Əskipara monastırı

Əskipara məbədi — Azərbaycanın Qazax rayonunun AşağıYuxarı Əskipara kəndləri arasında, dağlıq ərazidə yerləşən tarix-memarlıq abidəsi. Monastır Azərbaycan respublikası Mədəniyyət Nazirliyi tərəfindən ölkə əhəmiyyətli abidə kimi dövlət qeydiyyatına alınmışdır.[1]

Əskipara monastırı
Xəritə
41°04′25″ şm. e. 45°04′32″ ş. u.
Ölkə  Azərbaycan
Şəhər Qazax
Yerləşir Aşağı Əskipara
Aidiyyatı Alban Həvari Kilsəsi
Tikilmə tarixi V-VIII əsrlər
İstinad nöm.281
KateqoriyaMəbəd
ƏhəmiyyətiÖlkə əhəmiyyətli
Əskipara monastırı (Azərbaycan)
Əskipara monastırı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Məbəd V-VIII əsrlərdə tikilmişdir.[2] Qafqaz Albaniyasının mədəni irsinə aid olan məbəd qırmızı tuf daşdan dördkünc planda inşa edilib və əzəmətli görünüşə malikdir. Məbədin divarlarının bir neçə yerində böyük xaçdaşlar vardır.

Bu monastır meşədə, əlçatmaz dağlıq yerdə yerləşmişdir. Kompleks təqribən 2,5 hektar ərazini tutur və divarlarla əhatələnmişdir. Yüksək mövqedə yerləşmiş əsas tikililər kompleksin qalan hissəsindən divarla ayrılmışdır. Bu, özünəməxsus içqala, iqamətgahdır. Kompleksin divarları və qüllələri iri çay daşlarından ucaldılmışdır, bəzi hissələri kifayət dərəcədə yaxşı mühafizə edilmişdir.[2]

Güman edilir ki, içqalalı kompleks Alban dövlətinin başçıları olmuş böyük Mehrani hökmdarlarının iqamətgahı idi. Albaniya hökmdarlarının qış iqamətgahı olmuş Xalxal şəhərinin məhz bu yerdə lokallaşdırılması bunu təsdiq edə bilər. Buna görə də kompleksin hələ V əsrdə yarandığını ehtimal etmək olar. Kərpic texnikasının xarakteri və memarlıq formalarının bəzi xüsusiyyətlərinə görə isə əsas binanı VII-XI əsrə aid etmək mümkündür.[2]

Memarlıq xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Müqəddəs Məryəm Ana kilsəsi

[redaktə | mənbəni redaktə et]

Kompleksin ən çox diqqəd çəkən və daha yaxşı vəziyyətdə dövrümüzə çatmış hissəsi başkilsə olan Müqəddəs Məryəm Ana kilsəsidir. Kilsə plan baxımından düzbucaqlı formaya malikdir. Abidənin dövrümüzə çatmış hissələri onun yaxşı işlənmiş plana malik mühüm memarlıq kompleksi olduğunu göstərir. Bina yaxşı bişirilmiş 24x22x4 santimetr ölçülü kvadrat kərpiclərdən ucaldılmışdır. Abidənin memarlıq detalları da qismən kərpiclərdən (mərkəzi tağın əhatələnməsi), karnizlər isə yarımnəbati oyma naxışlı yonulmuş tuf daşlarından hazırlanmışdır.

Binanın memarlıq həllində divarların tağlama ilə işlənməsi aparıcı əhəmiyyətə malikdir. Bu üsul baş fasadda alaqapıya keçir. Alaqapı daha geniş və daha uca tağla bəzənmişdir. Güman etmək olar ki, tağlar yarımdairəvi olmuşlar. Binanın daxilində yan otağın tağının çatmalı cizgiləri aydın surətdə izlənməkdədir.

Monastır kompleksini əhatə edən qala uzunluğu 2 m-ə qədər olan daşlarla hörülmüş iki divarla əhatələnmişdir. Daxili qala divarları daha möhkəm və hündür düzəldilmişdir. İki divar arası məsafə 20 m-ə çatır. Bu isə qalanın mühafizəsini daha da gücləndirir. Hər 0 m-dən qala divari boyu hündürlüyü 9 m-ə qədər olan yarımdairəvi bürclər qurulmuşdur. Dövrümüzə həmin bürclərdən yeddisi çatmışdır. Bürclər bir-birinə yeraltı yollarla birləşdirilmişdir.

Qalanın içərisində ikimərtəbəli binanın qalıqları vardır. Bu bina ölçüləri 22x22x4 sm olan bişmiş kərpicdən tikilmişdir. Onun hündürlüyü 12, eni 18, uzunluğu isə 42 m-dir. Suvaqlanmış divarlar naxışla bəzədilmişdir. Qalanın sahəsində bir neçə təsərrüfat quyusu və dağılmış bina qalıqları aydın görünür.

  1. "Dünya əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı" (PDF). Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. 2 avqust 2001. 2021-07-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 17 oktyabr 2020.
  2. 1 2 3 Məmmədzadə, K. M. Azərbaycanda inşaat sənəti. Bakı: Elm. 1978. 38.