Eldar Ağayev (milli qəhrəman)
Eldar Əsgər oğlu Ağayev (29 sentyabr 1955, Tbilisi – 17 may 2013, Bakı) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi iştirakçısı.
== Həyatı ==
Eldar Ağayev 1955-ci il 29 sentyabrda Gürcüstan SSR Tbilisi şəhərində hərbçi ailəsində dünyaya gəlmişdir. O, 6 yaşı olanda atasının hərbi xidmətinin başa çatması ilə əlaqədar ailəsi ilə birlikdə Bakıya köçür. 1962-ci ildə Eldar burada 20 saylı orta məktəbə getmiş, sonra təhsilini 134 saylı məktəbdə davam etdirmişdir. 1972-ci ildə Bakı Ümumqoşun komandirlər məktəbinə daxil olmuşdur. 1976-cı ildə təhsilini başa vurub motoatıcı ixtisası ilə Kalininqrad vilayətinin Qusev şəhərində hərbi xidmətə başlamışdır. O,1978-ci ildə Kamçatka yarımadasında, 1981–1984-cü illərdə Amur vilayətinin Obluçye şəhərində motoatıcı bölüyünün komandiri, 1984–1986-cı illərdə isə məhdud sovet qoşunları tərkibində Əfqanıstanda 395-ci motoatıcı taborunun kəşfiyyat rəisi, sonra isə həmin alayın kəşfiyyat bölüyünün komandiri olmuşdur. E. Ağayev Əfqanıstanda xidmətini başa vurduqdan sonra Kalininqrad şəhərinə göndərilmişdir. O, 1989-cu ilə qədər burada motoatıcı alayın kəşfiyyat rəisi vəzifəsində çalışmışdır. Bu müddətdə təhsilini davam etdirmiş, Solneçnoqorsk şəhərində Ali Zabitlər Kursunu bitirmiş, sonra xidmətini Almaniyada yerləşən Qərb Qoşun Qrupunda davam etdirmişdir.