Əbüləla əl-Mövdudi

Əbüləla Mövdudi[4] (urdu ابو الاعلی مودودی; 25 sentyabr 1903[1][2][…], Övrəngabad, Britaniya Hindistanı[3]22 sentyabr 1979[1][2][…], Nyu-York, Nyu-York ştatı) — Pakistanlı təfsirçi, İslam alimi və yazıçı.

Əbüləla Mövdudi
ابو الاعلی مودودی
Doğum tarixi 25 sentyabr 1903(1903-09-25)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 22 sentyabr 1979(1979-09-22)[1][2][…] (75 yaşında)
Vəfat yeri
Fəaliyyəti ilahiyyatçı, siyasətçi, filosof, jurnalist, tərcüməçi, yazıçı
Partiyası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Əbüləla Mövdudi 1903-cü il sentyabr ayının 25-də Pakistanın Heydərabad vilayətinin Övrəngabad qəsəbəsində anadan olub. Çiştiyyə təriqətinin qurucusu Həcc Qütbəddin Mövdudi Çiştinin soyundandır. Uşaq yaşlarından etibarən fars, ərəb, urdu və ingilis dillərini öyrənən Mövdudi 1919-cu ildə 16 yaşında ikən atasını itirir. Mövdudi 1920-ci ildə jurnalist kimi peşə fəaliyyətinə başlayır.

Bir müddət Cəbəlpurda vilayətində jurnalist işlədikdən sonra Hindistanın paytaxtı Delhiyə gedərək, Hindistan Alimləri Cəmiyyətinin (HAC) mətbu orqanı olan "əl-Came" qəzetində redaktor vəzifəsində çalışır. 1927-ci ildə xəstələnən Mövdudi bu səbəbdən doğma qəsəbəsi Avranqabada geri qayıtmağa məcbur olur. 1932-ci ildə isə gənc jurnalist Heydərabadda aylıq dərc olunan "Tərcüman əl-Quran" jurnalını təsis edir.

1938-ci ilin yanvarında Mövdudi M.İqbalın dəvətini qəbul edərək, İslam hüququnun inkişaf etdirilməsi fəaliyyətlərinə qoşulmaq üçün Pəncab vilayətinə yollanır. Onun burada çalışdığı məscid və bir neçə ev sonralar Dar əs-Salam Akademiyasına çevrilir. 1938-ci ilin aprelində M.İqbal vəfat etdikdən sonra Mövdudi Lahora gedərək, İslam Universitetinin İlahiyyat fakültəsində məvacib almadan dekan vəzifəsini icra edir. Ancaq o, burada fikirlərini sərbəst şəkildə ifadə edə bilməməsinə görə jurnalist peşəsi və elmi fəaliyyəti üçün Dar əs-Salam Akademiyasına qayıdır. Mövdudi burada üç il sonra, 1941-ci ildə "İslam Camaatı" hərəkatını yaradır.

İstər dini, istərsə də humanitar sahədə biliyini artıran Mövdudi artıq 17 yaşında siyasi məsələlərə dair müharkimə yürütmək qabiliyyətinə malik idi. O, 1926-cı ildə "cihad" anlayışını "keçmiş və müasir müharibə" məfhumlarından ayırmaqla "islam cihadı" anlayışı ilə müasir beynəlxalq hərb hüququnu müqayisə etdiyi "İslamda cihad" adlı kitabını qələmə alaraq nəzərləri cəlb edir.

1932-ci ildə Mövdudi müasir təhsil almış gənclərə saf imanı aşılamaq üçün özünün məşhur "İslamın anlaşılmasına doğru" kitabını yazır. Kitab dəfələrlə nəşr olunmaqla 10-dan çox dilə çevrilir. "İslamın anlaşılmasına doğru" bir sıra ölkələrin ali təhsil ocaqlarında tədris vəsaiti olur.

O, qələmə aldığı əsər və məqalələrində müsəlmanların öz dinlərini rahat yaşamaq hüququna malik olduğunu qeyd edir, digər dinlərin nümayəndələrinin müsəlmanlara hörmətlə yanaşmalı olduğunu vurğulayır. Həmçinin, Mövdudi əsərlərində müsəlmanları Quran və Peyğəmbərin sünnəsinə riayət edərək, belə bir həyat tərzi sürməyə çağırır. 1939-40-cı illərdə Mövdudi "Mövcud siyasi keşməkeşdə müsəlman" adı altında silsilə məqalələrini dərc etdirir.

Mövdudinin İslam Camaatı hərəkatını yaratmaqda məqsədi siyasi motivlərlə bağlı idi və bu hərəkat daha sonra siyasi partiyaya çevrilir. Gənc alim 1947-ci ildən sonra bütün səyini Pakistanda İslam şəriətinə uyğun həyat tərzinin bərqərar edilməsinə sərf edir. 1948-ci ilin yanvar-mart aylarında Mövdudi Pakistan radiosuna İslamın ruhani, mənəvi, əxlaqi, sosial və iqtisadi təlimini izah edən beş müsahibə verir.

O, ölkənin bütün vilayətlərini dolaşır, müsəlmanları Quranın və Peyğəmbərin göstərdiyi yolla getməyə çağırır. Bir sıra dairələr isə bundan istifadə edərək, onu dövlətə düşmənçilikdə ittiham edirlər. Nəticədə o, bir müddət sonra, yəni, 1948-ci il oktyabr ayının ayının 4-də həbs olunur. Mövdudi 1950-ci ilin may ayının 28-ə qədər həbsdə saxlanılmasına baxmayaraq, onun hərəkatı adından irəli sürdüyü təkliflərinin bir çoxu 1949-cu il mart ayının 7-də qəbul olunan Milli Konstitusiyada öz əksini tapır. Bununla da Pakistanda ilk dəfə Barəlvi, Əhli-Hədis və Şiə məzhəblərini təmsil edən 31 alim Mövdudinin təkidi nəticəsində 1951-ci il 21-24 yanvar tarixləri arasında Kəraçidə keçirilən konfransda yeni konstitusiyaya əlavə üçün lazım olan 22 prinsipi yekdilliklə qəbul edirlər.

1952-53-cü illərdə Pəncab vilayətində əhalinin böyük əksəriyyəti Qadiyani məzhəbinin konstitusiyada İslamdan xaric dini azlıq kimi qeyd olunmasını tələb etdiyi zaman hökumət bunun qarşısını zorakılıqla alır. Mövdudi isə hökumətin bu mövqeyini qınayaraq, əhalinin istəklərini dəstəkləyici xarakterdə "Qadiyani problemi" adlı məqaləsini qələmə alır. Bunun nəticəsində isə 1953-cü il may ayının 28-də Mövdidi həbs edilərək barəsində edam hökmü çıxarılır. Ancaq müsəlman dünyasında Mövdudinin barəsində çıxarılan ağır cəzaya qarşı etirazlar o qədər güclü olur ki, hökumət geri addım atmaq məcburiyyətində qalır. Edam hökmü 14 ilə qədər həslə əvəz edilir. 1955-ci ilin may ayında isə Pakistan Ali Məhkəməsinin qərarı ilə Mövdudi sərbəst buraxılır.

1955-ci il martında qəbul edilən konstitusiyada Mövdudinin lideri olduğu İslam Camaatı hərəkatının bir çox tələbi öz əksini tapır. Lakin 1958-ci ilin oktyabrında Pakistanın prezidenti İsgəndər Mirzə konstitusiyanı qüvvədən düşmüş elan edir. Bundan cəmi 20 gün sonra isə bütün siyasi partiyaların, eləcə də İslam Camaatı Partiyasının (İCP) fəaiyyyəti qadağan edilir.

Daha sonra Mövdudi "İslam konstitusiyası və hüququ" adlı kitabını yenidən təkmilləşdirərək nəşr etdirir. Onun arqumentləri o qədər tutarlı olur ki, xristianlarla yanaşı, ölkənin Baş prokuroru A.R. Kornel belə İslam hüququnun ölkə üçün ən münasib sistem olduğunu etiraf edir. 1967-ci il fevralın 17-də Qərbi Pakistan Ali Məhkəməsinin iclasında bütün prokurorlar İslam hüququnun qüvvəyə minməsinin tərəfdarı olduğunu bildirirlər.

1959-62-ci illərdə Mövdudi Quranı urdu dilinə tərcümə edir ki, nəticədə 6 cilddən ibarət əsər meydana gəlir. "Təfhim əl-Quran"ı hazırlamaq üçün isə alim Qərbi Asiyanı – Səudiyyə Ərəbistanını, Suriyanı, Misir və İordaniyanı gəzərək, Quranda göstərilən bütün müqəddəs yerləri ziyarət edir. Ensiklopedik alim özünün ən məşhur əsəri olan "Təfhim əl-Quran"ı 1972-ci ilin iyununda tamamlayır. Əsər islam dünyasında böyük marağa səbəb olur. Bir müddət sonra isə "Təfhim əl-Quran" ingilis, benqal, ərəb və puştun dillərinə tərcümə edilir.

Mövdudi Ərəbistan kralı İbn Səudun xahişi ilə Mədinədə qurulacaq İslam universitetinin layihəsini hazırladığı ərəfədə, yəni, 1963-cü ildə Misir və Səudiyyə Ərəbistanı arasında siyasi problemlərdən dolayı İbn Səud Misirdə hazırlanan Kəbə örtüyünü qəbul etmir. Bu zaman Mövdudi örtüyün Pakistanda hazırlanmasını təklif edir. Təklif qəbul edilir, örtük hazırlanır və iki qatarla bütün Pakistanda nümayiş etdirilir.

Mövdudinin nüfuzunun getdikcə artmasını görən bir sıra dairələr 1963-cü ilin 25-28 oktyabrında İCP-nin illik konqresini pozmaq üçün hər bir fürsətdən istifadə edirlər. Ancaq bütün maneələrə baxmayaraq, konqres 10 min nəfərin iştirakı ilə baş tutur. Burada Mövdudinin həyatına qarşı sui-qəsdə cəhd olunsa da, alimin həyatını xilas etmək mümkün olur.

Bundan sonra sözügedən dairələr ölkənin rəsmi mətbu orqanında Mövdudiyə qarşı əks-təbliğat aparırlar. 1964-cü ildə bu, öz nəticəsini verir. Elə həmin ilin yanvarında İCP-nin bütün liderləri həbs edilir, partiyanın fəaliyyəti isə qadağan edilir. Ancaq bir müddət sonra Pakistan Ali Məhkəməsi qərarı ləğv edir və İCP liderləri sərbəst buraxılırlar.

1965-ci il 6-24 sentyabr tarixləri arasında Hindistan Pakistan ərazilrinə soxularkən Mövdudi radiodakı çıxışında Pakistan torpaqlarını müdafiə etmənin cihad olduğunun bildirir. Bu, mharibənin gedişinə olduqca güclü təsir göstərir. Alimin çıxışı müharibənin gedişinə nəzərəçarpacaq təsir göstərir.

1967-ci ildə İsrail Misir, Suriya və İordaniya ərazilərinə soxulduqda Mövdudi Fələstini, xüsusilə də Qüdsü sionist işğaldan azad etməyə çağırır. 1968-cı ildə Məkkədə keçirilən "Rabitə əl-Aləm əl-İslamiyyə" konfransında Mövdudi müsəlmanların heç bir xarici dövlətdən asılı olmayan öz hərbi birliyini yaratmaq fikrini irəli sürür.

Siyasi fəaliyyəti ilə yanaşı cəmiyyətin bir çox problemləri ilə də yaxından maraqlanan alim, xüsusilə aborta qarşı mübarizə aparır. Alim 1962-ci ildə fərdi, sosial, milli, beynəlxalq iqtisadi və əxlaqi nöqteyi-nəzərdən əhalinin sayının azalmasının üsulları və onların nəticələrini tənqid xarakterli "İslam və doğum nəzarəti" adlı kitabını qələmə alır. Pakistan hökuməti isə kitabın "Milli Ailə Planlaması"na zidd olduğunu iddia edərək, 1966-cı ildə kitabın satışını qadağan edir. Bu illərdə Mövdudinin ölkəni tərk etməsinə də qadağa qoyulur. 1968-ci ildə alimə böyrək əməliyyatı keçirmək məqsədilə iki dəfə Londona getməyə icazə verilir.

Dini elmlərlə yanaşı, humanitar və texniki elmlərə də yiyələnən Mövdudi ensiklopedik alim idi. O, 100-dən çox kitabın, monoqrafiyaların və məqalələrin müəllifidir. Mövdudi əsərlərində İslamın müxtəlif yönlərini spesifik detallarına qədər göstərməyə çalışıb. Onun xanımı isə uzun illər İCP-in qadınlar şurasının sədri vəzifəsini icra edib. Mövdudinin həyat və fəaliyətinin mühüm bir hissəsini ona ünvanlanan müxtəlif mövzulara dair suallara cavab vermək də olub. Tanınmış alim 1979-cu ilin sentyabrında 76 yaşında vəfat edib.

  1. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 3 4 Abul Ala Mawdudi // Encyclopædia Britannica (ing.).
  3. 1 2 Deutsche Nationalbibliothek Record #119307359 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  4. Taha Cabir əl-Ülvani. Çoxfikirlilik ədəb-ərkanından ixtilafdan imtinaya doğru. 2021. səh. 306. "Arxivlənmiş surət". Archived from the original on 2021-05-28. İstifadə tarixi: 2021-05-20.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]