Sülhəddin Əkbər
Sülhəddin Bayram oğlu Əkbərov və ya Sülhəddin Əkbər (1960, Noraşen) — Azərbaycan Demokrat Partiyasının həmtəsisçisi və həmsədri, Müsavat Partiyasının keçmiş başqan müavini, rəsmi dövlət qeydiyyatında olmamış Açıq Cəmiyyət Partiyasının keçmiş sayca ikinci və sonuncu sədri, Azad Demokratlar Partiyasının qurucusu və sədri.
== Həyatı ==
Sülhəddin Bayram oğlu Əkbərov 1960-cı ildə Şərur rayonunda anadan olub. İxtisasca həkimdir.
== Siyasi fəaliyyəti ==
1990-cı il Azərbaycan SSR Ali Sovetinə keçirilən seçkilərdə 346 nömrəli Qıvraq seçki dairəsindən deputat seçilmişdir.
26 noyabr 1991-ci ildə təşkil olunan Azərbaycan Respublikasının Ali Sovetinin Milli Şurasına daxil edilmişdir.
Azərbaycan Demokrat Partiyası 26 yanvar 1991-ci ildə Naxçıvan Xalq Cəbhəsi İdarə Heyətinin sabiq üzvü Sərdar Cəlaloğlu daxil olmaqla 27 nəfərin iştirakı ilə Naxçıvan şəhərində təsis olunmuşdur. Partiyanın təsisçiləri arasında Sülhəddin Əkbər də olmuşdur. Partiyanın qurucularından və sədr müavini olmuş Sülhəddin Əkbərin 1992-ci ildə milli təhlükəsizlik nazirinin müavini təyin olunması və Müsavat Partiyasının bərpa prosesində iştirak etməsi partiyanın qərarlarına tabe olmama kimi dəyərləndirilmişdir. Bu səbəbdən o, Azərbaycan Demokrat Partiyası İdarə Heyəti tərəfindən partiyadan uzaqlaşdırılmışdır.
16 may 1992-ci ildə Milli Təhlükəsizlik nazirinin 1-ci müavini təyin olunmuşdur.