Nazikquyruq tıs-tıs
Nazikquyruq tıs-tıs (lat. Acantholimon lepturoides) — plumbaqokimilər fəsiləsinin tıs-tıs cinsinə aid bitki növü.
Qafqaz, Cənub-Qərbi Asiya, Türkiyənin şimal-şərqi və Gürcüstan ərazisində təsvir olunmuşdur.
Yastıqları çox sıx, kürəvari formalı olub, 10-15 (20) sm diametrində alçaq kolcuqdur. Yay yarpaqları açıq göyümtül, hamar, üç hissəli, neştərşəkilli- xətvari və ya xətvari-bizvari, cod, bünövrəsində uzunluğu 12-25 (30) mm və eni 1-2 mm, ucu biz, iynəli, çılpaq olub, kənarları xırda tükcüklüdür. Yaz yarpaqları qısa və bir az enlidir. Çiçək saplaqları yarpaqlardan çox uzun, hündürlüyü 10-20 sm, sadə, bəzən 1-2 yan budaqlı, çılpaq və ya bəzən qısa tükcüklüdür. Çiçəkləri çiçək qrupunda seyrək yerləşir. Sünbüllər arasındakı məsafə onların uzunluğundan çoxdur və ya uzunluğuna görə sünbüllərə bərabərdir. Sünbüllər 10-11 mm olub, bir çiçəklidir.