Püstəxanım Əzizbəyova
Püstəxanım Əzizbəyova (29 dekabr 1929 – 8 yanvar 1998) — Sovet tarixçisi, alim, akademik, tarix elmləri doktoru (1961), kino məsləhətçisi və Azərbaycan Tarix Muzeyinin keçmiş direktoru. O, maarif adamı, mühəndis və peşəkər solçu inqilabçı Məşədi Əzizbəyovun nəvəsidir və babası haqqında bir neçə əsər də yazmışdır.
Püstəxanım Əzizağa qızı Əzizbəyova 1928-ci il dekabrın 29-da Bakıda doğulmuşdur. Püstə Əzizbəyova 1951-ci ildə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsini fərqlənmə diplomu ilə bitirəndən sonra bir müddət Məşədi Əzizbəyovun ev-muzeyinin direktoru işləmişdir. 1954-cü ildə “Azərbaycan neft sənayesinin bərpasında rus xalqının köməyi (1921-1923-cü illər)” mövzusunda dissertasiya müdafiə etmişdir. Azərbaycanda sosialist quruculuğu problemlərini araşdıran P.Əzizbəyova 1961-ci ildə “Azərbaycandakı sosialist dəyişikliklərində (1921-1923) Leninin rolu” mövzusunda dissertasiya müdafiə edərək ilk azərbaycanlı qadın tarix elmləri doktoru olmuşdur.
P.Əzizbəyova 1972-ci ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 1980-ci ildə isə həqiqi üzvü seçilmişdir.
P.Əzizbəyova pedaqoji fəaliyyətlə də məşğul olmuş və Bakının müxtəlif ali məktəblərində dərs demiş, 1955-ci ildə dosent, 1962-ci ildə isə professor adını almışdır.
O hələ tələbə ikən 1948-ci ildə Mərkəzi Lenin Muzeyində ekskursiyaçı işləməyə başlamış, sonra isə onun filialının direktoru və bölmə müdiri olmuşdur. 1955-ci ildə o, Azərbaycan Tarixi Muzeyinin Ən yeni tarix şöbəsinin müdiri vəzifəsinə keçirilmişdir.