Tayfa
Tayfa — sinifli cəmiyyətdən əvvəlki dövrdə adamların qohumluq münasibətinə, dil və ərazi ümumiliyinə əsaslanan birliyi; qövm/ Tayfa sözü ərəb mənşəli isimdir, "taifə" (ərəb. طائفة) kimi oxunur. Bu söz ərəb dilində təriqət, sekta və ya dini icmanı bildirmək üçün istifadə olunur. Ərəbcə qəbilədən böyük insan birliyinə əl-aşirə (ərəb. العشيرة) deyilir.
Tayfa insanların qəbilədən böyük olan birliyidir. Tayfa üzvləri qan qohumluğu ilə bir-birinə bağlı olur, bir neçə qəbilə və fratriyaya bölünür. Tayfa daxilində hər bir qəbilə müstəqil sosial istehsal vahidi olaraq qalır.
Tayfanın digər əlaməti ümumi ərazi, müəyyən iqtisadi birliyin, kollektiv ovçuluq və qarşılıqlı yardım ənənələrinin, vahid dilin (dialektin), endoqamiyanın olmasıdır. Tayfa təsərrüfat fəaliyyətinin, ibtidai mədəniyyətin inkişafına, adamların birləşməsinə, dilin təkmilləşməsinə kömək etmişdir.