Qaraçöp eli
Qaraçöp Eli — Gürcüstan Respublikasının Kaxeti diyarının (gürcü: კახეთის მხარე) Saqareco bələdiyyəsi (gürcü. საგარეჯოს მუნიციპალიტეტი ) ərazisində milli ənənələr üzərində sıx qaynayıb-qarışmış azərbaycanlı əhalinin kompakt yaşadığı bölgə. Qaraçöp Eli Saqareco bələdiyyəsi ərazisinin şərqində, İori (gürcü: იორი, azərbaycan: Qabırrı) çayının sağ tərəfində yer alır.
Qaraçöp Elinin əhalisi Saqareco bələdiyyəsinə aid rəsmi adları Qazlar (gürcü: კაზლარი, rus: Казлари), Tüllər (gürcü: თულარი, rus: Тулярь, Тулари), Ləmbəli (gürcü: ლამბალო, ქვემო ლამბალო, rus: Ламбали, Ламбало), Keşəli (gürcü: ქეშალო, rus: Кешали, Кешало), Muğanlı (gürcü: მუღანლო, იორმუღანლო, rus: Муганли, Муганло), Çiçmatian (gürcü: წიწმატიანი, rus: Цицмадиань, Цицматиани), Düzəyrəm (gürcü: დუზაგრამა rus: Аграмь, Дузарама) və Baldoy (gürcü: პალდო, rus: Палдо) olan kəndlərində məskunlaşıb.
Gürcüstan Respublikasında əhalinin siyahıyaalma məlumatlarına əsasən, 2014-cü ildə həmin kəndlərdə daimi yaşayanların sayı 16871 nəfər olmuşdur.
Qaraçöp Elində məskunlaşmaya XIX əsrin birinci qərinəsinin sonlarında başlanmışdır. Bu proses həmin dövrlərdə Rusiya İmperiyasının bölgədə həyata keçirdiyi köçürmə və yerli resursların İmperiyanın mənafelərinə uyğun istifadəsi siyasəti çərçivəsində baş tutmuşdur. 1830-cu illərdən başlayaraq o dövrdə yaradılmış Gürcüstan Quberniyasının əsasən Borçalı inzibati ərazisindən (rus: Борчалинская дистанция) rəsmi dövlət sənədlərində milliyyəti “tatar” adlandırılan türk-azərbaycanlı maldar ailələrin mövcud olan boş otlaq (qışlaq) sahələrindən istifadə məqsədilə Sığınaq (rus: Сигнахъ, gürcü: სიღნაღი) Qəzası ərazisinə köçürlməsinə başlanmışdır. Cənubi Qafqaz Rusiyaya birləşdirildikdən sonra müsəlman-azərbaycanlı əhalinin əlverişsiz və həyat fəaliyyəti üçün az yararlı olan torpaqlara sıxışdırılması siyasəti aparılırdı. Sığınaq qəzasına azərbaycanlıların köçürülməsinin də həmin siyasətə uyğun həyata keçrildiyini demək mümkündür.