İsgəndəriyyəli Kirill (376[1], Əl-Məhəllə əl-Kübra, əl-Qərbiyyə mühafəzəsi[d] – 27 iyun 444, İsgəndəriyyə, Akrotiri və Dekeliya) — IV–V əsrlərdə İsgəndəriyyə yepiskopu., xristian müqəddəsi, ilahiyyatçı.
İsgəndəriyyəli Kirill | |
---|---|
Doğum tarixi | 376[1] |
Doğum yeri |
|
Vəfat tarixi | 27 iyun 444 |
Vəfat yeri | |
Fəaliyyəti | klirik[d] |
Vikianbarda əlaqəli mediafayllar |
Məşhur və ziddiyyətli xristian müqəddəslərindən sayılan bu ilahiyyatçının 376-cı ildə doğulduğu ehtimal edilir.[2] Mənbələrdə onun öz dövrünün tanınmış yepiskopu İsgəndəriyyəli Feofilin bacısı oğlu olduğu bildirilir.
Həmin dövrdə xristian dünyasında İsgəndəriyyə və Konstantinopol yepiskopları arasında ciddi nüfuz mübarizəsi gedirdi. Feofilin Konstantinopol patriarxı İohanla düşmən olduğuna görə bu, Kirillə də sirayət etmişdi. İohann 417-ci ildə vəfat etdikdə o, sonralar çox məşhurlaşan
"Əgər İohann yepiskopdursa, onda niyə Yəhuda həvari deyil" |
üsyankar cümləsini işlətmişdir. Kirill daha sonralar nestorian təliminin qatı düşməninə çevrilmişdir.
412-ci ildə Feofilin ölümündən sonra İsgəndəriyyə yepiskopu vəzifəsinə yiyələnən Kirill, yerli hakimiyyət orqanları ilə mübarizə aparmaqdan da çəkinməmişdir. O, özünün yerli prefektlərdən (yerli hakimiyyət orqanı) daha üstün olduğunu, bu səbəbdən də hamının ona tabe edilməsinin vacibliyi fikrini dəfələrlə təkrarlamışdır.
Kirill yepiskop vəzifəsinə yiyələndikdən sonra qeyri-xristianlarla amansız mübarizə aparmış və onların təqibi üçün bütün güc və nüfuzunu istifadə etməkdən çəkinməmişdir.[2] Yepiskop təkcə qeyri-xristianlara deyil, həm də digər xristian məzhəblərinin nümayəndələrinə qarşı da amansız olmuşdur. Bu mübarizənin çox zaman qanlı nəticələrə gətirib çıxardığı tarixçilər tərəfindən qələmə alınmışdır. Qeyd edək ki, bəzi tarixçilər məşhur İsgəndəriyyə kitabxanasının məhvini Kirillin yepiskop vəzifəsindəki sələfi olmuş dayısı Feofilin təşkil etdiyi qənaətindədir .
Kirillin yəhudilərə qarşı amansız münasibəti nəticəsində, bir vaxtlar Yaxın Şərqin ən böyük yəhudi icmalarından olan İsgəndəriyyə icması demək olar ki, tamamilə dağılıb məhv olmuşdur. Həmin dövrün tarixçisi Sokrat Sxolastik bu barədə yazmışdır:
"Kirill ətrafında çoxsaylı tərfdarlarını toplayaraq, sinaqoqlara girir, buranı yəhudilərdən təmizləyir, onların bütün mallarını və var-dövlətlərini əllərindən alır, özlərini isə şəhərdən qovurdu. Beləliklə, Makedoniyalı İsgəndərin dövründən bəri İsgəndəriyyədə yaşayan yəhudilər, hamılıqla və heç nəsiz bu şəhəri tərk edərək ətraf ərazilərə dağıldılar".[3]
Bunlarla kifayətlənməyən yepiskop şəhər prefekti Orestin və o dövrdə çox məşhur olan alim-qadın və filosof Hipatiyanın qətlini də təşkil etmişdir. Hipatiya fövqəladə biliyi və ağlı ilə şəhər başçısı Orestə böyük təsir göstərmişdir. Bunun nəticəsində də yepiskop və onun tərəfdarları prefektlə aralarında yaşanan münaqişələrin səbəbi kimi məhz bu qadını görürdülər. 415-ci ildə bir qrup xristian Hipatiyaya hücum edərək və onu öldürmüşlər. Sokrat Sxolastik Hipatiyanın qətlinin günahkarının Kirill deyil, kiçik kilsə xadimi Pyotr olduğunu bildirsə də, tarixçilərin əksəriyyəti bu fikri rədd edərək, Kirillin bu qətlin təşkilatçısı kimi çıxış etməsinə heç bir şübhə olmadığını yazmışlar. Hipatiyanın ölümündən sonra onun şagirdləri İsgəndəriyyəni tərk etmiş və bu şəhər elm mərkəzi kimi tənəzzülə uğramışdı.
Kirill xristian ilahiyyatçısı kimi də fəaliyyət göstərmiş, İsgəndəriyyə İlahiyyat məktəbinin davamçısı olmuşdur. O, Afanasinin və Laodikiyalı Apollanariusun fikirlərini özündə birləşdirən xristian iman əsaslarının müəllifi olmuş, xristian apologetikasına (dini görüşləri müdafiə edən əsər) dair bir sıra traktatlar yazmışdır. Həmçinin, nestorianlıq əleyhinə də xeyli əsərləri qələmə almışdır. Bunlardan əlavə, Bibliyanın müxtəlif hissələrinə yazılan təfsirlər və "Üç üqnum" (Ata (Tanrı), Oğul (İsa Məsih) və Müqəddəs ruh üçlüyünün vahidliyini təcəssüm edən dini termin) anlayışının izahına dair traktatların müəllifi olmuşdur.
İsgəndəriyyəli Kirill 444-cü il iyunun 27-də İsgəndəriyyədə vəfat etmiş, daha sonra xristian kilsəsi tərəfindən müqəddəs elan olunmuşdur.