İdris Mehdiyev

İdris Mehdiyev — məşhur Azərbaycan müğənnisi, Azərbaycan SSR Əməkdar Artisti (1978), Azərbaycan Dövlət Radio və Televiziyası Xorunun solisti və direktoru. Azərbaycan vokal sənətinin görkəmli nümayəndəsi.

İdris Mehdiyev
İdris Saleh oğlu Mehdiyev
İdris Saleh oğlu Mehdiyev
Ümumi məlumatlar
Doğum tarixi
Doğum yeri Gəncə, Azərbaycan SSR
Vəfat tarixi (75 yaşında)
Vəfat yeri Bakı
Həyat yoldaşı Məhəbbət Mehdiyeva
Musiqiçi məlumatları
Fəaliyyəti Müğənni
Janrlar Xalq musiqiləri,romanslar,bəstəkar mahnıları
Mükafatları "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1978

Həyat və yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

İdris Mehdiyev 26 avqust 1940-cı ildə Gəncə şəhərində ziyalı ailəsində doğulub boya-başa çatmışdı. Atası Saleh Hacı Mustafa oğlu Mehdiyev Gəncə şəhərində sayılıb-seçilən mühəndis olmuşdu. Qarabağ zadəganlarının nəslindən olan anası Güllü xanım Əlikişibəyova həyat yoldaşı İkinci dünya müharibəsində, 1943-cü ildə dünyasını dəyişəndən sonra dörd azyaşlı övladını təkbaşına saxlayaraq böyütmüşdü. Lakin özü də erkən, 1953-cü ildə vəfat etmişdi. İdris Mehdiyev hələ uşaq yaşlarından gözəl səsi, musiqi duyumu, qulaq asdığı mahnıları dərhal qavramağı və onları məharətlə ifa etməyi ilə diqqəti cəlb etmişdi. Anası İdrisi tez-tez doğulduğu doğma şəhərinə, Qarabağın füsunkar və ecazkar guşəsi olan qədim Şuşaya aparardı. Orada balaca İdris məşhur xanəndə və müğənnilərin ifasında Azərbaycan muğam və xalq mahnılarını dinləmiş, bu lirik və gözəl nəğmələr onun yaddaşına, qəlbinə hopmuşdu. Şirin, məlahətli səsi ilə tez-tez bu mahnıları zümzümə edər, oxuyardı. Gəncədə təhsil aldığı orta məktəbin bədii özfəaliyyət kollektivinin solisti kimi oxumağa başladı. Tezliklə uşaq xorunun solisti olaraq səhnələrə çıxıb özünün qabiliyyətini göstərdi. Olimpiadalar, baxışlar, müsabiqələr, festivallarda qalib oldu.

Ailə vəziyyəti ilə bağlı Bakıya köçəndən sonra İdris Mehdiyev Pioner və Məktəblilər Sarayında (hazırda Tofiq İsmayılovun adını daşıyır) uşaq xorunun solisti oldu. Əsl vokal sənətinə yol buradan başladı. Vokal-xor sənətinin tanınmış ustadı A.A. Milovanovun rəhbərliyi ilə xorun yüksək ifaçılıq məharəti hamını heyran edirdi.İdris bu kollektivin solisti kimi sənətin incəliklərinə dərindən yiyələndi.O illərdə uşaq xorunun yetirmələri sırasında Müslüm Maqomayev, Lütfiyar İmanov və başqaları ilə yanaşı, İdris Mehdiyevin də adı çəkildi.

Hərbi xidmətə çağırılan gənc İdris xoş təsadüf nəticəsində əsgərlik illərini Qırmızı Bayraqlı Baltik Donanmasının Mahnı və Rəqs Ansamblında keçirdi. Ansamblın solisti kimi onun qarşısında geniş üfüqlər, böyük səhnələr açıldı. İsveç, Norvec, Danimarka, Almaniya, Polşa, FinlandiyaBaltikyanı ölkələrdə dəfələrlə qastrol səfərlərində olan kollektivin tərkibində bir-birindən uğurlu çıxışlar etdi.

Vətənə döndükdən sonra gənc ifaçı əvvəlcə təhsil aldığı Azərbaycan Dövlət Neft Akademiyasının özfəaliyyət kollektivinin, 1964-1978-ci illərdə xalq artisti Tofiq Əhmədovun rəhbərlik etdiyi Azərbaycan Radio və Televiziyası Estrada Orkestrinin, Bakı Hava Hücumundan Müdafiə Dairəsinin Mahnı və Rəqs Ansamblının solisti kimi fəaliyyət göstərdi. Respublikamızın müxtəlif bölgələrində, xarici ölkələrdə qastrol səfərlərində Azərbaycan və rus dillərində mahnılar oxuyaraq musiqi sənətimizi ləyaqətlə təmsil etdi.

Radio və Televiziyanın Estrada-Simfonik Orkestrinin müşayiəti ilə Fikrət Əmirovun “Reyhan”, Rauf Hacıyevin “Azərbaycan”,”Sevgilim”, ”Bakı haqqında mahnı”, Tofiq Quliyevin “Sənə də qalmaz”, ”Qızıl üzük”, Səid Rüstəmovun “Qurban adına”, “Alagöz”, “Sumqayıt”, Cahangir Cahangirovun “Ana”, ”Qarabağ”, Emin Sabitoğlunun “Gilavar”, Ramiz Mustafayevin “Məni tək burax”, Nəriman Əzimovun “Arzum, istəyim”, Əziz Əzizlinin “Kənd yolunda” , Ruhəngiz Qasımovanın “Azərbaycan qızları”, Xəyyam Mirzəzadənin “Külək”, “Abşeron bağları”, “Ayrılıq”, Rəşid Şəfəqin “Alma ağacları çiçəklənəndə” və digər Azərbaycan bəstəkarlarının bir sıra vokal əsərlərinin ən parlaq və təkraredilməz ifaçısı oldu.

Ömrünün sonuna qədər Azərbaycan Dövlət Radio və Televiziyası Xorunun solisti və kollektivin direktoru kimi çalışan İdris Mehdiyev bir çox görkəmli bəstəkarların əsərlərini, romanslarını, həmçinin Azərbaycan xalq mahnılarını simfonik, estrada orkestrləri və xalq çalğı alətləri ansamblları ilə məharətlə ifa etmişdi. Onun repertuarında Fikrət Əmirov, Tofiq Quliyev, Səid Rüstəmov, Vasif Adıgözəlov, Emin Sabitoğlu, Oqtay Zülfüqarov, Xəyyam Mirzəzadə, Ruhəngiz Qasımova, Rəşid Şəfəq və digər korifey sənətkarların əsərləri önəmli yer tutur.

İdris Saleh oğlu Mehdiyev 10 noyabr 2015-ci il tarixində 75 yaşında Bakı şəhərində vəfat edib. Ümumşəhər qəbiristanlığında dəfn olunub

Musiqi mədəniyyəti sahəsində xidmətlərinə görə İdris Mehdiyev 1974-cü ildə Azərbaycan Respublikasının Ali Sovetinin Fəxri fərmanına, 1978-ci ildə isə “Azərbaycan SSR Əməkdar artisti” fəxri adına layiq görüldü.

İfa etdiyi məşhur mahnılar

[redaktə | mənbəni redaktə et]
  • Külək (Musiqi:Xəyyam Mirzəzadə, Sözləri: Vaqif Səmədoğlu)
  • Abşeron bağları (Musiqi:Xəyyam Mirzəzadə, Sözləri: Nəbi Xəzri)
  • Ayrılıq (Musiqi: Xəyyam Mirzəzadə)
  • Qoy yarım gəlsin (Xalq mahnısı)
  • Güləbatın (Xalq mahnısı)
  • Laçın (Xalq mahnısı)
  • Gözəlim sənsən (Xalq mahnısı)
  • Girdim yarın baxçasına (Xalq mahnısı)
  • Ay uca dağlar başında (Xalq mahnısı)
  • Sahilə gəl (Musiqi:Vasif Adıgözəlov, Sözləri:Mikayıl Müşfiq)
  • Sən mənimsən, mən sənin (Musiqi:Tofiq Quliyev, Sözləri:Zeynal Cabbarzadə)
  • Песня о Баку (Musiqi:Tofiq Quliyev Sözləri:Vladimir Qafarov)
  • Qızıl üzük (Musiqi:Tofiq Quliyev, Sözləri:Rəsul Rza)
  • Золотой колос (Musiqi:Tofiq Quliyev, Sözləri: Aleksandr Jarov)
  • Bəxtiyarlıq nəğməsi (Musiqi:Tofiq Əhmədov, Sözləri:Tofiq Mütəllibov)
  • Lalələr (Musiqi:Telman Haciyev, Sözləri: Aslan Aslanov)
  • Algöz (Musiqi:Səid Rüstəmov, Sözləri: Zeynal Çabbarzadə)
  • Günəş (Musiqi/Sözləri:Rühəngiz Qasımova)
  • Oxu, Rəşid (Musiqi:Ramiz Mustafayev, Sözləri: Mirvarid Dilbazi)

Mahnılarda yaşanan ömür(Afət Sadıqoğlu,“Xalq qəzeti” 05.11.2016)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]