Bitki qamçılıları
Bitki qamçılıları (lat. – Phytomastigophora ) Qamçılılara daxil olan sinifdir.
== Quruluşu ==
Onların uzunluğu 3–5 mkm ilə 400 mkm arasında və daha böyük ölçüdə dəyişir. Forması ovalvari, sapvari, çöpvari və ya yarpağabənzərdir. Bədənin səthində çıxıntılar və tikanlar ola bilər. Əksəriyyətində xarici örtük pellikuladan ibarətdir, ancaq psevdopod əmələ gətirən və formasını dəyişə bilən növlərdə bədən xaricdən yalnız plazmatik membranla örtülmüşdür. Sitoplazmanın ekto və endoplazmaya bölünməsi əksər növlərdə kifayət qədər aydın ifadə olunmuşdur.
== Həyat tərzi ==
Bitki qamçılılarının bir çox növlərində işığa həssas orqanoid- qamçının əsasında yerləşən stiqma vardır. Rəngli qamçılılar işıqda fotosintez prosesi həyata keçirirlər (avtotrof), rəngsizlər isə xırda ibtidailər və bakteriyaların hesabına faqositoz yolu ilə saprofit şəkildə qidalanırlar (heterotrof orqanizmlər). Bitki qamçılılarının bəzi növləri eyni zamanda həm fotosintez prosesini həyata keçirir, həm də saprofit üsulla qidalana bilirlər (miksotrof orqanizmlər).