qarət edildi və öldürüldü.
Şamaxı hadisələrindən dərhal sonra, 1721-ci ilin payızında Hacı Davud Qazıqumuxlu Surxay xanla birlikdə Krım xanı vasitəsilə Osmanlı sultanına məktub göndərib onları öz himayəsinə almağı və öz qoşunlarını Şirvanı qorumaq üçün göndərməyi xahiş etdilər.
Bundan az sonra Hacı Davud öz nümayəndələrini İstanbula göndərdi. İstanbuldakı rus rezidenti (səfirdən aşağı dərəcəli elçi) İ. Neplyuyev 1722-ci ilin fevralında yazırdı ki, Hacı Davud və Şirvan üsyançılarının digər rəhbərləri Şamaxının tutulmasından sonra öz adamlarını Osmanlı təbəəliyinə qəbul etmək xahişi ila gizlicə sultan sarayına göndərmiş və ona sədaqətlərinin təsdiqi kimi Osmanlı Sultanı III Əhmədin adı ilə sikkə kəsməyə başlamışlar. Daha sonra Neplyuyev qeyd edirdi ki, cümə günləri onların məscidlərində Sultanın adına xütbə oxunur.