Badara monastırı — Xocalı rayonunun Badara kəndi ərazisində yerləşən tarix-memarlıq abidəsi. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən ölkə əhəmiyyətli abidə kimi qeydiyyata alınmışdır.[1]
Badara monastırı | |
---|---|
39°53′31″ şm. e. 46°36′11″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Şəhər | Xocalı |
Yerləşir | Badara kəndi |
Tikilmə tarixi | XII-XIII əsrlər |
Üslubu | Ermənistan |
İstinad nöm. | 257 |
Kateqoriya | Monastır |
Əhəmiyyəti | Ölkə əhəmiyyətli |
|
Badara monastırı ərazisindən 12 epiqrafik yazı nəşr edilmişdir və həmin kitabələrə əsasən monastırın XII–XIII əsrlərdə tikilmiş olması müəyyən edilmişdir.
Monastır ərazisindən aşkarlanmış kitabəli xaçdaşlar kompleksin tarixini müəyyənləşdirməyə imkan vermişdir. Xaçdaşlar kitabələrlə yanaşı həm də insan fiqurları ilə zəngin bədii kompozisiyalarla bəzədilmişdir. Xaçdaşlarda təsvir edilən insanlar əksər hallarda zirehli geyim və silahlarla təmin olunmuş döyüşçülərdir.[2]
Ümumilikdə Badara monastırı ərazisindən 12 epiqrafik yazı nəşr edilmişdir və həmin kitabələrə əsasən monastırın XII–XIII əsrlərdə tikilmiş olması müəyyən edilmişdir. Badara monastırı ərazisində öyrənilmiş ən erkən xaçdaşlar 1156, 1165, 1193, 1216-cı illərə aiddir.[3]
Badara monastırı kənd mərkəzindən 7–8 km aralıda – meşəlik ərazidə yerləşir. Ümumilikdə on üç dini və mülki tikilidən ibarət olan monastır kompleksinə daxil olan tikililərdən altısı bir-birinə bitişik olsa da, ayrı qapı və pəncərələrə malikdir. Digər üç tikili bir-birindən araıl tikilmişdir. Həmçinin kompleks ərazisində daha dörd binanın xarabalıqları vardır.[4]
Kompleksə daxil olan tikililərin hamısı bu və ya digər dərəcədə zədələnmişdir. Onların hamısının damları dağılmış, bəzilərinin divarlarında uçuqlar əmələ gəlmişdir. Binaların hamısı birnefli olmaqla tağtavanla örtülmüşdür. Binaların inşasında kobud yonulmuş daşlardan istifadə edilmişdir.[4]
Memarlıq-bədii xüsusiyyətləri baxımından kompleks xüsusi əhəmiyyət kəsb etməsə də, yerləşməsi və ətraf təbiətlə harmonik səslənməsinə görə monastır böyük təsir buraxır. Eyni zamanda, kompleks binaların qruplaşdırılması baxımından maraqlı həcm-məkan həlli ilə seçilir. Kompleksin baş planından görünür ki, əsas tikililər uğurlu şəkildə ümumi meydanın ətrafında cəmlənmişdir. Binaların hamısının əsas fasadları və pəncərələri həyətə açılır. Divarlar boyunca düzülmüş xaçdaşlar isə fasadların ifadəliyini bir daha vurğulayır. Beləliklə, həyət bir növ açıq səma altında xaçdaş muzeyinə çevrilir.[5]
Monastır kompleksinin diqqət çəkən xüsusiyyətlərindən biri də, düzbucaqlı formaya malik altar apsidalarıdır. Erkən orta əsrlər Qafqaz Albaniyasının memarlığı üçün xarakterik olan bu cür formalı apsidalara Şəki-Zaqatala, Arran, Qarabağ və Sünikin abidələrində müşahidə etmək olur.[6]