Səfiəddin Urməvi
Səfiəddin Urməvi (təq. 1216[…], Urmiya – 1294, Bağdad) – Mənşəcə Güney Azərbaycandan olan, Şərq aləmində istedadlı musiqiçi və mahir xəttat kimi böyük şöhrət qazanmış alim.
Şərq dünyasının ən məşhur musiqiçi və musiqişünaslarından sayılan Səfi əd-Din Əbdülmömin ibn Yusif ibn Faxir Urməvi Urmiya şəhərində 1216-cı ildə anadan olmuşdur.
İbtidai təhsilini öz vətənində almış, musiqi savadının əlifbasını və udda çalmağı da burada öyrənmişdir. Sonradan Ərəb Xilafətinin paytaxtına, bütün Yaxın və Orta Şərqin elm və mədəniyyət mərkəzi olan əfsanəvi Bağdad şəhərinə gələrək, dəvrünün ən yaxşı universitetlərindən sayılan "Müstənsəriyyə"də təhsilini davam etdirmişdir.
O, burada fəlsəfənin, məntiqin, tibbin, riyaziyyatın, astronomiyanın və dillərin əsasları ilə tanış olur. Musiqi sənətini öyrənməkdə davam edən Səfiəddin xəttatlıqda da böyük uğur qazanır. Təsadüfi deyil ki, əvvəlcə o, musiqi sahəsində deyil, xəttat kimi şöhrət tapır və Abbasilər sülaləsinin son nümayəndəsi xəlifə əl-Müstəsimin sarayına dəvət olunur. Az vaxtda xəlifənin yaxın əhatəsinə daxil olan sənətkar bir müddətdən sonra saray kitabxanasının rəhbəri və baş xəttat təyin olunur. Kitabların üzünü köçürmək və kitabxana rəhbərliyi Səfiəddini musiqi təhsilini davam etdirməkdən yayındırmır, əksinə zəngin kitab xəzinəsində o, öz biliyini artırır, eləcə də saraydakı qəbullar zamanı ud çalması ilə hamının rəğbətini qazanır.