Əhməd bəy Bayandur

Əhməd bəy Bayandur — Ağqoyunlu tayfa ittifaqının başçısı (1389–1403)

Əhməd bəy Bayandur
bayraq
Ağqoyunluların IV tayfa başçısı
bayraq2
1389 – 1403
ƏvvəlkiFəxrəddin Qutlu bəy
SonrakıQara Yuluq Osman bəy
Şəxsi məlumatlar
Doğum tarixi XIV əsr
Vəfat tarixi bilinmir
Atası Fəxrəddin Qutlu bəy
Həyat yoldaşı
Uşaqları
  • Məhəmməd bəy
  • Qılınc Arslan bəy
  • Pir Həsən bəy
  • Qutlu bəy
  • Hüseyn bəy
və bir qızı

Fəxrəddin Qutlu bəyin oğlu idi. Atasının vəfatından sonra, 1389-cu ildən 1403-cü ilədək Ağqoyunlu tayfa birliyinə rəhbərlik etmişdi. Ağqoyunlu tayfa birliyinin başında dövlət qurmaq yolunda mübarizəyə girişmişdi.

Ərzincan əmiri Mütəhhərtən Qazı Bürhanəddin Sivasda hakimiyyəti ələ keçirdikdən bir qədər sonra, ona qarşı yürüşə başladı. Mütəhhərtən Əhməd bəy Bayandur da tabeliyində olan Ağqoyunlular ilə Sivasa qarşı hərəkətə keçdi. Bu basqının qarşısını almaq üçün Qazi Bürhanəddinin göndərdiyi Əmir Yusif Çələbi baş vermiş vuruşmada məğlub edildi və öldürüldü.

Qazi Bürhanəddinlə münasibətləri

[redaktə | mənbəni redaktə et]

Əhməd bəy Bayandur bu basqından peşman olub Bürhanəddin Əhməd bəy Salurun yanına gəldi. Özü ilə qardaşlarını da gətirdi. Üzr istəyib kiçik qardaşı Qara Yuluq Osmanı ona girov verdi. 1389-cu ildə Qaraqoyunlu əmiri Qara Məhəmməd bəy Müttəhərtənlə birləşib köhnə düşmənlərinə qarşı vuruşmaq qərarına gəldi. Müttəfiqlər Ağqoyunluları dar bir keçiddə sıxışdırdılar və ağır bir məğlubiyyətə düçar etdilər. Bu məğlubiyyətdən sonra Əhməd bəy Bayandur və qardaşı Hüseyn bəy Sivas hökmdarı Bürhanəddin Əhməd bəy Salurdan sığınacaq istədilər. Əhməd bəy onları yaxşı qarşılayıb üstəlik də ənam-ərmağanlarla xələtləndirdi.

Əhməd bəy Bayandur məcara sevən bir başçı idi. O, dinc durmayaraq qarışıqlıq axtarırdı. Qardaşı Hüseyn bəy Bayandur ondan Qaziyə şikayət etdi. Əhməd bəy bir çox əmirlərlə birləşib Bürhanəddin Əhməd bəyi öldürmək istəyirdi. Günü-gündən azğınlaşan Əhməd bəy Qaziabadda keçirilən hərbi qüvvələrin baxışında Bürhanəddini açıq-aşkar hamının yanında təhdid etdi. Bürhanəddin onunla dinməz-söyləməz keçindi. Həmin arada Əhməd bəy Bayandur güclənmişdi.[1]

1393-cü ildə Turhal qalasını mühasirədə saxlayan Qazi Bürhanəddinin yanına gələn Əhməd bəy Bayandur Amasyanın abad və zəngin bir şəhər olduğunu söyləyərək, oranı birlikdə ələ keçirməyə çağırdı. Qazi Bürhanəddin razılaşıb, oraya yürüşə başladı. Əhməd bəy Bayandur isə nəinki hücüm etmədi, hətta Amasya hakimi Əmir Əhməd bəyi xəbərdar etdi. Sonra Amasya əmiri ilə ittifaq bağlayaraq Tokat şəhərinə yürüşə gəldi. Qazi Bürhanəddinə bir daha tabe oldu.

1395-ci ildə Qazi Bürhanəddinin Ərzincana hücum edəcəyini eşidən Əhməd bəy Bayandur elçi və məktub göndərib, köməyini təklif etdi. Qazi Bürhanəddin bu təklifdən sevinib, görüşəcəkləri yeri aydınlaşdırdı. Birlikdə hücuma keçib, Ərzincanın içərilərinədək irəlilədilər. Yağma və qarətlə oranı əldən saldılar. Bürhanəddin Əhməd bəy Bayburta qədər olan ərazini Ağqoyunlu əmirinə iqta verib, geri qayıtdı.

Qara Yuluğun üsyanı

[redaktə | mənbəni redaktə et]

1395-ci ildə Qara Yuluq Osman bəy qardaşına qarşı üsyan edib, Kəmax qalasını yağmalamışdı. Qazi Bürhanəddinin köməyi ilə Qara Yuluq geri çəkildi. 1396-cı ildə Əhməd bəy Bayandur öz qoşunu ilə Qaziyə qatılıb Ərzincana ikinci yürüş etdi. Qazi Bürhanəddin bu yürüşə başçılıq edirdi. Əhməd bəy Bayandur bu yürüşdə Əmir Teymurun artıq yaxında olduğunu öyrəndi. Tez oradan uzaqlaşıb, Diyarbəkirə getdi. Oradan da Malatyaya hərəkət etdi. Bura gəlməkdə yağmaçılıq etmək istəyirdi. Əhməd bəyin bu əməllərini eşidən Qazi Bürhanəddin öz şəxsi qvardiyasını ora göndərdi. Əhməd bəy Bayandur keçmiş müttəfiqinin tərpənişindən xəbərdar olub, Ərzincana doğru hərəkət etdi. Öndəki savaş zərurətini düşünüb, elçilərini Qazi Bürhanəddinin yanına göndərdi. Bürhanəddin Əhməd bəy onu bağışlayıb, Məlik Əhmədin əlində olan şərqi Qarahisar vilayətini işğal etməyə yolladı. Əhməd bəy Bayandur get-gedə güclənib, Burhanəddin Əhməd bəyin itaətindən çıxdı, hətta o arada Sivasa hücüm etmək fikrinə də düşdü.

1396-cı ilin payızında üsyan etmiş Əhməd bəy Bayandır Burhanəddin Əhməd bəyin əmirinə tabe olmaqdan qəti boyun qaçırdı.

1402-ci ildə Əhməd bəy Bayandur Əmir Teymurun ordusunda İldırım Bəyazidə qarşı vuruşmuşdu. Həmin ildə Əmir Teymur onu həbs etmişdi. Onun oğlu Məhəmməd bəy İldırım Bəyaziddən əldə olunan qəniməti yolda Əmir Teymurun mühafizlərindən almışdı.

1403-cü ildə Əhməd bəy hakimiyyətdən qovuldu. Hakimiyyətə Qara Yuluq Osman gəldi.

Övladları:

  • Məhəmməd bəy
  • Qılıc Aslan bəy
  • Pir Həsən bəy
  • Qutlu bəy
  • Hüseyn bəy
  • Qızı Ərzincan əmiri Mütəhərtənin həyat yoldaşı idi.
  1. Ağqoyunlu — Encyclopedia Iranica