Fəryal Qadınəfəndi
Fəryal Qadınəfəndi (1845, Fransa – 21 fevral 1902, Misir) — Osmanlıların Misir və Sudan hakimi, ilk Misir xədivi İsmayıl Paşanın xanımı, I Fuadın anası.
== Həyatı ==
Əslən fransız olan Fəryal xanım 1845-ci ildə dünyaya gəldi. Xədiv İsmayıl Paşanın hərəminə necə və nə vaxt girdiyi məlum deyil. Ancaq mənbələrdə xanım yerinə Qadınəfəndi olaraq anılması, onun kəniz və ya cariyə olaraq saraya alındığını sübut edir. Yeganə övladı olan Əhməd Fuad 26 mart 1868-ci ildə Cizə sarayında dünyaya gəldi. Ancaq oğlu hələ 11 yaşında ikən İsmayıl Paşa İstanbuldan göndərilən fərmanla taxtdan endirildi və yerinə xədivin digər xanımından doğulan oğlu Tofiq Paşa Misir xədivliyinə gətirildi. Öncə Neapolda, ardından İstanbulda sürgün həyatı yaşayan İsmayıl Paşanın 1895-ci ildə vəfatı ilə dul qalan Fəryal xanım 21 fevral 1902-ci ildə oğlunun səltənətini görmədən Qahirədəki Safran sarayında vəfat etdi. Cənazəsi Qahirədəki Əl-Rifai məscidinə dəfn edildi.
Oğlu Fuad Paşa isə anasına olduqca bağlı biri idi və "F" hərfinin ona uğur gətirdiyinə inanırdı. Bu səbəblə bütün övladlarına (Fövqiyyə, Faruq, Fövziyyə, Faizə, Faiqə, Fəthiyyə) bu hərflə başlayan adlar qoydu.