Sücəddinov, Qorxmaz Məmməd Tağı oğlu
Sücəddinov (Əsgərbəyli) Qorxmaz Məmməd Tağı oğlu (16 aprel 1932, Gəncə – 22 aprel 2010, Bakı) — azərbaycanlı, sovet heykəltaraşı, Azərbaycan SSR əməkdar rəssamı (1982).
Qorxmaz Sücəddinov 16 aprel 1932-ci ildə Azərbaycan SSR Gəncə şəhərində, Kənd Təsərrüfatı İnstitutunun torpaqşünaslıq kafedrasının professoru Tağı Əsgərbəylinin ailəsində anadan olmuşdur. 1937-ci ildə Qorxmazın atası yalan donos əsasında repressiyaya uğramış və sonradan Komi MSSR-də düşərgədə həlak olmuşdur. Stalin öldükdən sonra Xruşovun "mülayim hava" dövründə ölümündən sonra ona bəraət verilmişdir.
Nənəsi, "vətən xaini"nin oğlunun həmişə "təcrid" olunacağından qorxaraq, nəvəsinə öz "Sücəddinov" soyadını vermiş və onu Bakıya gətirmişdir. Burada o, dayısı Yaqub Sücəddinovun ailəsində böyümüş və tərbiyə almışdır.
Müharibədən sonrakı çətin həyat şəraitinə baxmayaraq, oğlanda rəsmə həvəs yaranır və o, Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində oxumağa başlayır. Məktəbi müvəffəqiyyətlə bitirdikdən sonra Qorxmaz Lvovdakı Tətbiqi və Dekorativ Sənət İnstitutuna qəbul olunur, oradan Tbilisi Dövlət Rəssamlıq Akademiyasına köçürülür və burada onun mentoru məşhur heykəltaraş Konstantin Mixayloviç Merabişvili olur.
Qorxmaz Sücəddinovun ilk peşəkar işi bu gün Bakı şəhərinin simvollarından biri sayılan "Bəhram Gur" dekorativ fəvvarəsidir. Son işlərindən biri isə – Azərbaycanın xalq artisti, məşhur "qayınana" Nəsibə Zeynalovanın qəbirüstü abidəsi və xatirə lövhəsidir.