Şəki üsyanı (1838)

Şəki üsyanı (1838) - XIX əsrdə çar Rusiyasının Azərbaycanda yeritdiyi müstəmləkəçilik əsarətinə qarşı çevrilmiş ümumxalq üsyanı.

Üsyanın səbəbləri

[redaktə | mənbəni redaktə et]

XIX əsrin 30- cu illərində Azərbaycanda çarizmin müstəmləkə əsarətinə qarşı baş vermiş üsyanları doğuran ümumi amillər 1838-ci ildə Şəkidə baş vermiş üsyan üçün də xarakterik idi. Lakin xanlıqlar dövründə mövcud olan vergi və mükəlləfiyyətlər heç bir əyalətdə Şəkidəki qədər deyildi.

"Cənubi Qafqazda ipəkçiliyi və ticarət sənayeçiliyini yayan" Cəmiyyətin tut ağacları plantasiyalarında və müəssisələrdə çalışan rəncbərlərin vəziyyəti xüsusilə dözülməz idi. Kiçik qüsur üstündə rəncbərə bədən cəzası verilirdi.

Əyalətin inzibati mərkəzi olan Şəki şəhərində sənətkarlara tətbiq edilən ağır vergilər, rüsumlar, zorakılıqlar, qanunla nəzərdə tutulmayan mükəlləfiyyətlər onları müflisləşdirir və cana doydururdu. Şəhərdə yaşayan ağalar, bəylər və ruhanilər də komendantdan narazı idi. Çoxları doğma yurdunu tərk edib dağlara, meşəllərə çəkilirdi. Bu narazı qüvvələr hər an üsyana başlamağa hazır idilər.

Vaxtilə çarizmin zülmü üzündən Şəkini tərk etməyə məcbur olmuş Səlim xan da ailəsi ilə birlikdə İranın sərhəd kəndi Zeyvə məskunlaşmışdı.

Üsyanın başlanması və gedişi

[redaktə | mənbəni redaktə et]

Bəzi mənbələrə görə Şəki üsyanının başçısı Məşədi Məhəmməd adlı şəxs Səlim xanın oğlu Hacı xanın tapşırığı ilə hələ 1837-ci ildə Şəkiyə gəlmişdi.

Tədqiqatçı alim Z.Ə.Cavadova isə "Şimal- Qərbi Azərbaycan" (tarixi-demoqrafik araşdırma) əsərində mənbələrə əsaslanaraq qeyd edir ki, üsyana İranda vəfat edən Şəki xanı Hüseyn xanın oğlu Məmməd bəy başçılıq edirdi. 1837-ci ildə öz vətəninə qayıdan Məmməd bəy tərəfdarları ilə birlikdə müstəmləkə əsarətinə qarşı mübarizəyə başladı. Lakin tezliklə həbs olunaraq hərbi məhkəməyə verildi. 1838-ci ilin avqustun 8-də o, həbsxanadan qaçaraq Quba mahalının yuxarı hissəsində gizləndi.

1838-ci ilin avqustunda Quba mahalının yuxarı hissəsində 5 minədək atlı və piyada qoşun toplayan Məmməd bəy Rutuldan olan Ağa bəylə birlikdə Şəki üzərində hücuma hazırlaşmağa başladı. Avqustun 30-da çoxsaylı dağlı qoşunu Xaçmaz mahalı yaxınlığında dağı aşaraq Şəki əyalətinə girdi. 400 evdən ibarət Xaçmaz kəndinin sakinləri dağılara qoşuldu. Mahal naibinin kənd əhalisindən yaxınlaşan dağlı qoşununa qarşı müqavimət göstərmək üçün dəstə toplamaq cəhdi baş tutmadı.

1838-ci ildə Şəkidə baş vermiş üsyanın xarakterik xüsusiyyəti müstəmləkə əsarətinə qarşı çevrilmiş bu azadlıq mübarizəsində Şəki əhalisi ilə yanaşı dağlı tayfalarının da iştirak etməsi idi.

Məmməd bəy Şəki əhalisinə göndərdiyi müraciətdə bildirirdi ki, o şəkililəri öz dindaşları və dostları hesab edir. Onlara qarşı heç bir pis niyyəti yoxdur. Yürüşdə əsas məqsəd onları xristianların zülmündən azad etmək, bütün işğalçıları məhv etməkdir. Məmməd bəyin bu müraciəti Şəkidə üsyanın başlaması üçün bir işarə oldu.

Şəki komendantı podpolkovnik Minçenko yaxınlaşan təhlükəni dəf etmək üçün silahlı əhali toplamağa başladı. Lakin tələb olunan 1000 nəfər yerinə cəmi 200 atlı yığıldı. Çətinliklə yığılan bu silahlı dəstə Vartaşın kəndinə gəldi. Onlar isə nəinki müqavimət göstərdilər, hətta mahal naibini hədələyərək onun bu ərazidən çıxmasını tələb etdilər. Qısa müddətdə üsyan bütün Şəki əyalətini bürüdü.

Avqustun 31-də köməyə gələn dağlı qoşunu sürətlə hərəkət edərək demək olar ki, heç bir müqavimətə rast gəlmədən Şəkiyə yaxınlaşdılar. Şəki komendantı kömək üçün Nijeqorodsk draqun polkunun komandiri polkovnik S.D.Bezobrazova müraciət etdi. Çar quyuları istehkamından Şəkiyə top artilleriyası ilə birlikdə 2 diviziya və Zaqatala qalasından 2 rota göndərildi. Bu hərbi qüvvəyə İlisu sultanının yüzədək atlısı da qoşuldu.

Polkovnik S. D. Bezobrazov Şəkiyə gələn zaman üsyançılarla birləşməyə cəhd göstərən dağlı qoşunu artıq şəhərə yaxınlaşmışdı. Qışlaq adlanan ərazidə köməyə gələn dağlı qoşunu ilə, Şəkidə yerləşdirilmiş rus qoşunu arasında şiddətli döyüş başladı. Şəhər yarğanlar və sıx bağlarla əhatə olunduğu üçün az saylı qoşunla üsyançılara qarşı vuruşmaq və şəhəri əldə saxlamaq çətinlik yaradırdı. Ona görə də polk Bezobrazov öhdəsində olan az saylı qoşunla şəhərdən 4 verst aralı olan Qışlaq ərazisində həlledici döyüşə girməyi qərara aldı. Nijeqorodsk draqun polkunun kapitanı knyaz Çavçavadze milis dəstələri ilə birlikdə Qışlaq və Zəyzid yolu ilə hərəkətə başladı. Bu dəstəni Gürcüstan xətt batalyonunun 2 rotasından təşkil edilmiş dəstə müşayət edirdi.

Zəyzid kəndi yaxınlığında milis dəstələri ilə üsyançılar arasında atışma başladı. Piyada qoşunlarına başçılıq edən polkovnik Bezobrazov milis dəstələrinə kömək etmək üçün Zəyzid yoluna çıxdığı an üsyançılar onların üstünə atıldı. Lakin piyadalar süngü zərbələri ilə bu kütləni geri oturtdu və qaçmağa məcbur etdi.

Üsyançıların digər hissəsi isə Qışlaq yolunda dayanan rotaya hücum edərək burada olan bir topu ələ keçirməyə cəhd göstərdilər. Bu döyüşdən sonra Məmməd bəy Şəkiyə yaxın olan yüksəklikləri ələ keçirərək şəhərə daxil oldu. Qısa müddətdə üsyançılar şəhərin bütün şimal hissəsini ələ keçirdi. Ələ keçirilmiş yerlərdə öz mövqelərini möhkəmləndirmək istəyən üsyançılarla ruslar arasında şiddətli atışma başladı. Polkovnik Bezobrazovun həyata keçirdiyi tədbirlər nəticəsində köməyə gələn dağlıların hücumu dayandırılsa da, onlar hər dəfə böyük səylə öz hücumlarını yenidən bərpa edir və güclü müqavimət göstərirdilər. Döyüş zamanı hər iki tərəf ağır itki verdi.

Tezliklə üsyançılar qaladan 15 sajen aralıda yerləşən karvansaranı, ona yaxın olan bütün tikililəri və bağları ələ keçirdilər. Şəhərdə olan 320 nəfərlik rus qarnizonu qalada gizləndi. Qalanın bir hissəsini dağıdan üsyançılar komendant idarəsini, əyalət xəzinəsini ələ keçirdilər. Karvansaradakı tacirlər və şəhərdə yaşayan ermənilər qaçıb qalada gizləndi. Burada onlar silahlandırıldı və qalanı müdafiə edən rus əsgərlərinə qoşuldu.

Müstəmləkə əsarətinə qarşı ayağa qalxan xalqın apardığı azadlıq mübarizəsi işğalçıları qorxuya saldı. Bu mübarizə Qafqaz xalqlarının öz azadlığı uğrunda birgə apardıqları qəhrəmanlıq mübarizəsinin şanlı səhifəsi idi. Köməyə gələn dağlı qoşunu ilə birləşən üsyançıların birgə mübarizəsi istilaçılara amansız zərbə vurdu.

Üsyanın məğlub olması

[redaktə | mənbəni redaktə et]

Polkovnik Bezobrazov üsyanı yatırmaq, əhalini sakitləşdirmək və dağıları şəhərdən qovmaq üçün qətiyyətli hərbi əməliyyat keçirmək qərarına gəldi. Lakin Şəkinin tanınmış adamları öz evlərinin, tut və meyvə bağlarının məhv olacağından ehtiyat edərək bu hücumun dayandırılmasını xahiş edirdi. Podpolkovnik Minçenkonun təklifinə əsasən karvansaranı yandırmaq qərara alındı. Bu iş qalada qaçıb gizlənən gürcü taciri İsaak Kuzinova tapşırıldı. O kəndirlə qaladan aşağı enərək əlində tutduğu yanan məşəli tez-tələsik karvansaranın damına etdi. Üsyançılar yanan karvansaranı söndürməyə çalışdılar. Bu zaman ruslar onlara atəş açdı.

Sentyabrın 2-də üsyançılar bütün evlərdən nərdivanları yığaraq qalaya hücuma hazırlaşmağa başladı. Onlar qalanın lap yaxınlığına gələrək güclü atəş açdılar. Sentyabrın 2-də bütün gecə atışma davam etdi. Polkovnik Bezobrazovun göstərişi ilə üsyançıların qalaya atəş açdıqları evlər yandırıldı. Səhərə yaxın atışma səngidi. Köməyə gələn Tiflis yeger polkunun batalyonu ilə birləşən polkovnik Bezobrazovun hərbi qüvvələri xeyli artdı.

Sentyabrın 3-də üsyançıların köməyinə gələn dağlı qoşunu şəhəri tərk etməyə başladı. Rus qoşunu şəhərə daxil oldu. Üsyan amansızlıqla yatırıldı. Geri çəkilən dağlı qoşununu təqib edən rus əsgərləri onların bir neçəsini əsir götürdü. Üsyan başçısı Məmməd bəy isə yenidən İrana qayıtdı. Rutullu Ağa bəy də Dağıstana geri döndü.

Üsyan yatırıldıqdan sonra Şəkidə kütləvi həbslər başladı. Varlıların bir çoxu öz əmlaklarını qoyaraq şəhərdən qaçdı. 100 nəfər həbs olundu. 1838-ci il hadisəsi həmin il Qafqazda baş verən hadisələr içərisində işğalçıları qorxuya salan ən dəhşətli hadisə idi. Sakitliyi bərpa etmək üçün Tiflis yeger polkunun bir batalyonu və 6 topla birlikdə 2 draqun diviziyası bir müddət Şəkidə saxlandı.

  • Z.Ə.Cavadova. Şimal-Qərbi Azərbaycan. (tarixi-demoqrafik araşdırma). Bakı,1999.
  • Действия 1838 года за Кавказомь. АКАК, т. IX. Тифлис, 1883.