Nazir Rüstəmov
Nazir Mürsəl oğlu Rüstəmov (12 aprel 1956, Ağcabədi) — Azərbaycan teatr və kino aktyoru, Azərbaycan Respublikasının əməkdar artisti (2017).
== Həyatı ==
Nazir Mürsəl oğlu Rüstəmov 12 aprel 1956-cı ildə Ağcabədidə anadan olub. İncəsənət İnstitutunun dram-kino rejissorluğu fakültəsində (1976-1980), Moskvada rejissorluq kurslarında təhsil alıb (1990-1991). 1982-1994-cü illərdə Ağdam Dövlət Dram Teatrında aktyor, rejissor, daha sonra isə bədii rəhbər vəzifəsində işləmişdir. Müxtəlif illərdə Sumqayıt Dövlət Musiqili Dram Teatrında, Füzuli Dövlət Dram Teatrında, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında, Azərbaycan Dövlət Dərbənd Dram Teatrında və Ukraynanın Donetsk Dövlət Dram Teatrında aktyor və rejissor olaraq fəaliyyət göstərmişdir.
2003-cü ildən Şuşa Dövlət Musiqili Dram Teatrında ikinci dərəcəli quruluşçu rejissor vəzifəsində çalışır. İşlədiyi müddətdə Sarı Zakir («Şuşa dağlarını duman bürüyüb», Elçin), Həmzə bəy («Dağılan tifaq», Əbdürrəhim bəy Haqverdiyev), Fətəli şah («Güllələnmiş heykəllərin fəryadı», Hüseynbala Mirələmov), Həsənzadə («Sən həmişə mənimləsən», İlyas Əfəndiyev), Yan («Anlaşılmazlıq», A.Kamyu). kimi xarakterik və yaddaqalan rollar da ifa etmişdir.
Quruluş verdiyi tamaşalar: «Kamança» Cəlil Məmmədquluzadə, «Güllələnmiş heykəllərin fəryadı» Hüseynbala Mirələmov, «Sən həmişə mənimləsən», İlyas Əfəndiyev, «Təklif» Anton Çexov, «Durna» Səid Rüstəmov və Süleyman Rüstəm, «Meymunun dəfni» Nurəddin Qənbər, «Anlaşılmazlıq», A.Kamyu.
2005-ci ildə hazırladığı və Vasili Vasilyeviç Svetlovidov rolununda çıxış etdiyi Anton Pavloviç Çexovun «Qu quşunun nəğməsi» tamaşası Azərbaycan Teatr Xadimləri İttifaqının keçirdiyi «Boş məkanın dolğunluğu» teatr festivalında «Bədii əsərin ən yaxşı səhnə təcəssümü» nominasiyasında diplomla təltif edilmişdir.