QOVUŞMAQ
QOVUŞUQLUQ
OBASTAN VİKİ
Qovuşuq
Qovuşuq (Laçın) — Azərbaycan Respublikasının Laçın rayonu Hacıxanlı kənd inzibati ərazi dairəsində kənd. Qovuşuq (Dərələyəz) — Dərələyəz mahalının Keşişkənd rayonuda kənd.
Qovuşuq (Dərələyəz)
Qovuşuq — Dərələyəz mahalında kənd. Qovuşuq - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor) rayonunda kənd. Rayon mərkəzindən 10 km şimal-şərqdə, Alagöz çayının sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsində Qovşuq, erməni mənbələrində Qavuşuq, Kavuşuq formasında qeyd edilmişdir. Tarixi mənbələrdə X əsrdən adı çəkilir və XVII əsrdə yenidən bərpa edilmişdir. Kənddə 1831-ci ildə 96 nəfər, 1873-cü ildə 158 nəfər, 1886-cı ildə 190 nəfər, 1897-ci ildə 232 nəfər, 1904-cü ildə 172 nəfər, 1914-cü ildə 190 nəfər, 1916-cı ildə 376 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə kənd əhalisi erməni təcavüzünə məruz qalaraq deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalan kənd sakinləri öz evlərinə dönə bilmişdir. Burada 1922-ci ildə 138 nəfər, 1926-cı ildə 260 nəfər, 1931-ci ildə 325 nəfər, 1987-ci ildə 800 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabr ayının axırlarında Qovuşuq kəndinin sakinləri Ermənistan dövləti tərəfindən zorla ata-baba torpaqlarından deportasiya olunmuşdur.
Qovuşuq (Laçın)
Qovuşuq — Azərbaycan Respublikasının Laçın rayonu Hacıxanlı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Laçın rayonunun Şəlvə kənd Sovetindən Qovuşuq kəndi Hacıxanlı kənd Sovetinin tərkibinə verilmişdir. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. Yaşayış məntəqəsi XIX əsrdə Ağdərə rayonunun Gilətağ kəndindən köçmüş ailələrin Qovuşuq (Murovdağdan axan Mixtökən və Nərdivan çaylarının birləşərək Şəlvə çayının əmələ getirdiyi yer) adlı ərazidə məskunlaşması nəticəsində yaranmışdır. Qovuşuq XIX əsrdə Zəngəzur qəzasında yaşayan qarabayramlı tayfasının qışlağının adı idi. XIX əsrin ortalarında cəmi 4 ailədən ibarət olmuşdur. Kənd coğrafi movqeyinə görə belə adlandırılmışdır. Kəndin adının "qov" adlı qıpçaq tayfası və uşuq/şuq şəkilçisi vasitəsilə yarandığı da ehtimal olunur. Kənd Mıxtökən silsiləsinin ətəyində yerləşir.

Значение слова в других словарях