Əlisöhbət Sumbatzadə
Sumbatzadə Əlisöhbət Sumbat oğlu (8 (21) yanvar 1907, Əmircan, Bakı qəzası – 28 yanvar 1992, Bakı) — tarix elmləri doktoru (1948), professor (1954), AMEA-nın müxbir üzvü (1954), həqiqi üzvü (1958), Azərbaycan SSR-nin (5-ci çağırış) deputatı və Rəyasət heyətinin üzvü (1959–1963), görkəmli Azərbaycan iqtisadçısı və tarixçisi.
== Həyatı ==
Əlisöhbət Sumbatzadə 21 yanvar 1907-ci ildə Bakının Əmircan kəndində anadan olmuşdur. O, 1921–1926-cı illərdə Azərbaycan Dövlət Pedaqoji Kollecində, 1926–1930-cu illərdə isə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin tarix-etnologiya şöbəsində təhsil almışdır.
== Fəaliyyəti ==
=== Əmək fəaliyyəti ===
Əlisöhbət Sumbatzadə 1958-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda "Yaxın və Orta Şərq ölkələrində milli azadlıq və fəhlə hərəkatı" probleminin rəhbəri, 1959–1963-cü illərdə Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda şöbə müdiri vəzifəsini icra etmişdir. 1957–1959-cu illərdə Azərbaycan SSR EA-nın vitse prezidenti olmuşdur. 1959–1963-cü illərdə Azərbaycan SSR Ali Sovetinin (V çağırış) deputatı və Rəyasət Heyətinin üzvü seçilmiş, 12 cildlik "SSRİ tarixi"nin baş redaksiya heyətinin, ASE elmi redaksiya şurasını üzvü olmuşdur.
Sumbatzadə 1963–1969-cu illərdə Elmlər Akademiyasının Yaxın və Orta Şərq xalqları İnstitutunun direktoru, 1970–1972-ci illərdə EA-nın Tarix İnstitutunun direktoru vəzifəsini yerinə yetirmişdir. O, 1970–1981-ci illərdə AMEA-nın İctimai Elmlər bölməsinin akademik katibi, 1982–1992-ci illərdə İctimai elmlər üzrə Elmi Məlumat Mərkəzində şöbə müdiri vəzifələrində işləmişdir.
=== Elmi fəaliyyəti ===
Əlisöhbət Sumbatzadə 1930-cu ildə namizədlik, 1948-ci ildə doktorluq dissertasiyalarını müdafiə etmiş, 1954-cü ildə professor elmi rütbəsini almışdır. Həmin ildə Azərbaycan SSR EA-nin müxbir üzvü, 1958-ci ildə isə həqiqi üzvü seçilmişdir.