Yeddi qapı monastırı

Yeddi qapı monastırıXocavənd rayonunun Susanlıq kəndi ərazisində yerləşən erkən orta əsrlərə aid alban monastırıdır. Monastır kompleksi üç böyük və bir neçə kiçik tikilidən ibarət olmuşdur ki, onlardan da dövrümüzə əsas kilsə binası qismən yaxşı vəziyyətdə çatmışdır. Elmi ədəbiyyatda həm də Möhrənis kilsəsi (Susanlıq kəndinin keçmiş adına uyğun olaraq) kimi tanınan bu kilsə qeyri-adi memarlıq quruluşu ilə digər mərkəzi günbəzli alban məbədlərindən fərqlənir.

Yeddi qapı monastırı
Monastırın əsas kilsə binasının Gülçöhrə Məmmədova tərəfindən bərpası
Xəritə
39°33′38″ şm. e. 46°54′11″ ş. u.
Ölkə  Azərbaycan
Şəhər Xocavənd
Yerləşir Susanlıq kəndi
Aidiyyatı Alban Həvari Kilsəsi
Tikilmə tarixi IV-VI əsrlər
İstinad nöm.231
ƏhəmiyyətiÖlkə əhəmiyyətli
Yeddi qapı (Azərbaycan)
Yeddi qapı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kompleksin əsas kilsə binasının quruluşuna görə Cənubi Qafqaz ölkələrinin memarlığında anoloqu yoxdur. Plana görə kilsə tetrakonx olsa da, mərkəzi günbəzaltı kvadrat və ona hər tərəfdən birləşən konxalı apsidaya malik sadə tetrakonxlardan fərqli olaraq, Möhrənis kilsəsi kvadratın künclərində birləşən əlavə dörd kiçik apsidaya malikdir.

Əfsanəyə görə monastır kilsəsi ölkələrinin azadlığı uğrunda döyüşərək vəfat etmiş yeddi qardaşın tək bacısı tərəfindən inşa edilmişdir. Monastırın adının etimologiyası yeddi qardaşın adı və kilsənin yeddi apsidası (qapı yerləşən apsida nəzərə alınmamaqla) ilə əlaqəlidir.

Yerli əfsanəyə görə monastır kilsəsi ölkələrinin azadlığı uğrunda döyüşərək vəfat etmiş yeddi qardaşın tək bacısı tərəfindən inşa edilmişdir. Onun məzarı monastır həyətindəki bulağın yaxınlığında yerləşir və “Bacı məzarı” ziyarətgahı kimi tanınır. Vəfat etmiş yeddi qardaşın şərəfinə ziyarətgaha gələnlər burada yeddi şam yanıdırırlar.[1] Monastırın adının etimologiyası yeddi qardaşın adı və kilsənin yeddi apsidası (qapı yerləşən apsida nəzərə alınmamaqla) ilə əlaqəlidir.[1]

İki xaçdaş üzərindəki kitabələr nəzərə alınmazsa, monastırda demək olar ki, heç bir litoqrafiya nümunəsi saxlanmamışdır. Kitabəli xaçdaşlardan biri altarın dərinliyində, pəncərənin altında yerləşir, ikinci xaçdaş isə monastır həyətindədir.[1] Arxaik stilə malik birinci xaçdaş X-XII əsrlərə aiddir. Daşın yuxarı hissəsində üzüm yarpaqları təsvir edilmiş və yazılmışdır: “İlahi, İsa Məsih. Aşotu bağışla və xilas et.”[1] İkinci xaçdaş isə konkret tarixə malikdir. Həmin daş üzərində yazılır: “Erməni təqviminin 493-cü ili (miladi 1044). Ey müqəddəs xaç! Məsih qarşısında qardaş Kandaliyanı müdafiə et.” [1]

G.Məmmədova Kaxetiyadakı Dzveli Qavazi kilsəsi və Ninoçminda kafedralı ilə analogiyalar apararaq, kompleksə daxil olan əsas kilsənin inşa tarixini VI əsrə aid edir.[2] Tədqiqatçının fikrincə bu tarixləndirməni həm də arka və konxların forması, konxlarda bemin olmaması, apsidaların xarici yarımdairəvi (çoxtərəfli olmayan) forması və dekor xarakteri də təsdiq edir.[3] Şagen Mkrtçyan isə qeyd edir ki, “tikilinin konkret inşa tarixi naməlumdur, lakin, memarlıq formaları, həcm-məkan həlli və ornamentlərinin tədqiqi sayəsində abidəni erkən orta əsrlər dövrünə aid etmək olar.”[4] Memar Murad Asratyan kilsəni VI-VI əsrlərə aid edərək yazır: “Abidənin təxmini inşa tarixini 570-ci illər hesab etmək olar.”[5]

Kilsənin dövrümüzə çatmış xarabalıqları

Yeddi qapı monastırı Ktişvəng monastırı yaxınlığında, Susanlıq kəndinin 3.5 km-də yerləşən Yuxusən dağının ətəyində, meşəlik ərazinin ortasında yerləşir.

Kilsənin günbəzaltı hissəsi dörd nalvari apsida və dörd niş əhatə edir. Apsidalar hər biri 2 metr enə və təxminən elə o qədər də dərinliyə malikdirlər. Diaqonal nişlər isə 3/1 m ölçüyə malik olmaqla hər biri zalın mərkəzinə yönəlir. Nişlər sırf dekorativ xüsusiyyət daşımaqla kiçik otaqlara keçid və ya dəhliz funksiyasına malik deyildir.[6]

Ştepsel quruluşlu plana malik olan kilsə, dörd böyük və eyni formalı dörd kiçik yarımdairəvi ləçək formalı hissədən ibarətdir. Apsida və nişlər bu tipli başqa abidələrdə rast gəlinməyən dairəvi pilyastrlarla bir-biri ilə əlaqələndirilir. Günbəzsaxlayan tağlardan yuxarıda saxlanmış hörgü qalıqlarına əsasən barabanın səkkizguşəli (səkkiz böyük, səkkiz kiçik guşə) formaya malik olması ehtimal edilir. Künc apsidalarının və üçdə-dörd ölçülü nişlərin kənar tağları səkkiz ədəd pilyastrın kapitellərinin üzərində dayanır. İki şərq pilyastrı özünəməxsus və heç yerdə təkrarı olmayan ornamental kəmərlə bəzədilmişdir.[6]

Kilsə hamarlanmamış, kobud yonulmuş daşlardan inşa edilmişdir. Bu baxımdan yalnız kapitellər istisna təşkil edir. Belə ki, onlar yaxşı yonulmuş və diş formalı çox arxaik naxışlara malikdirlər. Divar hörgüsü zamanı bir sıra iri daşlardan sonra bir sıra kiçik daşlar istifadə edilmiş və bu ardıcıllıq gözlənmişdir. Divarlar kifayət qədər böyük ölçüyə malikdir, onlarln qalınlığı 1.05 – 1.35 m-ə bərabərdir ki, bu da bir çox erkən orta əsrlər dövrü xristian abidələri üçün xarakterik xüsusiyyətdir.[6] Pilyastrların tərtibatı da maraqlı xüsusiyyətə malik olmaqla, apsidaların divar hörgüsündən tamamilə fərlənmir və xüsusi bir axıcılıqla divar hörgüsünə qarışır.[6]

Kilsənin yeganə girişi 1.06 m enə malik olmaqla qərb apsidasında yerləşir. Giriş şərq-qərb oxu üzrə 30 dərəcə cənub istiqamətində yerləşir. Həmçinin girişin timpanı da saxlanmışdır. Bu hissədən kilsə ciddi dağıntıya məruz qaldığından girişdən yuxarı hissədən heç nə qalmamışdır. Cənub və şimal divarları qismən daha yaxşı saxlanmışdır, şimal apsidasının hörgüsü hətta barabana qədər dövrümüzə çatmışdır. Yeganə saxlanılmış pəncərə şimal apsidasında yerləşir. Pəncərə və qapı çərçivələri naxışsız yonulmuş daşdan hazırlanmışdır. Kilsə divarları daxildən əhəng məhlu ilə suvanmışdır ki, bunu da saxlanmış hissələrdəki qalıqlar əsasında müəyyən etmişlər.[7]

Kilsənin ikinci yarusunu günbəz təşkil edir. Günbəzin ağırlığı oxvari nal formalı tağlar və dioqonal təzyiq nişləri arasında bölünmüşdür. Günbəz tamamilə dağılmış və dövrümüzə çatmamışdır.[1]

Memarlıq forması və mənşəyi

[redaktə | mənbəni redaktə et]

Kompleksin əsas kilsə binasının quruluşuna görə Cənubi Qafqaz ölkələrinin memarlığında anoloqu yoxdur.[8] G. Məmmədova Möhrənis kilsəsinə forma baxımından yaxın abidə kimi dairəvi dolama hissənin tetrakonx ilə birləşdirildiyi Ləkit kilsəsini göstərir.[8] Qafqaz Albaniyasının memarlığında tetrakoxun iki fərqli formada dairəvi məbəd şəklində tətbiqi, dörd yarpaqlı planın artıq sadə formalarda sınaqdan keçirilməsini təsdiq edir.[2] Möhrənis kilsəsi isə bu inkişaf yolu nəticəsində əldə edilmiş uğurların növbəti mərhələsini təşkil edir.[2]

Forma baxımından qismən Möhrənis kilsəsini xatırladan tarixi-memarlıq abidəsi kimi eyni zamanda Gürcüstanın Kaxetiya regionundakı VI əsrə aid Dzveli Qavazi tetrakonxunu göstərmək mümkündür.[2] Bu abidə aid olduğu memarlıq tipinin erkən inkişaf mərhələsini gözəl əks etdirir.[9] Konx və tağların nalvari forması, xaçın qollarının dairəvi xarici xəttləri, künclərin dairəvi forması, masştab və proporsiyaları Kaxetiyadakı bu kilsəni Qarabağdakı kilsə ilə yaxınlaşdırır. Onlar arasındakı əsas fərq isə Möhrənis kilsəsinin künc nişlərinə malik olmasıdır.[3] G. Məmmədovanın fikrincə, bu memarlıq tipinin növbəti inkişaf mərhələsini Kaxetiya ərazisində yerləşən VI əsrə aid Ninoçminda kafedralı təmsil edir. Bu məbəddə künc nişləri daha da genişləndirilərək məkan həcminin müstəqil hissələrinə çevrilmiş və plan ümumilikdə ulduz forması almışdır.[10]

Memarlıq xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]
Əsas kilsə binasının planı

Yerli əhali tərəfindən müqəddəs yer kimi ziyarət edilən[11] monastır kompleksi üç tikilidən ibarətdir.[4] İnkişaf etmiş orta əsrlər dövründə inşa edilməsi güman edilən narteks binası tamamilə dağılmışdır. Xidməti bina kimi istifadə olunmuş ikinci tikilinin isə divarlarının aşağı hörgü qatı dövrümüzə çatmışdır. Üçüncü bina isə monastırın əsas kilsə binasıdır. Kilsə binası digər iki tikili ilə müqayisədə yaxşı formada dövrümüzə çatmışdır. Narteks və digər tikililərin qalıqları əsas kilsə binasına şimal-qərb tərəfdən birləşir. Ş. Mkrtçyan qeyd edir ki, həmin tikililərin vəziyyəti onların memarlıq xüsusiyyəti haqqında fərziyyə formasında olsa belə fikir səsləndirməyə imkan vermir.[4]

Plana görə kilsə tetrakonx olsa da, mərkəzi günbəzaltı kvadrat və ona hər tərəfdən birləşən konxalı apsidaya malik sadə tetrakonxlardan fərqli olaraq, Möhrənis kilsəsi kvadratın künclərində birləşən əlavə dörd kiçik apsidaya malikdir. Buna görə də monastırın əsas kilsəsi dörd künc nişinə malik tetrakonxdur.[8]

Kilsənin apsidaları bir qədər qeyri-adi – nalvari formaya malikdir. Əsas dörd apsidanın hər biri nal formasında qatlanaraq bir qədər tikilinin içinə daxil olur və latın əlifbasının omeqa hərfinin formasını alır. Nazik və kobud yonulmuş daşların qübbə qabırğalarına yatırdılmış konx tağları da eyni formaya malikdirlər. Beş tağ yuxarısında qatlanmış çubuq forması olan sadə impost üzərində dayanır. Altar tağının impostu bir qədər daha çox haçalanmışdır. Belə dekor Qafqaz Albaniyası memarlığının erkən orta əsrlər dövrünə aid məbəd nümunələrinin bir çoxu üçün xarakterikdir.[8]

Kilsənin inşaat texnikası əksər alban kilsələrinin inşaat texnikasına uyğun olaraq kobud daş və əhəng məhlulu hörgüsünə əsaslanır. Kilsə qərb tərəfdə yerləşən bir girişə malik olmuşdur. İşıqlandırma isə apsidalar və barabanda yerləşdirilmiş pəncərələr vasitəsiylə həyata keçirilmişdir.[8]

Möhrənis kilsəsinin inşa edildiyi yeni memarlıq forması üçün əsas rolunu adi tetrakonx forması oynamışdır. G. Məmmədova ehtimalla qeyd edir ki, “...günbəzaltı sahənin və günbəzin diametrinin genişləndirilməsi istəyi xaçın tərəflərinin aralanması və tərəflər arasına kiçik apsidaların – nişlərin əlavə edilməsinə səbəb ola bilərdi.”[8] Künc nişləri öz növbəsində kilsənin mərkəzlik ideyasına tabe olan daxili həcmini vizual olaraq xeyli genişləndirir. Həmçinin konxlardan nişlərə axıcı keçidin təmin edilməsi də diqqət çəkir. Belə ki, Konxlar və nişlərin birləşdiyi yerlərdə künclər və ya qapalı məkanlar formalaşdırılmır. Kilsəyə daxil olan şəxslər bütün daxili məkanı müşahidə edə bilir və axıcılıqla bir-birinə keçən dairəvi məkanları müşahidə edirlər.[2]

Kilsənin xarici plan cizgiləri daxili haçalanma ilə tamamilə uyğunluq təşkil edərək dörd böyük və dörd kiçik qövsvari hissədən təşkil olunur. İnteryerin təşkili baxımından verdiyi üstünlüklərin əksinə olaraq, eksteryer formasının bu cür qarışıq və qeyri-müəyyənliyi, fasadların memarlıq ifadəliyi baxımından əlverişli deyildir. Məbədin, üzərində baraban və günbəz yüksələn zəif bükülmüş, demək olar ki, silindrik formaya malik olan aşağı həcmi kilsəyə əzəmətli, lakin dünyəvi görünüş verir.[2]

  1. 1 2 3 4 5 6 Мкртчян, 1989. səh. 75
  2. 1 2 3 4 5 6 Мамедова, 2004. səh. 76
  3. 1 2 Мамедова, 2004. səh. 77
  4. 1 2 3 Мкртчян, 1989. səh. 72
  5. Асратян, М. Очерк армянской архитектуры. Москва. 1985. səh. 49.
  6. 1 2 3 4 Мкртчян, 1989. səh. 73
  7. Мкртчян, 1989. səh. 74
  8. 1 2 3 4 5 6 Мамедова, 2004. səh. 75
  9. Чубинашвили, Г. Архитектура Кахетии. Тбилиси: Изд-во Академии наук Груз. ССР. 1959. səh. 216.
  10. Чубинашвили, Г. Архитектура Кахетии. Тбилиси: Изд-во Академии наук Груз. ССР. 1959. səh. 232.
  11. Мкртчян Ш., Абгарян Р., Карапетян С. "Монастыр Охты дрни". Эчмиадзин. № 11-12. 1982: 46-50.
  • Мамедова, Гюльчохра, Зодчество Кавказской Албании, Баку: Чашыоглу, 2004
  • Мамедова, Гюльчохра, Христианское култовое зодчество Кавказской Албании эпохи раннего средневековья, Баку: Элм, 1985
  • Мкртчян, Ш.М, Историко-Архитектурные Памятники Нагорного Карабаха, Ереван, 1989