Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Şəki tarixi |
---|
Dövlətlər və ərazi vahidləri |
Sülalələr |
Döyüşlər |
|
Digər |
Göynük üsyanı yatırıldıqdan sonra da Şəkidə mövcud üsul idarəyə qarşı xalqın ümumi narazılığına son qoymaq mümkün olmadı. 1814-cü il 8 noyabrda Qafqazdakı rus qoşunlarının baş komandanı general N. F. Rtişşevin imperatora göndərdiyi raportdan aydın olur ki, Cəfərqulu xanın ölümündən sonra Şəkiyə yeni xanın-İsmayıl xanın təyin edilməsi yerli əhalinin kəskin müqaviməti ilə qarşılandı. Cəfərqulu xanın sağlığında Rusiyaya sədaqəti ilə diqqəti cəlb edən və buna görə də xanın varisi kimi tanınan İsmayıl xanın Şəki xanı elan edilməsi Şəkidə üsyanın başlanılmasına səbəb oldu. Yerli əhali yaxşı başa düşürdü ki, İsmayıl xan da öz atası Cəfərqulu xan kimi Rusiyanın müstəmləkə siyasətini can-başla yerinə yetirəcək.
Yeni xanın hakimiyyətini rəsmi şəkildə elan etmək üçün general-mayor Axverdov Şəkiyə gəldi. Bu xəbəri eşidən xalq qalanın ətrafına yığılaraq öz narazılığını bildirdi. Xalq Rusiyadan asılı olmaq istəmir və İsmayıl xanın hakimiyyətini tanımayacaqlarını bildirirdilər. Başlanan üsyana əhəmiyyətsiz yanaşan Axverdov mahalları idarə edən bəylərin və məliklərin yığıncağında İsmayıl xanı Şəki xanı elan edərək bu ərazidən Şamaxı xanlığına getdi. Məqsəd, vaxtilə Cəfərqulu xanla-Şamaxı xanlığı arasında yaranmış ümumi narazılığa son qoymaq və yeni xanla-İsmayıl xanla Mustafa xan arasında rus imperiyasının mənafeyi naminə xoş münasibət yaratmaq idi. General-mayor Axverdovun getməsindən sonra xalqın ümumi narazılığı daha da artdı. Üsyan genişlənərək yaxın kəndlərə və xanın bütün iqamətgahına yayıldı. Üsyançılar Rusiyapərəst İsmayıl xanın divanının bağlanmasını tələb edir və yeni xanın hakimiyyətini tanımayacaqlarını bildirirdilər.
Üsyanın başlanması və getdikcə genişlənməsi təhlükəsi Nuxada yerləşdirilmiş Sevastopol piyada polkunun kapitanı Denibekovu cəld bir sıra tədbirlər həyata keçirməyə məcbur etdi. O, İsmayıl xanın və Şəkinin bir sıra nüfuzlu bəylərinin məsləhəti ilə üsyan başçıları ilə danışığa girdi. Lakin kapitan Denibekov xəyanət edərək danışığa gələn 4 nəfər üsyan başçısının həbs olunması haqqında əmr verdi. Öz tərcüməçisini 2 nəfər kazakla üsyançıların yanına göndərən Denibekov onlara evlərinə dağılışmağı məsləhət gördü, əks halda silahlı divan tutulacağı ilə hədələdi.
Üsyançılar şəhər ətrafına çəkildi və möhkəmlənməyə başladı. Kapitan Denibekov üsyançıların güclənməsinə yol verməmək üçün vaxt itirmədən özü ilə 70 əsgər və bir top götürərək qaladan çıxıb üsyançıların üzərinə yeridi. Silahsız xalq müqavimət göstərməyin çətin olduğunu görərək əz yaşayış yerinə qayıtdı: Şəkidə üsyan əhval-ruhiyəsini isə uzun müddət yatırmaq mümkün olmadı.
Məhz bu qorxu Şəki qalasında yerləşdirilmiş qarnizonun yeni hərbi qüvvələr hesabına möhkəmləndirilməsinə səbəb oldu. Vəziyyətin ağırlığını görən general-mayor Axverdov yenidən Şamaxı xanlığından Şəkiyə qayıtmağa məcbur oldu. O general N. F. Rtişşevə göndərdiyi məlumatda artıq sakitliyin yaranması haqqında xəbər verirdi.
Şəkidə yaranmış sakitlik isə yalnız zahiri xarakter daşıyırdı. Mübarizəni axıra qədər davam etdirmək istəyən 250 nəfər Car ərazisindən keçərək Kaxetiya vasitəsilə Tiflisə, general N. F. Rtişşevin yanına getdi. Bundan xəbər tutan general üsyançıları şəhərə buraxmamaq haqqında əmr verdi. N. F. Rtişşev tərəfindən üsyançıların yanına göndərilən Gürcüstan qubernotoru general-mayor Simonoviç və Tiflisin hərbi komendantı 16 nəfərlə Tiflisə qayıtdı. Onlar əsasən üsyan başçıları və Şəki xanlığında əhalinin daha çox inandığı, hörmət etdiyi din xadimləri idi. General-mayor N. F. Rtişşev nəinki üsyan başçılarının şikayətinə qulaq asdı, hətta hiylə ilə onları bu işdən çəkindirməyə çalışdı.
Üsyançıların möhkəm dayandığını və geri çəkilmədiyini görən N. F. Rtişşev onları hərbi məhkəməyə verdi. Üsyançıların bir hissəsi Sibirə və Orenburqa sürgün edildi, bir hissəsinə kötəklə döyülmə cəzası verildi, qalanları isə cəzalandırmaq üçün İsmayıl xanın ixtiyarına göndərildi.
Tiflisə gedən üsyançılar İsmayıl xanın məmuru Maqsud ağanın başçılığı altında bir rotanın müşayəti ilə Şəkiyə qaytarıldı. Onlar yeni xana və Rusiya imperiyasına sadiq qalacaqlarına and içdi. Sonralar Şəki əhalisinin Qafqazda rus qoşunlarının yeni baş komandanı A. P. Yermolova yazdığı məktubdan aydın olur ki, Sibirə sürkün olunanlardan 8 nəfəri orada ölmüşdü. Əhali sağ qalanların, o cümlədən Mahmud ağa Hacıxanovun, Molla Hacının, Hacı Əli oğlunun, Məmmədyusif Səfərovun və b. geri qaytarılmasını xahiş edirdi.
1814-cü il üsyanı yatırıldı. Təpədən-dırnağadək silahlanmış rus ordusuna qarşı müqavimət göstərmək olduqca çətin idi. Buna baxmayaraq xalq yadelli əsarətinə-ağalığına qarşı öz qəzəb və nifrətini bildirməkdən çəkinmirdi. Şəki xanlığına yeni hərbi qüvvələr gətirilir, üsyan baş verməməsi üçün bütün tədbirlər görülürdü.
Görülən tədbirlərə baxmayaraq Azərbaycanın şimal-qərb ərazisi müstəmləkə əsarətinə qarşı çevrilmiş ən qüvvətli mübarizə mərkəzi olaraq qalırdı.