Heydər Əliyev Muzeyi (Siyəzən)
Heydər Əliyev Muzeyi — Azərbaycanın Siyəzən rayonunda Azərbaycan Respublikasının Ümummilli Lideri Heydər Əliyevin həyat və fəaliyyətini, zəngin dövlətçilik irsini özündə təcəssüm etdirən muzey.
Ümumilikdə Heydər Əliyev mərkəz və muzeyləri Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin dövlətçilik məfkurəsinin dərindən öyrənilməsi, geniş təbliği, Azərbaycan tarixi və dilinin, mədəniyyətinin, milli-mənəvi dəyərlərinin yaşadılması istiqamətində sistemli fəaliyyət göstərir.
Azərbaycanda Heydər Əliyev muzeylərinin təşəbbüskarı və yaradıcılarından biri Quba Heydər Əliyev Mərkəzinin direktoru Elza Orucova olmuşdur.
Heydər Əliyev muzeylərinin mahiyyət etibarı ilə mərkəz kimi fəaliyyət göstərdiyini, onların regionlarda ictimai-siyasi və mədəni mərkəzlər kimi mühüm rol oynadığını nəzərə alaraq, habelə yerlərdən daxil olan çoxsaylı müraciətlərə əsasən Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin müvafiq əmri ilə Heydər Əliyev Muzeyləri mərkəz adlandırılmışdır.
== Haqqında ==
3 mərtəbədən və 14 otaqdan ibarət olan Siyəzən rayon Heydər Əliyev Mərkəzinin müasir orijinal layihə əsasında inşasına 2013-cü ilin yanvar ayında başlanmış və iyul ayında başa çatdırılmışdır. Ümumi sahəsi 1200 m2 olan Mərkəzdə dünya şöhrətli siyasi xadim Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən kitablar, fotolar, fəxri diplomlar və digər sənədlər sərgilənir. Fotolarda Ulu Öndərin uşaqlıq, yeniyetməlik, tələbəlik illəri, Dövlət Təhlükəsizlik Komitəsində işlədiyi, Azərbaycan Kommunist Partiyasının birinci katibi olduğu dövrlərdə Siyəzən rayonuna səfərləri əks olunmuşdur. Mərkəzdə, həmçinin Ümummilli Lider Heydər Əliyevin SSRİ Nazirlər Soveti sədrinin birinci müavini, müstəqil Azərbaycan Respublikasının Prezidenti olduğu dövrlərdə Siyəzənə səfərlərini əks etdirən fotolar yer almışdır.
Binanın I mərtəbəsində Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdiren foto və sənədlərdən ibarətdir. Mərkəzdə ümumilikdə 449 eksponat vardır.