Səksənillik müharibə
Niderland burjua inqilabı və ya Səksən illik müharibə (1568–1648) (nid. Tachtigjarige Oorlog) — Niderlandda Avropanın ilk uğurlu burjua inqilabı. Xarici istibdad altında olan ölkədə baş verən bu inqilab, müstəqillik uğrunda mübarizə formasını almış və kalvinizmin ideoloji bayrağı altına keçmişdi. İnqilab ancaq ölkənin şimalında qalib gəldi, çünki burada onun qələbəsi üçün bütün sosial, iqtisadi, siyasi şərtlər yetişmişdi.
XV əsrdə Niderland Burqund dövlətinin tərkibinə daxil idi, onun dağılmasından sonra isə (1477) sülalə uniyasına görə Habsburqların hakimiyyəti altına keçdi.
XVI əsrdə Niderland, hazırkı ərazisindən başqa, Belçikanın, Lüksemburqun və qismən Fransanın ərazisini də əhatə edirdi. Ölkə 17 əyalətdən ibarət idi. Onlardan ən böyükləri bunlar idi: Eno (Qeneqau), Artua, Lüksemburq, Namür, Flandriya, Brabant, Niderland, Zelandiya, Frislandiya, Utrext, Helder. V Karlın taxt-tacdan imtinasından sonra Niderland II Filip İspaniyalının dövlətinə daxil oldu.
V Karl və II Filip hökumətləri Niderlandda mütləqiyyət qaydalarını qurmaq istəyi ilə, çoxşahəli bürokratik aparat yaratdılar, hansı ki II Filipin vaxtında ona Parmalı Marqarita başçılıq edirdi.