sif. 1. Az pula satılan, qiyməti aşağı olan, dəyəri baha olmayan (baha ziddi). Ucuz palto. Ucuz parça. Ucuz enerji.
– Ucuz ətin şorbası olmaz. (Məsəl).
Söz yox, ulaq atdan yaxşıdır.
Əvvələn, ondan ötrü, ulaq atdan ucuzdu. C.Məmmədquluzadə.
Burada nisbətən ucuz qiymətə şərab da tapmaq olurdu. Ə.Əbülhəsən.
İndi o qədər ov tüfəngi var ki, özü də qiymətdə ucuz. M.Rzaquluzadə.
// Zərf mənasında.
[Cavad ağa:] Taxılı ucuz buraxın, çox buraxın, çörək də ucuz olsun. M.S.Ordubadi.
Malı ucuz alıb, baha satanlar; Dəllaldır, onları cilovlayaq biz. B.Vahabzadə.
2. məc. Zəhmətsiz, əziyyətsiz, asanlıqla əldə edilən (başa gələn). Ucuz şöhrət ardınca qaçmaq. Ucuz qazanc.
– [Leyla:] De ki, üz döndərib məhəbbətimdən; Ucuz şöhrətlərə əyilmərəm mən! B.Vahabzadə.
// məc. Heç bir qiyməti, dəyəri olmayan; dəyərsiz, əhəmiyyətsiz, boş, bayağı. Ucuz söhbətlər.
– Nahaq söz od vurar qəlbə, fəqət haq söz keçər daşdan; Ucuz söz qan qaraldar ki, küsərsən dostla sirdaşdan. S.Vurğun.
◊ Ucuz başa gəlmək (oturmaq) – zəhmətsiz, əziyyətsiz, asanlıqla başa gəlmək, əldə edilmək.
Lakin Əmir Həşəməti və onun təşkilatını dağıtmaq təşəbbüsü çar konsuluna ucuz oturmadı. M.S.Ordubadi.
Ucuz qurtarmaq – xoşagəlməz, yaxud xətərli bir işdən, hadisədən çox asanlıqla, başına bir iş gəlmədən qurtarmaq.
Ucuz olmaq məc. – qiymətdən düşmək, yüngül olmaq, hörmətdən düşmək, heysiyyətini, mənliyini itirmək.
Təmkini cünunə qılma təbdil; Qızsan, ucuz olma, qədrini bil! Füzuli.
Ucuz tutmaq – əhəmiyyət verməmək, saymazlıq göstərmək, qiymətləndirməmək. Onun sözlərini ucuz tutma.
– Görəsən vicdanı salırmı yada; Eşqin mənasını ucuz tutanlar?! S.Vurğun.
[Şərəfoğlu:] Haqq-sayı, yoldaşlığı, dostluğu da belə ucuz tutmaq olar? M.İbrahimov.