Nəsib Nəsibli
Nəsib Loğman oğlu Nəsibli (15 sentyabr 1956, Aşağı Qoşakilsə, Bolnisi rayonu) — Azərbaycan Respublikasının Milli Məclisi III çağırış deputatı, tarix elmləri doktoru.
Nəsib Nəsibli 1956-cı il sentyabrın 5-də Gürcüstanın Bolnisi rayonunun Qoşakilsə kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir. 1978-ci ildən Azərbaycan EA-nın Şərqşünaslıq İnstitutunda baş laborant, kiçik elmi işçi, elmi işçi, 1987-ci ildən İran İslam Respublikasında istilik-elektrik stansiyasının tikintisində tərcüməçi, 1988-ci ildən Azərbaycan EA-nın Şərqşünaslıq İnstitutunda elmi işçi, Tarix İnstitutunda şöbə müdirinin müavini, şöbə müdiri işləmişdir.
1994–2002-ci illərdə Bakı Asiya Universitetində dosent, Xəzər Universiteti ndə professor, kafedra müdiri, dekan vəzifələrində çalışmışdır. 1997–1998 və 2002–2003-cü illərdə ABŞ-nin Çikaqo və Con Hopkins universitetlərində işləmişdir.
Tarix elmləri doktorudur. 5 monoqrafiyanın və 100-dən çox elmi məqalənin müəllifidir. İngilis, fars, rus və fransız dillərini bilir.
Evlidir, iki övladı var.