Əbülfət хan Sarıcalı-Cavanşir

Əbülfət xan Cavanşir (az.-əski. ابوالفتح خان جاوانشیر‎, fars. ابوالفتح بیگ جوانشیر‎; v. 1839) — Azərbaycan sərkərdəsi, Cənubi Qafqazda Qarabağ xanlığının hakimi İbrahimxəlil xanın oğlu, 1804–1813-cü illərdə Rusiya–İran müharibəsinin iştirakçısı. O, türkəsilli Cavanşir tayfasından idi.

Əbülfət xan Cavanşir
Şəxsi məlumatlar
Vəfat tarixi 1839
Milliyyəti türk
Uşağı
Atası İbrahim xan
Anası Adı naməlum olan erməniəsilli cariyə
Hərbi fəaliyyəti
Mənsubiyyəti Qacar ordusu
Döyüşlər 1804–1813-cü illər Rusiya–İran müharibəsi
Əlaqələri Mehdiqulu xan Cavanşir (qardaşı)
Ağabacı Cavanşir (bacısı)

Bir cariyənin oğlu olduğu üçün onun atasının qanuni varisi olmaq imkanı az olmuşdur. Zaman-zaman loyallığını Qacar dövləti ilə Rusiya imperiyası arasında dəyişdirən ailəsindən fərqli olaraq, o, ardıcıl olaraq Qacarları dəstəkləmişdi. O, müharibə başlayan zaman Qacar sülaləsinin vəliəhdi Abbas Mirzənin sərkərdəsi və məsləhətçisi olmuşdur. O, tezliklə QafanMeğri üzərində də nəzarəti ələ keçirmişdi. 1810-cu ildə Abbas Mirzə Əbülfət xanı Araz çayının cənub sahilində yerləşən Dizmar qalasına vali təyin etmişdi. İran ilə Rusiya 1813-cü ildə Gülüstan müqaviləsini imzalayaraq sülh bağlamış və bu müqavilə İranın Qarabağı təslim etməsinə gətirib çıxarmışdır. Müharibə bitdikdən sonra Əbülfət xan Dizmar üzərində nəzarəti davam etdirmişdi. 1818-ci ildə Abbas Mirzənin yenicə zəbt etdiyi bəzi de-fakto Rusiya torpaqları üzərində ona valilik verilmişdi. Onun həyatı və fəaliyyəti bu andan ölümünə qədər məlum deyil və 1826–1828-ci illərdə Rusiya–İran müharibəsində iştirak edib-etmədiyi naməlumdur. Onun dörd oğlu var idi və onlardan biri 1859-cu ildə İranın ədliyyə naziri olmuş Abbasqulu xan Mötamaddövlə Cavanşir olmuşdur.

Əbülfət xan həm də "Tuti" (hərf.tutuquşu) təxəllüsü ilə yaradıcılıq fəaliyyəti göstərmiş, şeirə və ədəbiyyata olan marağı və istedadı ilə seçilmişdir. Onun poeziyasını dövrünün görkəmli simaları, o cümlədən yaxın dostu Əbdürrəzaq bəy Dünbili yüksək qiymətləndirmiş, onun xeyirxahlığı və alicənablığından bəhs etmişdir.

1795–1801-ci illər arasında Cənubi Qafqazın şərq hissəsinin siyasi xəritəsi.

Əbülfət xan Cənubi Qafqazın Qarabağ regionunda yaşamış türkəsilli Cavanşir tayfasının nümayəndəsi idi.[1] O, Qacar dövlətinin hökmdarlığı altında[2][3] Qarabağ xanlığının xanı İbrahimxəlil xanın kiçik oğullarından biri idi.[4] Əbülfət xanın anası erməniəsilli bir cariyə idi[5] və bu, onun atasının qanuni varisi olmaq imkanını aşağı salmışdı. O, öz erməni irsindən Qarabağın əsas erməni icmasından kömək istəmək üçün fürsət kimi istifadə etməyə cəhd etmək imkanına malik idi.[6]

Əbülfət xanın ailəsi, xüsusən də İbrahimxəlil xan, zaman-zaman loyallığını Qacar dövləti ilə Rusiya imperiyası arasında dəyişirdi. Atası və digər ailə üzvlərindən fərqli olaraq, Əbülfət xan həmişə Qacar dövlətini dəstəkləmişdir. Mənbələrdə onun Fətəli şah Qacarın hakimiyyəti dövründə dövlətin vəliəhdi Abbas Mirzənin ordusunda cəsarətlə döyüşdüyü qeyd edilmişdir. Alimlər güman edirlər ki, Əbülfət xanın ilk siyasi təcrübəsi atasının xahişi ilə Şuşa qalası kənarında öldürülmüş Ağa Məhəmməd xanın dəfn mərasimini Naxçıvana müşayiət etdiyi zaman baş tutmuşdur. Orada Ağa Məhəmməd xanın cənazəsini sonuncunun qardaşıoğlu və varisi Fətəli şaha vermişdir. Bundan sonra Fətəli şah Əbülfət xana Miyanədə yerləşən iqamətgahında rəsmi qəbul vermişdir.[7] İbrahimxəlil xan Fətəli şah Qacar ilə tez dostluq əlaqələri qurmuş, o, qızı Ağabacı Cavanşir ilə evlənmiş və onu Qarabağ xanı kimi təsdiq etmişdir.[8] Təxminən eyni vaxtda şaha girov kimi göndərilən Əbülfət xan[a][6] Ağabacı ilə birlikdə Tehran sarayına getmişdir.[10] 1804–1813-cü illərdə Rusiya–İran müharibəsi başlayan zaman Əbülfət xan Abbas Mirzənin sərkərdəsi və məsləhətçisi təyin edilmişdi.[7]

Əbülfət xan Qacar sülaləsinin vəliəhdi Abbas Mirzənin (şəkildə) əmrində sərkərdə və məsləhətçi kimi xidmət etmişdir.

Fətəli şah 1804-cü ildə Gəncənin Rusiya tərəfindən mühasirəsinə qarşı Cavad xana kömək etməkdən imtina etdiyi üçün İbrahimxəlil xana inamını itirmişdi. Buna görə də o, Əbülfəth xanı yeni xan təyin etmişdir. Buna baxmayaraq, İbrahimxəlil xan Qarabağı idarə etməyə davam etmişdir.[11] Əbülfət xan həm də Qarabağdan kənarda, QafanMeğri ərazilərinin hakimi təyin edilmiş və burada müvəffəqiyyətlə nəzarəti təmin etmişdir.[7]

1805-ci ilin mayında İbrahimxəlil xan Kürəkçay müqaviləsini imzalayaraq Rusiyaya tabe olmuşdur. Rusiya tərəfi illik ödəniş müqabilində onlara Qarabağın xarici işlərində tam səlahiyyət vermişdir. Tezliklə çətin vəziyyətə düşən İbrahimxəlil xan yenidən Qacar tərəfinə qoşulmuşdur.[2] Sonradan Əbülfət xan və Fərəculla xan Şahsevən Rusiyanı Qarabağdan dəf etmək üçün göndərilmişdi, lakin az sonra İbrahimxəlil xan bir qrup Rusiya əsgəri tərəfindən öldürülmüşdür. Bu, onun nəvəsi Cəfərqulu ağanın və Rusiya qarnizonunun komandirinin təhriki ilə edilmişdi.[2]

Bundan sonra Əbülfət xan və Ata Allah xan Şahsevən bəzi Qarabağ tayfalarının, məsələn, Cəbrayıllıların Qafanın periferiyasına köçürülməsinə kömək etmişdilər. Əbülfət xan bu əməliyyat ərzində Rusiya qoşunları ilə bir neçə dəfə döyüşə girmişdir, hətta onlardan birində Cəfərqulu ağaya məğlub olmuşdur.[7] Cəfərqulu ağa babasına qarşı Rusiyaya kömək etdiyinə görə yeni xan olmağa ümid etmişdi, lakin Qarabağın görkəmli simalarından aldığı dəstəyə görə sonda İbrahimxəlil xanın 30 yaşlı oğlu Mehdiqulu xan Cavanşiri bu vəzifəyə təyin edilmişdir.[12] Mehdiqulu xanın Qarabağ xanı tituluna malik olmağına baxmayaraq, o, əslində Rusiyanın tabeliyində olan bir fiqur idi.[13] 1810-cu ilin aprel–may aylarında Rusiya Meğrini fəth etmişdi. Əbülfət xan sonradan Meğri yaxınlığındakı köçərilərin bir qismini İrana köçürmüşdür.[14] O, buna görə Araz çayının cənub sahilində yerləşən Dizmar qalası[2] üzərində hökmranlıqla mükafatlandırılmışdır.[15] İran ilə Rusiya 1813-cü ildə Gülüstan müqaviləsini imzalayaraq sülh bağlamışdır və bu, digər məsələlərlə yanaşı, İranın Qarabağı təslim etməsinə gətirib çıxarmışdır.[16]

Müharibə bitdikdən sonra Əbülfət xan Dizmar üzərində nəzarəti davam etdirmişdir. 1818-ci ildə Abbas Mirzənin yenicə zəbt etdiyi bəzi de-fakto Rusiya əraziləri üzərində ona valilik verilmişdir.[7][15] Onun həyatı və fəaliyyəti bu andan ölümünə qədər məlum deyil və sonrakı 1826–1828-ci illər Rusiya–İran müharibəsində iştirak edib-etmədiyi naməlumdur. Əbülfət xanın dəqiq ölüm tarixi dövrün mənbələrinin heç birində qeyd olunmamışdır. İran tarixçisi Seyid Əhməd Divan Beygi Şirazi bu mövzunu bir qədər gündəmə gətirən yeganə şəxsdir və o, bunun 1834-cü ildən sonra baş verdiyini qeyd etmişdir. Tədqiqatları çoxlu naməlum mənbələrə əsaslanan İran azərbaycanlısı alim Məhəmmədəli Tərbiyət Əbülfət xanın 1839-cu ildə vəfat etdiyini təxmin etmişdir və o, İran tarixçisi Seyid Əli Əlidavud bunu Divan Beygi Şirazinin iddiasına uyğun hesab etmişdir.[7]

Mədəni himayədarlıq

[redaktə | mənbəni redaktə et]

Əbülfət xan hərbi nailiyyətləri ilə yanaşı, şeirə və ədəbiyyata olan marağı və istedadı ilə də tanınırdı. Bu, onun Abbas Mirzənin kiçik dairəsinə daxil edilməsinə səbəb olmuşdur. O, "Tuti" (hərf.tutuquşu) təxəllüsü ilə şeirlər yazmışdır. Onun misralarını Əbdürrəzaq bəy Dünbili, Mahmud Mirzə QacarRzaqulu xan Hidayət kimi şəxsiyyətlər sitat gətirmişdir. Əbdürrəzaq bəy Dünbili Əbülfət xanın yaxın dostu idi, onun xeyirxahlığı və səxavətindən bəhs etmişdir. Seyid Əli Əlidavuda görə, Əbülfət xan bu xüsusiyyətlərinə görə tanınırdı.[7]

Əbülfət xanın dörd oğlu var idi. Onlar:[7]

  1. Girov saxlamaq dövrün hökmdarlarının istifadə etdiyi strategiya idi. Onun məqsədi bir neçə regionun xanlarının əmrləri yerinə yetirməsinə zəmanət vermək idi.[9]
  1. Bournoutian, 2021. səh. 261–262
  2. 1 2 3 4 Davud, 2021
  3. Bournoutian, 2016. səh. xvii
  4. Bournoutian, 1994. səh. 95 (see note 274)
  5. Bournoutian, 2021. səh. 103 (see note 11)
  6. 1 2 Bournoutian, 2021. səh. 107 (see note 27)
  7. 1 2 3 4 5 6 7 8 Davud, 2015
  8. Bournoutian, 2021. səh. 263
  9. Bournoutian, 1994. səh. 107 (see note 332)
  10. Tapper, 1997. səh. 123
  11. Bournoutian, 2021. səh. 83 (see also note 116)
  12. Bournoutian, 2021. səh. 135–136
  13. Bournoutian, 1994. səh. 4, 29, 104 (see note 15, 4, and 318)
  14. Bournoutian, 2021. səh. 184 (see also note 71)
  15. 1 2 Busse, 1983. səh. 285–286
  16. Daniel, 2001. səh. 86–90
  • Bournoutian, George. A History of Qarabagh: An Annotated Translation of Mirza Jamal Javanshir Qarabaghi's Tarikh-e Qarabagh (ingilis). Mazda Publishers. 1994. ISBN 978-1-56859-011-0.
  • Bournoutian, George. The 1820 Russian Survey of the Khanate of Shirvan: A Primary Source on the Demography and Economy of an Iranian Province prior to its Annexation by Russia (ingilis). Gibb Memorial Trust. 2016. ISBN 978-1-909724-80-8.
  • Bournoutian, George. From the Kur to the Aras: A Military History of Russia's Move into the South Caucasus and the First Russo-Iranian War, 1801–1813 (ingilis). Brill. 2021. ISBN 978-90-04-44515-4.
  • Busse, H. Abu'l-Fatḥ Khan Javānšīr // Yarshater, Ehsan (redaktor). Encyclopædia Iranica, Volume I/3: Ablution, Islamic–Abū Manṣūr Heravı̄. London and New York: Routledge & Kegan Paul. 1983. 285–286. ISBN 978-0-71009-092-8.
  • Daniel, Elton L. Golestān Treaty // Yarshater, Ehsan (redaktor). Encyclopædia Iranica, Volume XI/1: Giōni–Golšani. London and New York: Routledge & Kegan Paul. 2001. 86–90. ISBN 978-0-933273-60-3.
  • Seyyed Ali Al-i, Davud. Abū al-Fatḥ Khān Jawānshīr // Fleet, Kate; Krämer, Gudrun; Matringe, Denis; Nawas, John; Rowson, Everett (redaktorlar ). Encyclopaedia of Islam (ingilis) (3rd). Brill Online. 2015. ISSN 1873-9830.
  • Seyyed Ali Al-i, Davud. Ibrāhīm Khalīl Khān Jawānshī // Fleet, Kate; Krämer, Gudrun; Matringe, Denis; Nawas, John; Rowson, Everett (redaktorlar ). Encyclopaedia of Islam (ingilis) (3rd). Brill Online. 2021. doi:10.1163/1573-3912_ei3_COM_30552. ISSN 1873-9830.
  • Tapper, Richard. Frontier Nomads of Iran: A Political and Social History of the Shahsevan (ingilis). Cambridge University Press. 1997. ISBN 978-0-521-58336-7.