Rutil
Rutil — tetraqonal sinqoniya. Rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən.
İlmenorutil (14-20% Nb2O5 və 11-14% Fe2O3); niqrin ( ~11% Fe); strüverit (15,44 % Ta2O5 və 8,64 % Nb2O5).
Rəng – qırmızı, qırmızımtıl - qəhvəyi, qırmızımtıl-qonur, qonur, qonuru-sarı, qara, bəzən rəngsiz; Mineralın cizgisinin rəngi – sarıdan açıq qəhvəyiyədək, qırmızımtıl-qəhvəyi; Parıltı – yarımmetal, almaz; Şəffaflıq – qeyri-şəffaf, yarımşəffaf, nazik qırıntıları işıq keçirir; Sıxlıq – 4,2-4,3; Sərtlik – 6,0-6,5; Kövrəkdir; Ayrılma – {110} üzrə mükəmməl, {100} üzrə orta; Sınıqlar – qeyri-hamar, qabıqvari; Başqa xassələr – yarımkeçiricidir; Morfologiya – kristallar: vertikal cizgili, tetraqonal-prizmatik, sütun - və iynəvari; İkiləşmə: xarakterik dirsəkvari; tez-tez iynəvari rutilin saqenit adlanan yastı şəbəkəli ikiləşmə bitişikləri qeyd edilir; bəzən təmas üçləşmələri və həlqəşəkilli altılaşmalar; Mineral aqreqatları: dənəvər kütlələr, püruzlar, şəffaf kvarsda nazik tükəbənzər rutil kristallarının dəstəşəkilli əmələgəlmələri.
Genetik cəhətdən müxtəlif olan rutil yataqlarından ən mühumləri amfibolitlər, ekloqitlər, qneyslər, kvarsitlər, fillitlər, mikalı şistlər və b. içərisində yerləşən metamorfik yataqlardır. Mineralın tükcükvari və yaxşı təraşlanmış kristalları çox vaxt alp tipli kvars damarlarında qeyd edilir. Aksessor mineral kimi müxtəlif intruziv süxurlarda müşahidə olunur. Az miqdarda peqmatitlərdə, hidrotermal filiz damarlarında, çökmə süxurlarda, nadir hallarda sulfid yataqlarının oksidləşmə zonasında, ay süxurlarında qeyd edilir. Mineralın ən iri yığınları sahilyanı dəniz səpintiləri ilə – «qara qumlar»la əlaqədardır.