Qopuz
Qopuz — türk milli simli çalğısı.
== Etimologiya ==
Ola bilsin, "qopuz" sözünün etimologiyası qop qədim türkcədə "ucalıq", "yüksəklik", uz isə "avaz", "sehrli musiqi ahəngi" mənasını verir.
Sözün başqa etimoloji açıqlamaları da olmuşdur:
Bang W. kop- (durmaq, qalxmaq) köküylə bağlayır.
Ramstedt G. J. monqol qugur, qırğız qobuz və b. çin hu (tel, sim) sözləri arasında yaxınlıq görürdü; Joki A. J. bu baxışın tutarsız olduğunu göstərmişdir.
== Tarixi ==
Qopuzun yaranma tarixi eramızdan çox-çox əvvəllərə aid edilir. Alət haqqında ilk məlumata uyğur Koço dövlətinə elçi göndərilmiş Vanyen-Tenin (982 il) kitabında rast gəlirik. Onun yazdıqlarına görə, uyğurların mahnı oxuyarkən çaldıqları əsas musiqi aləti qopuzdur.
ABŞ arxeoloqlarının 1960-cı ildə Cənubi Azərbaycanın Şuşdağı ətəyində yerləşən Cığamış qədim insan məskənində apardıqları qazıntılar zamanı e.ə. VI minilliyə aid edilən nadir mədəniyyət nümunələri aşkar edilmişdir.