Çingiz Qaçar
Çingiz Oveys oğlu Qacar (6 iyun 1929, Bakı – 12 iyun 2021, Bakı) — Azərbaycanlı fizik, ictimai xadim, publisist, "Şöhrət" ordeni laureatı, əməkdar elm xadimi, AMEA həqiqi üzvü və AMEA Fizika İnstitutunun keçmiş direktoru və "Molekulyar spektroskopiya laboratoriyasının" keçmiş rəhbəri.
== Həyatı ==
=== Erkən illəri ===
Çingiz Oveys oğlu Qacar 1929-cu il iyunun 6-da Bakı şəhərində anadan olub. Onun ulu babası məşhur Qacarlar sülaləsinin ziyalı nümayəndələrindən olan Bəhmən Mirzə Qacar idi. Ç. Qacar orta məktəbi bitirdikdən sonra təhsilini 1947–1953-cü illərdə Leninqrad Politexnik İnstitutunda texniki fizika ixtisası üzrə davam etdirib. O, institutu bitirdikdən sonra, 1953-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının Fizika-Riyaziyyat İnstitutunun Radiofizika laboratoriyasında işləməyə başlamışdır.
=== Elmi fəaliyyəti ===
Əmək fəaliyyətinə 1953-cü ildən Azərbaycan Elmlər Akademiyası Fizika İnstitutunun Radiofizika laboratoriyasında başlayan Çingiz Qacar burada kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi olub. 26 fevral 1971-ci ildən "Mikrodalğalı spektoroskopiya" laboratoriyasına rəhbərlik edib.
1970-ci ildə Azərbaycan Dövlət Universitetinin Fizika-riyaziyyat fakültəsində dərs deyib.
1973-cü ildə "Bəzi biratomlu spirtlərin və onların əvəzedicilərinin mikrodalğalı spektoroskopiyası" mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.
O, elmi fəaliyyətini 1973-cü ildən SSRİ Müdafiə Sənayesi Nazirliyi Tədbiqi Fizika İnstitutunun filialinda davam etdirib.