Bu məqaləni vikiləşdirmək lazımdır. |
Özbəkistan ədəbiyyatı — Özbəkistanlı şair və yazıçıların Özbəkistan mədəniyyətinə, eləcə də dünya mədəniyyətinə bəxş etdikləri ədəbi-mədəni fikrin ən yaxşı nümunələri.
Cəmiyyətin inkişafında mədəniyyətin rolunun artması dövrümüzün ən mühüm qanunauyğunluqlarından biridir. Mədəniyyətin formalaşması və inkişafı, xalqların mədəni irsi və irsə varislik, bu sahədə tərəqqi mədəni əlaqələr vasitəsilə də təzahür edir. Mədəniyyətin əsas sahələrindən biri olan ədəbiyyat və incəsənətin xalqa təsir qüvvəsi həmişə artmış və mədəni nailiyyətlərin mübadiləsi əsasında inkişaf etmişdir. Mədəni əlaqələrin təsiri ilə milli ədəbiyyat və incəsənətin inkişafı xalqın mənəvi aləminin zənginləşməsinə də kömək edir. Azərbaycan xalqı öz mədəniyyətini başqa ölkələrin xalqları, ilk növbədə türk xalqları ilə əməkdaşlıq, ədəbiyyat və incəsənətin qarşılıqlı surətdə zənginləşdirilməsi və milli nailiyyətlərin mübadiləsi əsasında inkişaf etdirir. Müasir dövrdə türk xalqları arasında mövcud olan mədəni əlaqələr bu xalqların tarixi keçmişinə əsaslanır. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev bu məsələyə böyük önəm verərək demişdir ki, Azərbaycan sülhsevər ölkə olaraq bütün dövlətlərlə və xalqlarla qarşılıqlı anlaşma, mehriban dostluq və əməkdaşlıq şəraitində yaşamaq istəyir.
Ölkəmizin yaradıcılıq ittifaqları mədəni əlaqələrin yaranması və inkişafında yaxından iştirak edir. Bu əlaqələrin forma və vasitələri zəngin, coğrafi dairəsi geniş, əhəmiyyəti isə böyükdür. Yaradıcılıq ittifaqlarının ədəbi-mədəni əlaqələr dairəsinə tərcümə problemləri, müzakirələr, söhbət-lər, yaradıcılıq görüşləri, festivallar, görkəmli şəxsiyyətlərin yubileyləri ədəbiyyat və incəsənət günləri, poeziya günləri, elmi əlaqələr və s. daxildir. Bu baxımdan Özbəkistanla mədəni əlaqələrimizin yaxın tarixinə nəzər salaq.
Azərbaycan Yazıçılar İttifaqının mədəni əlaqələr sahəsində fəaliyyətində bədii tərcümə və ədəbiyyatın təbliği əsas yer tutur. Buna görə də ittifaqın nəzdində hələ sovet dönəmində xüsusi olaraq tərcümə bölməsi fəaliyyət göstərirdi. Azərbaycan ədəbiyyatının bir çox nümunələri özbək dilinə çevrilmişdir. C. Cabbarllnın "Od gəlini", "Sevil", "1905-ci ildə" pyesləri özbək dilində çap olunmuşdur. Azərbaycan dilinə və ədəbiyyatına xüsusi məhəbbət bəsləyən, onları öyrənən və orijinaldan tərcümə edən müəlliflər respublika Yazıçılar ittifaqı ilə sıx ələqələr saxlayırdılar. Özbək Ə. Cabbarov Azərbaycan dilini bilir və orijinaldan tərcümə edirdi. Azərbaycan Yazıçılar İttifaqı keçmiş SSRİ xalqları ədəbiyyatından edilən tərcümələri öz orqanlarında, xüsusən "Azərbaycan" jurnalında nəşr edirdi. M. Şeyxzadənin "Mirzə Uluqbəy" faciəsi dediklərimizə sübutdur.
1970-ci ildə Azərbaycan Yazıçılar İttifaqı görkəmli özbək şairi M. Şeyxzadənin 70 illiyini qeyd etmək üçün onun əsərlərini iki cilddə nəşr etmək haqqında qərar çıxarır. Bununla əlaqədar M. Şeyxzadənin kitabları Azərbaycan dilində nəşr olunur. Bu kitablardakı əsərləri şairlərdən M. Dilbazi, B. Azəroğlu, Ə. Ziyatay, N. Xəzri, Ə. Kürçaylı, M. İbrahim, X. Rza, İ. Səfərli, N. Həsənzadə, T. Bayram və başqaları tərcümə edirlər.
Bu dövrdə özbək-Azərbaycan ədəbi-mədəni əlaqələrini tədqiq edən xüsusi qruplar yetişdirilmişdi. Belə ki, Azərbaycandan Daşkəndə göndərilmiş Q. Qasımov və. A. Bağırov Daşkənd Dövlət Universitetində təhsilini başa vurub. Eləcə də Özbəkistandan Bakıya-Azərbaycan Dövlət Universitetinə təhsil almaq üçün özbək tələbə-Ə. Cabbarov və T. Mahmudəliyev göndərilmişdilər. Onlar Azərbaycan şeirini orijinaldan tərcümə edirdilər. Özbək şairi E. Vahidovun "Damlalar" şeirlər məcmuəsi 1980-ci ildə A. Vəfalının tərcüməsində Bakıda "Gənclik" nəşriyyatı tərəfindən nəşr olunmuşdu. Respublikamızın Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi Yazıçılar İttifaqının rəhbərliyi altında fəaliyyət göstərirdi.
1979–1980-ci illərin ədəbi-mədəni panoramında Azərbaycanda keçirilən Özbəkistan ədəbiyyatı və incəsənəti dekadalarının, eləcə də Özbəkistandakı Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyünün bu xalqların mədəniyyətinə bəxş etdiyi ədəbi töhfə xüsusilə qabarıq görünür.
1979-cu ildə Azərbaycanda keçirilən ədəbiyyat və incəsənət günlərində elm, ədəbiyyat və incəsənət xadimləri K. Yaşen, Q. Qulam, Zülfiyyə, T. Tülə, Şükrullo, A. Muxtar, A. Aripov, N. Nərzullayev, İ. Ametov, Mirmöhsün, N. Səfərov, ədəbiyyatşünas L. Kəyumov və başqaları iştirak edirdilər. Azərbaycanda Özbəkistan günləri müvəffəqiyyətlə keçmişdi.
Özbəkistan ədəbiyyatı və incəsənəti günlərində özbəkistandan gələn nümayəndə heyəti Azərbaycanın şəhər və rayonlarında 190 görüş keçirmiş, 100-dən çox, o cümlədən 41 hamilik konserti vermişdilər. Bu tədbirlərdə 530 min nəfər iştirak etmişdi. Həmçinin Özbəkistan və Azərbaycan Dövlət Televiziya və Radio komitələrinin hazırladıqları 230 televiziya və radio verilişləri efirdə səslənmişdir.
Azərbaycanda keçirilən Özbəkistan SSR ədəbiyyatı və incəsənəti günlərinin davamı olaraq 1980-ci ilin iyununda Özbəkistanda Azərbaycan ədəbiyyatı və incəsənəti günləri oldu. On gün ərzində Azərbaycan şairləri bir çox görüşlərdə iştirak etmişdilər. Fərqanədəki "Azərbaycan küçəsi" iki xalqın dostluq nümunəsidir. Azərbaycanın xalq şairi M. Dilbazi Özbəkistanın xalq şairi, Lənkəranın fəxri vətəndaşı Zülfiyyəyə onun mis üzərində döyülmüş portretini hədiyyə vermişdi.
1978-ci ildə Azərbaycan bəstəkarları və musiqişünasları Səmərqənddə muğam sənətinə həsr olunmuş Beynəlxalq musiqi simpoziumunda iştirak etmişdilər.
70-ci illərdə Azərbaycan rəssamlarının da sərgiləri Daşkənddə nümayiş etdirilmişdir. Daşkənddə Azərbaycan rəssamlarının, o cümlədən T. Salahovun, M. Abdullayevin, T. Nərimanbəyovun və digərlərinin 42 əsərindən ibarət sərgisi açılmışdı. Özbəkistanın əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru R. Taktaş Daşkənddən göndərdiyi məktubunda yazırdı: "Moskvada Azərbaycan təsviri sənət ustalarının sərgisinə baxmışdım. S. Bəhlulzadənin mənzərələri, T. Salahovun portretləri, həmçinin T. Sadıqzadənin kənd əməkçilərinə həsr olunmuş tablosu orijinallığına, dərinliyinə görə məni valeh etmişdi". 1978-ci ildə Bakıda, Gəncədə (o zaman Kirovabad) və Sumqayıtda "Sovet Özbəkistanının incəsənəti" adlı sərgi nümayiş etdirilmiş və bu sərgiyə 40 min tamaşaçı baxmışdır.
1970-ci ildə Azərbaycan və Özbəkistan teatr cəmiyyətləri arasında sıx əlaqə yaratmaq, təşkilati təcrübə mübadiləsi keçirmək haqqında razılıq əldə olunmuşdu. 1985-ci ildə gənc bəstəkar S. İbrahimovanın "Nənəmin nağılları" adlı uşaq operası ilk dəfə Səmərqənd Opera və Balet Teatrında tamaşaya qoyulmuşdu. 70-ci illərin birinci yarısında Azərbaycanda Özbəkistan teatr günləri maraqla qarşılanmışdır.
Daşkənddə keçirilən Asiya və Afrika ölkələrinin I Beynəlxalq kinofestivalına göndərilmək üçün "Ulduzlar sönmür", "Salam, Azərbaycan" və s. filmlərin milli variantlarının surəti hazırlanmışdı. Müəyyənləşdirilmiş nümayəndə heyətinin arasında A. İsgəndərov, rejissor Ə. İbrahimov və digərləri də var idi. 1973-cü ildə "Özbəkfilm" studiyasının çəkiliş qrupu iki seriyalı "Əbu Reyhan Biruni" filminin bir çox kadrlarını, səhnələrini Bakıda, Şirvanşahlar sarayı və Qız qalasında çəkmişlər. Özbəkistanda Azərbaycan ədəbiyyatı və incəsənəti günləri ərəfəsində respublikamızda istehsal olunmuş "Nəsimi", "Qayınana", "Qərib cinlər diyarında", "Mezozoy əhvalatı", "Sönmüş ocaqların işığı" və s. filmlərimiz bu respublikanın kino teatrlarında, televiziya verilişlərində göstərilmişdi. Dekada zamanı Azərbaycan filmlərinin festivalına 600 mindən çox tamaşaçı baxmışdı. Özbəkistanda keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti günlərindən yadigar olaraq C. Cabbarlı adına "Azərbaycanfilm" studiyası "Dostluq görüşləri" adlı tammetrajlı sənədli film çəkmişdi.
Azərbaycanın Özbəkistanla ikitərəfli və çöxtərəfli əlaqələri, o cümlədən mədəni əməkdaşlığı bu gün də uğurla davam etdirilir.
Məlum olduğu kimi, SSRİ dağıldıqdan sonra Azərbaycan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Türkmənistan kimi müstəqil dövlətlər yarandı. Azərbaycan Respublikası Mərkəzi Asiyanın bu ölkələri ilə iqtisadi, siyasi və mədəni əlaqələrin yaranması və inkişafına böyük diqqət yetirir. Çünki milli ənənələrimiz, dil birliyimiz, mədəniyyətimiz, tariximiz, müasir dövrdə milli mənafe və vəzifələrimiz bunu tələb edir. Bununla əlaqədar olaraq dövlət başçılarının səfərləri, parlament üzvlərinin və müxtəlif təşkilatların əlaqələri mühüm əhəmiyyət kəşb edir.
Azərbaycan Prezidenti İlham Əliyev bu il sentyabrın 27-də Özbəkistan Respublikasında rəsmi səfərdə olmuşdur. Səfər zamanı ikitərəfli və çoxtərəfli münasibətlərə dair bir sıra məsələlər müzakirə olunmuşdur. Tərəflər mədəni-humanitar məsələlərin – azərbaycanlıların və özbəklərin tarixində, milli maraqlarında, onların yaşadıqları həyat tərzində ümumi cəhətlərin olduğunu xüsusi vurğulamış, dilimizin, mədəniyyətimizin, Azərbaycan və Özbəkistanın birmənalı şəkildə qürur duyduğu mənəvi dəyərlərin ümumiliyini qeyd etmişdilər.
Özbəkistan Respublikasının prezidenti İslam Kərimov dövlətlərimiz və xalqlarımız arasında mədəni əlaqələrə toxunaraq demişdir ki, Daşkənd və Bakı şəhərlərində dahi əcdadlarımız Nizami Gəncəvi və Əlişir Nəvainin abidələrinin açılması, Azərbaycan paytaxtında küçələrdən birinə dünya şöhrətli astronom Mirzə Uluqbəyin adının verilməsi azərbaycanlılar və özbəklər arasında qarşılıqlı marağın, tarixən mövcud olan qarşılıqlı hörmətin parlaq nümunəsidir. İslam Kərimov öz çıxışında həmçinin Dağlıq Qarabağ probleminə toxunaraq bu sahədə Özbəkistanın Azərbaycanın haqq işini dəstəklədiyini bildirib.
Azərbaycan prezidenti İlham Əliyev ölkələrimiz arasında əlaqələrin, xüsusən də humanitar sahədə əməkdaşlığın əhəmiyyətini önə çəkərək bildirib: "Biz ölkələrimiz arasında humanitar əməkdaşlığı çox yüksək qiymətləndiririk. Bu, tamamilə təbiidir, çünki xalqlarımız qardaş xalqlardır, yaxın xalqlardır. Biz özbək ədəbiyyatını, musiqisini, mədəniyyətini çox sevirik. Yəni, bunlar sizin üçün olduğu kimi, bizim üçün də əziz və doğmadır".
Sentyabrın 27-də Daşkənddə Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdində Heydər Əliyev adına mədəniyyət mərkəzinin açılışı olmuşdur. Mədəniyyət mərkəzinin sərgi salonunda Səmərqənddə yaşamış mərhum azərbaycanlı heykəltaraş Eynulla Əliyevin əsərlərindən ibarət sərgi təşkil olunmuşdur.
Bu rəsmi səfər Azərbaycanla Özbəkistan arasında biri neçə sahədə, o cümlədən mədəniyyət sahəsində sənədlərin imzalanması ilə yadda qaldı. Özbəkistan Milli Teleradio Şirkəti və Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti arasında əməkdaşlıq haqqında, Özbəkistan Rəssamlıq Akademiyası və Azərbaycan Milli Elmlər Akademiyası Memarlıq və İncəsənət İnstitutu arasında əməkdaşlıq haqqında bağlanmış müqavilələr mühüm əhəmiyyət daşıyır.