Çərəkdar monastırı — Ağdərə rayonunun Çərəkdar kəndində yerləşən tarix-memarlıq abidəsi. İnşaat kitabəsində verilən məlumata görə, kompleksin baş kilsəsi 1260-cı ildə inşa edilmişdir.
Çərəkdar monastırı | |
---|---|
Ölkə | Azərbaycan |
Şəhər | Kəlbəcər |
Yerləşir | Çərəkdar kəndi |
Aidiyyatı | Alban Həvari Kilsəsi |
Tikilmə tarixi | XIII əsr |
|
|
İnşaat kitabəsində verilən məlumata görə, kompleksin baş kilsəsi 1260-cı ildə inşa edilmişdir.[1] Dövrümüzə çatmış tikililərin memarlıq-planlaşdırma xüsusiyyətlərinin öyrənilməsi və epiqrafika nümunələrinin tədqiqi kilsə ətrafındakı tikililərin müxtəlif dövrlərə aid olduğunu göstəmişdir.[2]
Ümumilikdə monastır ərazisində 11 kitabə S. Barxudaryan tərəfindən oxunaraq, nəşr edilmişdir. Həmin kitabələrin ən qədimləri 1152, 1206, 1347, 1360-cı illərə aiddir.[1]
2023-cü ilin sentyabrında Qarabağda həyata keçirilmiş lokal anti-terror əməliyyatlarından sonra erməni mətbuatında yayımlanmış video görüntülərdə Çərəkdar kəndini azad etmiş Azərbaycan hərbiçilərinin monastır binasının qalıqlarını atəşə tutduqları görünmüşdür[3].
Monastırın əksər tikililəri dövrümüzə xarabalıq vəziyyətdə çatmışdır. Onların inşasında istifadə edilmiş yonulmuş daşlar və naxışlı xaçdaşlar ətraf ərazilərə daşınaraq yaşayış binalarının inşasında istifadə edilmişdir.[2] Buna baxmayaraq kilsə binası yaxşı qorunmuş, narteks, yeməkxana və zəng qülləsinin bir hissəsi saxlanmışdır. Bütün bu tikililər arasında çoxlu sayda xaçdaşlar, qəbir daşları və epiqrafikalı daşlar vardır.[2]
Monastırın başkilsəsi kiçik ölçülü (7x3 metr) düzbucaqlı plana malik bazilika olmaqla, iki tərəfli damla örtülmüşdür. Kilsənin şərq tərəfində düzbucaqlı formaya malik altar vardır.[2] Kilsənin qərb tərəfində yerləşən narteksin yalnız bir hissəsi salamat qalmışdır. Onun cənub hissəsinin künc tərəfində olan yarımdairəvi qüllələr, narteksin həm də müdafiə sisteminə daxil olduğunu göstərir. Cənub tərəfdən kilsəyə yeməkxana binası birləşir. Yeməkxananın şimal divarı, şərq və qərb divarlarının isə bir hissəsi saxlanmışdır.[2]