Xəzər Topdansatış Əməliyyat Cəmiyyəti
Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı (1920-1996-cı illərdə Azərbaycan İstehlak Cəmiyyətləri İttifaqı) və ya qısaca Azərittifaq — 1920-ci ildə Xəzər Topdansatış Əməliyyat Cəmiyyəti ittifaqının bazasında təşkil olunmuş qurum.
== Tarixi ==
=== Sələfi ===
Azərbaycanda kooperasiya hərəkatı neft mədənləri rayonlarında (Balaxanı, Bibiheybət) fəhlə istehlak kooperativlərinin təşkili ilə başlamışdır. İlk istehlak cəmiyyəti Bakıda (1887), daha sonra isə Xankəndidə (1899) yaradılmışdır. 1915-ci ilin mayında Bakının 12 istehlak cəmiyyəti (10 mədən-zavod və 2 şəhər) birləşərək "Topdansatış Əməliyyatları Cəmiyyəti-Kooperasiya" adlı istehlak cəmiyyətləri ittifaqını yaratdılar. Həmin il dekabr ayının ayının ortalarında həmin cəmiyyət özündə 18 istehlak cəmiyyətini özündə birləşdirirdi. 1916-cı ilin dekabrında isə onların sayı 48-ə çatmışdı. 1917-ci ilin iyulunda Tiflis və İrəvan quberniyalarının ittifaqın tərkibinə daxil olması ilə əlaqədar müvəkillərin növbəti yığıncağında ittifaq "Xəzər İstehlak Cəmiyyətləri İttifaqı" (mərkəzi idarəsi Bakıda olmaqla) adlandırıldı.
1918-ci ilin əvvəlində Azərbaycanda artıq 287 istehlak cəmiyyəti fəaliyyət göstərirdi. Onların yarıdan çoxunu, təxminən 56 faizini kənd istehlak cəmiyyətləri, 32 faizini şəhər, 10 faizini isə mədən-zavod cəmiyyətləri təşkil edirdi. Rusiyada baş verən inqilab ərzaq böhranı yaradmaqla, bu cəmiyyətlərin dağılmasına səbəb oldu.