Çeçenistan tarixi — çeçen xalqına və onların yaşadığı Çeçenistan ərazisinə aid edilir.
Çeçenistan Respublikasınının ərazisi Paleolit dövründən məskunlaşmışdır (əsasən, Kezenoy gölü və Xalxulau vadisi). Tunc dövründən (e.ə. 3–2-ci minilliklər), əsasən, qəbir abidələri qalmışdır. Əhali maldarlıq və əkinçiliklə məşğul olmuşdur. Maddi mədəniyyət abidələri qədim dövrlərdən Skifiya, Cənubi Qafqaz və Ön Asiya ilə əlaqələrin olduğunu göstərir. Yunan-Roma, gürcü və b. qaynaqlarda e.ə. 4–3 əsrlərdə Çeçenistan ərazisinə noxçi (naxçi, noxço) ümumi adı altında qarqarlar, durdzuklar, isadiklər (sodlar), kistlər kimi çeçen tayfalarının köçməsi qeyd edilir. Eramızın I əsrində çeçenlər alanların tayfa birliyinə qatılmışlar. IV əsr -də baş verən hun istilasından sonra Mərkəzi və Şimal-Şərqi Qafqaza yayılmış çeçenlər Qafqazın siyasi həyatında fəal rol oynamışlar.
Ərəb-xəzər müharibələri (VIII əsr) zamanı Əməvilərin valisi Mərvan ibn Məhəmmədin (sonralar Əməvi xəlifəsi II Mərvan) 736–738 illərdə Durdzukistana (Çeçenistana) təşkil etdiyi yürüşlərindən sonra Dağıstan və Çeçenistanda islam dini yayılmağa başlamışdı. Orta əsrlərdə Çeçenistan ərazisinin düzənlik və dağlıq rayonlarının xeyli hissəsində Alaniya dövləti (IX–XIII əsrlər), bəzi dağlıq rayonlarında isə Sərir adlı dövlət qurumu mövcud idi. Monqol hücumlarından (1222 və 1238–40) sonra Terek çayının arxasındakı çöllər, qismən də Çeçen düzənliyi Qızıl Ordanın tərkibinə (Cuci ulusu) keçdi, indiki çeçen və inquşların əcdadları isə dağlıq yerlərə çəkilməyə məcbur oldular. XIV əsr -də çeçenlər Simsir erkən feodal dövlətini yaratdılar. XIV əsrin sonlarında (1395) çeçen torpaqlarına basqın edən Teymur Simsir dövlətini məhv etsə də, dağlıq əraziləri ələ keçirə bilmədİ.[1]
XVI əsrin 1-ci yarısında çeçenlərin bir qismi tədricən düzənlik ərazilərə qayıtmağa başladı, eyni zamanda Həştərxan xanlığını işğal etmiş Rus dövlətinin Şimali Qafqazda təcavüzkar siyasəti gücləndi. Rus kazakları Terekboyu ərazilərdə kütləvi şəkildə məskunlaşmağa başladılar. Kabarda valiləri (hakimləri) rusların müttəfiqi kimi çıxış edirdilər. 1567-ci ildə Terek çayının sahilində ilk rus ostroqu (Terek qalası) inşa edildi. 1570-ci illərdə iri çeçen hakimlərindən biri olan Akkanın hökmdarı Şıx Mirzə Moskvaya səfirlik göndərdi və Rus dövlətinin himayəsinə keçdi. Lakin onun qətlindən və varisi Batayın devrilməsindən sonra 1610-cu ildə qumuq hakimləri Akkanı işğal etdilər. Çeçenlər kazak “məskənlərinə” daim basqınlar təşkil edirdilər. 1718-ci ildən sonra yeni qalaların inşası rusların Qafqazdakı mövqelərini xeyli möhkəmlətdi. Rusiya-İran müharibəsi (1722–23) zamanı I Pyotr bir müddət çeçen torpaqlarında qaldı. Məhz bu dövrdən ruslar naxço tayfasını çeçenlər (“Çeçen ail” adından), ölkələrini isə Çeçenistan (rusca Çeçnya) adlandırmağa başladılar.
1722–83 illərdə rus qoşunlarının Çeçenistana cəza ekspedisiyaları müntəzəm şəkil aldı. Cəza ekspedisiyaları “qiyamçı” aillərin yandırılması və ail ağsaqqallarının məcburən rus təbəəliyini qəbul etmələri ilə müşayiət olunurdu. Rus qalalarında saxlamaq üçün ən nüfuzlu nəsillərdən girovlar (əmanətlər) götürülürdü. Çeçenlər 1732-ci il iyulun 7-də rusları, 1735-ci ildə isə Krım xanının qüvvələrini məğlub etdilər. XVIII əsrdə bir tərəfdən rus qoşunlarına, digər tərəfdən onlarla müttəfiq olan kabardalılara, qumuqlara və b.-na qarşı mübarizə aparan çeçenlər daha sıx birləşdilər. [2]