Dövlət Vergi Xidməti (Azərbaycan)

Vikipediya, azad ensiklopediya
Investigation11111 (müzakirə | töhfələr) (Investigation11111 (müzakirə) tərəfindən edilmiş 4936496 dəyişikliyi geri qaytarıldı.) tərəfindən edilmiş 08:10, 18 noyabr 2019 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
Vergilər Nazirliyi
  • Azərbaycan Respublikası Vergilər Nazirliyi
Loqonun şəkli
Ümumi məlumatlar
Ölkə Azərbaycan
Yurisdiksiya Azərbaycan Respublikası
Yaradılma tarixi 11 fevral 2000
Əvvəlki qurum Baş Dövlət Vergi Müfəttişliyi
Ləğv edilib 23 oktyabr 2019
Sonrakı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi
Tabelik Azərbaycan Respublikası Prezidenti
Baş qərargah Bakı, Azərbaycan
Ünvan Lev Landau küç.,16, AZ1073,

Rəsmi saytı taxes.gov.az
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Azərbaycan Respublikası Vergilər NazirliyiAzərbaycan Respublikasında aparılan vahid maliyyə və büdcə siyasəti çərçivəsində dövlət vergi siyasətinin həyata keçirilməsini, dövlət büdcəsinə vergilərin və digər daxilolmaların vaxtında və tam yığılmasını təmin edən və bu sahədə dövlət nəzarətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. 23 oktyabr 2019 il tarixində nazirlik ləğv edilmişdir.

Tarix

1919-cu il iyunun 17-də Azərbaycan Xalq Cümhuriyyəti dövründə parlamentin qəbul etdiyi qərarla Maliyyə Nazirliyinin nəzdində Vergi Müfəttişliyinin təsis olunması ilə müstəqil Azərbaycanda vergi xidmətinin ilk fəaliyyəti başlanmışdır.

1920-1991-ci illərdə Azərbaycan SSRİ-nin tərkibində olduğundan, həmin dövrdə vergi məsələləri Sovet İttifaqının vergi qanunları ilə tənzimlənmişdir.

[1990]-cı ilin iyul ayında yenidən müstəqillik əldə etdikdən sonra Azərbaycan Respublikasında vergilərin və digər icbari ödənişlərin tam və vaxtında səfərbər olunması, hüquqi və fiziki şəxslər tərəfindən vergi qanunvericiliyinə və dövlət qiymət intizamına riayət olunmasına dövlət nəzarətinin təmin edilməsi məqsədilə Respublika Maliyyə Nazirliyinin tərkibində vergi xidməti yaradılmışdır.

1991-ci ilin oktyabrında vergi qanunvericiliyinə riayət olunmasına nəzarət sisteminin təkmilləşdirilməsi, bu sahədə dövlət vergi xidmətinin rolunun gücləndirilməsi, onun müstəqil fəaliyyətinin və nəzarət işlərinin obyektivliyinin təmin edilməsi məqsədi ilə bu xidmət Maliyyə Nazirliyinin tərkibindən çıxarılmış və müstəqil orqan, Azərbaycan Respublikası Baş Dövlət Vergi Müfəttişliyi kimi fəaliyyət göstərməyə başlamışdır.

11 fevral 2000-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Baş Dövlət Vergi Müfəttişliyi ləğv edilmiş, onun bazasında ölkədə dövlətin vergi siyasətinin həyata keçirilməsini, dövlət büdcəsinə vergilərin və digər daxilolmaların vaxtında və tam yığılmasını təmin edən və bu sahədə dövlət nəzarətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı kimi Vergilər Nazirliyi yaradılmışdır.[1]

23 oktyabr 2019 - cu ildə "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi" haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti yaradılıb. [2]

Nazirliyin vəzifələri

Nazirlik Azərbaycan Respublikası Vergilər Nazirliyi haqqında qəbul edilmiş Əsasnamə ilə müəyyən edilmiş bir sıra vəzifələri həyata keçirir[3]:

  • Öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının dövlət vergilərinin və digər büdcə daxilolmalarının düzgün hesablanmasına, onların vaxtında və tam məbləğdə dövlət büdcəsinə köçürülməsinə, vergi qanunvericiliyinə riayət olunmasına nəzarət etmək;
  • Vergi qanunvericiliyi və ona edilən dəyişikliklərlə bağlı vergi ödəyicilərinə məlumatların, vergilərin hesablanması və ödənilməsi barədə onlara əvəzsiz olaraq izahatların verilməsini təmin etmək;
  • Vergi ödəyicilərinin hüquqlarının və qanuni mənafelərinin qorunmasını təmin etmək;
  • Vergi sahəsində hüquq pozuntularını doğuran səbəbləri araşdırmaq və belə halların aradan qaldırılması üçün öz səlahiyyətləri daxilində müvafiq tədbirlər həyata keçirmək;
  • Azərbaycan Respublikasının qanunvericiliyi ilə vergi orqanlarının təyinatına uyğun olaraq müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.

Nazirliyin funksiyaları

Azərbaycan Respublikası Vergilər Nazirliyi haqqında qəbul edilmiş Əsasnamə ilə müəyyən edilmiş vəzifələrə uyğun olaraq bir sıra funksiyaları həyata keçirir:

  • Azərbaycan Respublikasının vergi siyasətinin təkmilləşdirilməsi haqqında təkliflər hazırlayır;
  • Vergi münasibətlərini tənzimləyən qanunvericilik aktlarının layihələrinin hazırlanmasında iştirak edir;
  • Azərbaycan Respublikasının vergi qanunvericiliyinə riayət olunmasını, dövlət vergilərinin və ona həvalə edilmiş digər daxilolmaların düzgün hesablanmasını, vaxtında və tam məbləğdə dövlət büdcəsinə köçürülməsi ilə bağlı dövlət vergi orqanlarının işini təşkil edir;
  • Azərbaycan Respublikasının dövlət büdcəsinin vergilər üzrə daxilolma proqnozunun hazırlanmasında iştirak edir;
  • Azərbaycan Respublikasının vergi qanunvericiliyinə riayət olunmasını təmin edən tədbirlər hazırlayır və həyata keçirir;
  • Azərbaycan Respublikasının dövlət vergi orqanlarının inkişaf proqramlarının hazırlanmasında iştirak edir və onu həyata keçirir;
  • Hesablanmış və təyinatı üzrə daxil olmuş vergilərin uçotunu aparır və bu barədə Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə məlumat verir;
  • Vergi qanunvericiliyinin pozulması hallarına dair məlumatları toplayır, təhlil edir, onu qiymətləndirir və belə halların baş verməsinə gətirib çıxaran səbəblərin və şəraitin aradan qaldırılması üçün müvafiq dövlət orqanlarına təkliflər verir;
  • Vergi ödəyicilərinin, onların filiallarının, nümayəndəliklərinin və ya digər bölmələrinin uçotunu aparır;
  • Qanunvericiliyə uyğun olaraq cinayət işləri üzrə təhqiqat, istintaq aparır və əməliyyat-axtarış fəaliyyətini həyata keçirir;
  • Vergilərin və digər daxilolmaların hesablanması və ödənilməsi ilə bağlı vergi hesabatlarının, bəyannamələrin və digər sənədlərin formalarını tərtib edir;
  • Azərbaycan Respublikası dövlət vergi orqanlarının vahid avtomatlaşdırılmış məlumat sisteminin yaradılmasını təmin edir.

Struktur

24 iyul 2019 – cu ildə İlham Əliyevin sərəncamı ilə Nazirliyinin strukturu təsdiq edilib: [4]

  • Naxçıvan MR Vergilər Nazirliyi;
  • Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi;
  • Vergilər Nazirliyi yanında İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi;
  • Vergilər Nazirliyi yanında Milli Gəlirlər Baş İdarəsi;
  • Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi;
  • Vergilər Nazirliyi yanında Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarə;
  • Vergilər Nazirliyi yanında Aksizli və Markalanmalı Malların Dövriyyəsinə Nəzarət Baş İdarəsi;
  • Ərazi vergilər baş idarə və idarələri;
  • Rayon vergilər şöbələri;
  • Çağrı Mərkəzi.

Nazirliyin Tədris Mərkəzi

19 iyul 2001-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin Tədris Mərkəzi ümummilli lider Heydər Əliyevin imzaladığı «Dövlət vergi orqanlarında xidmət haqqında» Əsasnamənin təsdiq edilməsi barədə» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsinə dair 539 nömrəli Fərmana əsasən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2002-ci il 5 iyun tarixli 90 nömrəli qərarı ilə yaradılmışdır.[5]

Tədris Mərkəzinin yeni kompleksi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə Şamaxı rayonunun Nağaraxana kəndində inşa edilib. 2011-ci ilin sentyabr ayının 13-də dövlət başçısı İlham Əliyevin iştirakı ilə müasir memarlıq üslubunda tikilmiş kompleksin açılışı olub.[6]

Mərkəz yeni informasiya texnologiyalarından istifadə imkanlarını verən texniki avadanlıqlarla və müasir təlim proseslərinin həyata keçirilməsi üçün zəruri vasitələrlə təchiz edilib. Tədris Mərkəzi Şamaxıda yerləşən yeni inzibati binada öz fəaliyyətini davam etdirir. Mərkəzin məqsədi dövlət vergi orqanlarında çalışan əməkdaşların bilik və peşə hazırlığı səviyyəsinin yüksəldilməsini və təkmilləşdirilməsini, praktiki iş və idarəetmə qabiliyyətinə, yeni texnologiyalara və texniki vasitələrlə iş vərdişlərinə yiyələnməsini, eləcə də daim dəyişən və yeniləşən əmək şəraitinə uyğunlaşmasını təmin etmək üçün təhsil proseslərini həyata keçirməkdir.

Vergi inzibatçılığının təkmilləşdirilməsi ilə bağlı proqramlar

  • Azərbaycan Respublikasında vergi inzibatçılığının təkmilləşdirilməsi Dövlət Proqramı [7] (2005-2007-ci illər)
  • Vergi orqanları tərəfindən vergi ödəyicilərinə göstərilən xidmətlərin inkişafı Konsepsiyası [8] (2011-2015-ci illər)
  • Vergi sisteminin inkişaf strategiyası [9](2013-2020-ci illər üçün Strateji Plan).

Nazirliyin informasiya resursları

“Vergilər.az” onlayn qəzeti [10] - 11 fevral 2000-ci ildən “Vergilər” qəzeti dərc edilməyə başlayıb. 1 yanvar 2019-cu ildən “Vergilər” qəzetinin çap versiyasını əvəz edən “Vergiler.az” onlayn qəzet fəaliyyətə başlayıb. “Vergilər.az” onlayn qəzeti iqtisadi proseslər, vergi sahəsində baş verən yeniliklər barədə xəbərlər, məqalələr və müsahibələrin yer aldığı onlayn xəbər resursudur.[11]

“Azərbaycanın vergi jurnalı” - 1 iyul 2003-cü ildə “Azərbaycanın vergi jurnalı” Vergilər Nazirliyi tərəfindən təsis edilib. Jurnal rübdə bir dəfə 158 səhifə həcmində 1000 nüsxə tirajla nəşr edilir. “Azərbaycanın vergi jurnalı” Vergilər Nazirliyinin resenziyalı elmi nəşridir. Jurnalda əsasən vergiqoymanın müasir problemlərini və vergi işinin ümumkonseptual məsələlərini optimal nəzəri və praktiki uzlaşmada elmi-metodoloji cəhətdən ifadə edən məqalələrin dərcinə üstünlük verilir. Həmçinin iqtisadiyyatın digər sahələrilə bağlı yazılmış orjinal məqalələrin dərcinə də yer verilir.[12]

Beynəlxalq reytinqlər

Dünya Bankı tərəfindən hazırlanmış biznes mühitinin əlverişliliyi üzrə qiymətləndirməni özündə əks etdirən «Doing Business 2019» hesabatında Azərbaycan Respublikasının mövqeyi 190 ölkə arasında 25-ci yerə yüksəlib . “Doing Business 2019” hesabatında 2 indikator «Biznesə başlama»  (ing.)[13] və «Vergilərin ödənişi»  (ing.)[14] birbaşa vergi məsələlərinə aiddir. Azərbaycan hər iki göstərici üzrə mövqeyini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb, “Biznesə başlama” üzrə son bir ildə 18-ci yerdən 9-cu yerə, “Vergilərin ödənilməsi” indikatoru üzrə 35-ci yerdən 28-ci yerə yüksəlib. (rus.)[15] (ing.)[16]

“Doing Business” hesabatlarında “Biznesə başlama” indeksi üzrə göstərici

  • 2015 – 12-ci yer
  • 2016 – 7-ci yer
  • 2017 – 5-ci yer
  • 2018 – 18-ci yer
  • 2019 – 9-cu yer

“Vergilərin ödənilməsi” indeksi üzrə göstərici

  • 2015 – 33-cü yer
  • 2016 – 34-cü yer
  • 2017 – 40-cı yer
  • 2018 – 35-ci yer
  • 2019 – 28-ci yer

İstinadlar

  1. Vergilər Nazirliyinin tarixi
  2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
  3. Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
  4. Azərbaycan Respublikası Vergilər Nazirliyinin strukturunun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
  5. «Dövlət vergi orqanlarında xidmət haqqında» Əsasnamənin təsdiq edilməsi barədə» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsinə dair 539 nömrəli Fərman
  6. Prezident İlham Əliyev Şamaxıda Vergilər Nazirliyinin Tədris Mərkəzinin açılışında iştirak etmişdir
  7. Azərbaycan Respublikasında vergi inzibatçılığının təkmilləşdirilməsi Dövlət Proqramının (2005-2007-ci illər) təsdiq edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
  8. Vergi orqanları tərəfindən vergi ödəyicilərinə göstərilən xidmətlərin inkişafı Konsepsiyası
  9. Vergi sisteminin inkişaf strategiyası
  10. “Vergilər.az” onlayn qəzeti
  11. Vergilər Nazirliyinin qəzeti elektron versiyaya keçdi
  12. "Azərbaycanın vergi jurnalı"nın Wikipedia səhifəsi
  13. Doing Business: Starting business indicator
  14. Doing Business: Paying taxes indicator
  15. ВБ 2019 Показатель благоприятности условий ведения бизнеса
  16. DB 2019 Ease of Doing Business Score

Xarici keçidlər