Georgi Qurciyev
Georgi Qurciyev (13 yanvar 1866, 1872 və ya 27 dekabr 1877, Gümrü – 29 oktyabr 1949[…], Nöyi-sür-Sen) - XX əsrin birinci yarısında məşhur olmuş olan ruhani müəllim, quru və yazıçıdır. O, Qafqazda dünyaya gəlsə də, uşaqlığı Qarsda keçmişdir. O, "insan həyatının məqsədi nədir?" sualına cavab tapmaq istəmiş və axtardığı sualın cavabını yalnız qədim adət-ənənələrdə tapacağını düşünərək həqiqətə çatmaq üçün təxminən iyirmi ilə yaxın bir müddət ərzində Hindistan, Tibet, Mərkəzi Asiya, Anadolu və Misiri gəzmişdir. O, faqirlərdən (bədənə nəzarətə diqqət yetirənlər), rahiblərdən (emosiyalara nəzarətə diqqət yetirənlər) və yoqilərdən (zehni idarə etməyə diqqət yetirənlər) təsirlənmiş, lakin səyahətinin sonunda Dördüncü Yol adlı özünəməxsus bir təlim yaratmışdır. Dördüncü yolun digər üç yoldan əsas fərqi ondan ibarət idi ki, o, gündəlik həyatda tətbiq oluna bilərdi və bədən, hisslər və ağıl arasında tarazlığın yaradılmasına əsaslanırdı. O, insanların hipnoz vəziyyətinə oxşar olan bir yuxu vəziyyətində olduqlarını və onun Dördüncü Yolunun insanları bu vəziyyətdən xilas edib, şüur səviyyəsini tam qaldıracağını müdafiə etmişdir. O, ömrünün sonuna kimi bu təlimini qərb dünyasında tanıtdırmaq üçün çalışmışdır.
== Həyatı ==
=== Qurciyevin uşaqlıq illəri ===
Qurciyev XIX əsrin son rübündə Rusiya imperiyasının Aleksandropol şəhərində (indiki Ermənistanın Gümrü şəhəri) anadan olmuşdur. Atası yunan, anası isə erməni mənşəlidir. Onun dünyaya gəldiyi tarix dəqiq olaraq məlum deyildir.