Pensilvaniya Universiteti
Pensilvaniya Universiteti (ing. University of Pennsylvania) — Amerika Birləşmiş Ştatlarının Pensilvaniya ştatının Filadelfiya şəhərində yerləşən ali təhsil müəssisəsi; ölkənin ən qədim universitetlərindən olmaqla ən aparıcı ali təhsil ocaqlarından biridir. Pensilvaniya Universiteti humanitar və texniki elmlər üzrə geniş spektrdə elmi-tədqiqat işləri aparır. Ali təhsil ocağı özəl universitet kimi fəaliyyət göstərir, lakin onu hərdən Steyt-Kollec şəhərində yerləşən Pensilvaniya Ştat Universiteti və Filadelfiya Universiteti ilə səhv salırlar.
Pensilvaniya Universiteti 1740-cı ildə alim, jurnalist, diplomat Bencamin Franklin tərəfindən yaradılmışdır.
İlk vaxtlar xeyriyyə məktəbi kimi fəaliyyət göstərən təhsil müəssisəsi 1755-ci ildə kollecə çevrilir və B.Franklin Pensilvaniya Kollecinin prezidenti olur. Franklin ictimai qulluq və ticarət üçün yararlı, klassikaya əsaslanan təhsil proqramını təbliğ edirdi. O zamankı siyasi xadimlərin çoxunun adı bu təhsil ocağı ilə bağlıdır: Kontinental konqresin 24 nümayəndəsi, "Müstəqillik haqqında Deklarasiya" mətninin altında imzası duran 9 tanınmış sima - Bencamin Franklin, Corc Klaymer Fitzsimons, Frensis Hopkinson, Tomas Makkin, Robert Morris, Vilyam Paca, Corc Ross, Bencamin Raş və Ceyms Vilson; ABŞ Konstitusiyasının mətnini imzalayan 10 şəxs - Bencamin Franklin, Corc Klaymer Fitzsimons, Cared İngersoll, Rufus Kinq, Tomas Mifflin, Qouverner Morris, Robert Morris, Corc Vaşinqton, Hyu Vilyamson və Ceyms Vilson bu kollecin məzunları olublar.
1779-cu ildə kollecə universitet statusu verilib. Pensilvaniya Universiteti ABŞ-də ilk universitet statusu almış ali məktəbdir.