Demokratiya
Demokratiya (yun. demos — xalq və yun. kratos — hakimiyyət), Elərkillik cəmiyyətin siyasi təşkili forması; xalqın hakimiyyət mənbəyi kimi tanınmasına, dövlət işlərinin həllində iştirak etmək hüququ olmasına və vətəndaşlara geniş hüquq və azadlıqlar verilməsinə əsaslanır. Demokratiya azadlıqlar arasında vətəndaşların nümayəndəli dövlət orqanlarına seçmə və seçilməyi, söz, mətbuat, yığıncaq, mitinq və nümayişlər azadlıqları, vətəndaşların hüquq bərabərliyi, şəxsiyyət və mənzil toxunulmazlığıdır.
== Demokratiya — insan şəxsiyyətinə hörmətdir ==
Demokratiyanın əsasını şəxsiyyətin azadlıq hüququ, insanın şəxsiyyətinə hörmət təşkil edir. Ümumdünya insan haqqları Bəyannaməsinin müqəddiməsində oxuyuruq: "… bəşəriyyət dediyimiz bir ailənin bütün üzvlərinin ləyaqətinə, onların bərabər və ayrılmaz hüquqlarına hörmət etmək azadlığın, ədalətin və ümumi sülhün əsasını təşkil edir".
Demokratiya dərisinin rəngindən, cinsindən, dilindən, dinindən, ictimai vəziyyətindən, mülki vəziyyətindən və silkindən asılı olmayaraq bütün vətəndaşların bərabərliyini nəzərdə tutur. Lakin bərabərlik sözünü geniş mənada başa düşmək lazımdır: bu, həm imkanların bərabərliyidir, həm qanun qarşısında bərabərlikdir, həm də nümayəndəlik bərabərliyidir.
Demokratiyadan danışarkən biz, hər şeydən əvvəl, insanın müəyyən (ayrı-ayrı ölkələrdə müxtəlif) mexanizmlərin vasitəsilə dövlətin idarə edilməsində iştirakını, bu və ya digər kollektivin bərabər hüquqlu üzvü olmasını, öz mövqeyini ifadə etmək və eşidilə bilmək imkanını nəzərdə tuturuq.
Bu o deməkdir ki, demokratiyanı seçərkən biz bütün vətəndaşların bərabərliyinə inam hissindən çıxış edirik.