Ağabəyim ağa

Ağabəyim ağa (Ağabacı; v. 1832, Qum) — azərbaycanlı şairə, Qarabağ xanlığının ikinci xanı İbrahimxəlil xanın qızı və Qacar şahı Fətəli şahın xanımı, bir digər məşhur şairə Xurşudbanu Natəvanın bibisi. Şeirlərini Ağabacı ləqəbi ilə yazmışdır.[1][2][3]

Ağabəyim ağa
Ağabəyim ağa İbrahimxəlil xan qızı Cavanşir
Doğum tarixi
Doğum yeri Xanbağı, Xankəndi, Qarabağ xanlığı
Vəfat tarixi
Vəfat yeri Tehran, Qacarlar dövləti
Dəfn yeri
Vətəndaşlığı Qarabağ xanlığı, sonralar Qacarlar dövləti
Milliyyəti azərbaycanlı
Həyat yoldaşı Fətəli şah
Atası İbrahimxəlil xan
Təhsili Ali
Fəaliyyəti şair, yazıçı
Fəaliyyət illəri 1800-1832
Əsərlərinin dili Azərbaycanca
Vikimənbənin loqosu Ağabəyim ağa Vikimənbədə

Həyatının erkən dövrü

[redaktə | mənbəni redaktə et]

Ağabəyim ağa 1780-ci ildə Xankəndi şəhərində, Xanbağında anadan olub. Ağa Məhəmməd şah Qacar 1797-ci ildə Şuşada qətlə yetiriləndən sonra taxta onun yerinə Fətəli şah çıxır. Fətəli şah "hər iki tərəfin xatircəmliyi üçün" İbrahimxəlil xana öz qızı Ağabəyim ağanı (Xurşidbanu Natəvanın bibisi) hərəmxanasına göndərməsini söyləyir. İbrahimxəlil xan bu nikaha qol qoyur və öz sevimli qızını Qacar hökmdarı Fətəli şaha ərə verir (1801). Beləliklə, Ağabəyim ağa 1797-ci ildə Qarabağdan Tehrana gəlin köçür.

Ağabəyim Ağa qabiliyyətli, bacarıqlı və gözəl olmaqla bərabər, həm də çox vətənpərvər bir qadın olmuşdur. Ağabəyim Ağa dustaqların zindandan azad olunması, əsirlərin buraxılması, ölüm hökmü ilə məhkum edilmişlərin əfv olunmasına nail olurdu.

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Mənbələr göstərir ki, Ağabəyim Ağa atasının vəziri Molla Pənah Vaqifin yetirməsi idi və sonradan fransız dilini öyrənərək, avropalılarla sərbəst danışmış, dövrün bir sıra şəxsiyyətləri ilə məktublaşmışdır. 1811-ci ildə o, Fransa imperatorunun arvadı ilə görüşmüş, onun vasitəsilə Napoleon Bonaparta məktub göndərmişdi. RusiyaQacar münasibətlərinin barışıqla nəticələnməsi işində də Ağabəyim ağanın rolu az olmamışdır. Rus çariçası Ağabəyim ağaya göndərdiyi məktubunda yazırdı:

"Ey Bəyim, Siz öz müdrikliyinizlə mərhəmətli şahın ikinci Zöhrəsi, tale ulduzu olmuşsunuz".

Ağabəyim ağaya Qarabağı çox sevən, öz torpağının həsrəti ilə yaşayan, ermənilərin xəyanətinə nifrət edən bir ictimaiyyətçi də demək olar. Digər bir mənbənin yazdığı kimi, İrəvan xanı "Sarı Aslan" ləqəbli Həsən xanı rus əsirliyindən qurtarmaqda da köməkçi olmuş, onu əsirlikdən qurtarmışdı.[4]

Qərib bir diyarda ömür-gün sürən, naz-nemət içində bəslənən Ağabəyim vətən həsrətini söylədiyi bayatılarda dilə gətirir:

Əziziyəm, Qarabağ,
Şəki, Şirvan, Qarabağ,
Tehran cənnətə dönsə,
Yaddan çıxmaz Qarabağ!

Ağabəyim ağanın könlünü şad etmək üçün Fətəli şah Tehranda möhtəşəm bir bağ saldırır. Xankəndidə, Şuşada bitən bütün ağac, gül-çiçəyi burada əkdirir ki, Ağabəyim doğma yerlərin havasını bu bağdan ala bilsin. Hətta bağbanı da Şuşadan gətirirlər. Bu gülüstanın da adını "Vətən bağı" qoyurlar. Ağabəyim həmin bağa seyrə çıxarkən çox qəmlənir. Bütün saray əhli bu vəziyyətə heyrət kəsilir. Çünki "Vətən bağı" elə Qarabağın bir parçası idi. Ağabəyim üzüntüsünü belə ifadə edir:

"Vətən bağı" al-əlvandır,
Yox üstündə Xarıbülbül.
Nədən hər yerin əlvandır,
Köksün altı sarı, bülbül.

2008-ci ildə çəkilmiş və Qarabağ xanlığının İbrahimxəlil xanın hakimiyyəti dövründəki tarixindən bəhs edən "Hökmdarın taleyi" adlı filmdə Ağabəyim ağa rolu aktrisa Günəş Əliyeva tərəfindən canlandırılmışdır.

Qacar sarayında

[redaktə | mənbəni redaktə et]

Fətəli şahın xanımlarının hərəmə daxil olduqdan sonra şahın salonundan istədikləri paltarı seçmə hüquqları var idi. Ağabəyim ağa Fətəli şahın anasının da paltarının orada olduğundan xəbərdar idi. Ona görə də onu salona gətirəndə addımlarını həmin paltara yönəldib əyninə geyindi. Ağabəyim ağanı öz anasının paltarında görən Fətəli şah təəccübləndi və heç vaxt ona toxunmadı.

Özünün intellektinə görə o, Fətəli şah tərəfindən sevilirdi və buna görə də hərəmin əsas xanımı elan edilmişdi.[5]

1832-ci ildə Tehranda vəfat edib və Darül-İman adlanan Qum şəhərində dəfn olunub.[4]

  1. "Ağabəyim ağa Cavanşir". Adam.az. 2011-11-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-09-16.
  2. "Ötən günlərdən səhifələr". 525-ci qəzet. 2012-03-31 tarixində orijinalından arxivləşdirilib.
  3. War Against Azerbaijan – Targeting Cultural Heritage. 2007. ISBN 978-9952-8091-4-5. 9 September 2010 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 16 August 2010.
  4. 1 2 "Azərbaycan qadın şairləri antologiyası", Bakı: "Avrasiya press", 2005. səh.28–29.
  5. "Ayrılığın hekayəti". 2020-10-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-10.
  • Əzizə Cəfərzadə. "Azərbaycanın aşıq və şair qadınları", Bakı, "Gənclik", 1991. (səh.30–31).
  • Mehriban Vəzir ''Ağabəyim Ağa Cavanşir'' tarixi roman. Bakı — 2016