Əli və Nino — Elvin Mirzəyevin ssenari müəllifi və quruluşçu rejissoru olduğu Azərbaycan bədii filmi. Film Qurban Səidin Əli və Nino romanı əsasında çəkilmişdir. Baş rolları Elvin Mirzəyev və Nigar Həsənzadə canlandırmışdır. Çəkilişləri Azərbaycan və İranda aparılmışdır. Çəkilişlərinə 2014-cü ildə başlanılan[1] film əvvəlcə 12 serialı teleserial formasında nəzərdə tutulsa da sonradan 110 dəqiqəlik film formasında 2016-cı ildə Bakıda ilk premyerası baş tutmuşdur. Filmin 4 seriyalı teleserial forması da mövcuddur.
Əli və Nino | |
---|---|
Əli və Nino | |
Rejissor | Elvin Mirzəyev |
Əsərin müəllifi | Qurban Səid |
Ssenari müəllifi | Elvin Mirzəyev |
Baş rollarda |
Elvin Mirzəyev Nigar Həsənzadə Ayşad Məmmədov Rövşən Məmmədli |
Operatorlar | Həmid Mehrəfruz, Emin Ağayev |
Bəstəkar | Cavanşir Quliyev |
Rəssamlar | Cəfər Naderi, Rza Fəllah |
İstehsalçı | TREM TV Production |
İlk baxış tarixi | 27 dekabr 2016 |
Müddət | 110 dəqiqə |
Ölkələr | Azərbaycan |
Dillər |
Azərbaycan dili rus dili |
İl | 2016 |
Çəkiliş yeri |
Azərbaycan (Bakı, Salyan, İsmayıllı) İran (Təbriz, Mərənd, Sufiyan, Culfa) |
Müsəlman Əli ilə xristian Ninonun sevgi hekayəsi 1917-18-ci illərdə Bakıda bolşevik işğalı ərəfəsində baş verir. Şərq dəyərlərinə dayanan fikirlərə sahib olan Əli Xan Şirvanşir və qərb mədəniyyətinin daşıyıcısı Nino Kipiani məktəb illərində bir-birlərinə aşiq olurlar. Birinci Dünya Müharibəsi və Rusiya inqilabı davam etdiyi vaxtda, Azərbaycanın müstəqillik mübarizəsində olduğu xaotik bir mühitdə Əli şərq mədəniyyətindən gələn fikirləri və Ninoya olan məhəbbəti arasında seçim etmək məcburiyyətində qalır. Ninonun atası da əvvəlcə fikir ayrılığında olsa da, daha sonra erməni əsilli dostunun məsələyə müdaxilə etməsindən sonra evlilik haqqındakı fikirləri dəyişir.
Hadisələr haqqında danışılan erməninin Ninonu qaçırmasından sonra dramatikləşir. Əli xan dinin qaydalarına uyğun olaraq ermənini öldürür və intiqamdan çəkinərək Bakıdan qaçmaq məcburiyyətində qalır. Aylar sonra Əli xanı yoxsulluq içində tapan Nino onunla evlənir. Rusiya inqilabı və türklərin Bakını azad etmək məqsədi ilə Azərbaycana yürüyüşlərini diqqətlə izləyən Əli rusların Bakını yenidən ələ keçirməsindən sonra Nino ilə birlikdə İrana gedirlər. Nino İranda özünü ev həbsi şəraitində hiss edir və xoşbəxt görmür. Azərbaycanda şərqdəki ilk demokratik cümhuriyyətin qurulmasından sonra Əli xan yenidən Bakıya qayıdır və yeni respublikanın mədəni və ictimai həyatında aktiv şəkildə yer alır. Sonralar Əli xana Fransada Azərbaycan səfiri olmaq təklifi gəlsə də, Ninonun İranda keçirdiyi hisslərlə qarşılaşmamaq üçün qəbul etmir. Əli xan Şirvanşirin qısa həyatı 1920-ci ildə rusların Azərbaycana hücumu ilə sona çatır. Nino isə yeni anadan olan uşağı ilə birlikdə Gürcüstana qaçır.
Mənbə[2]
1998-ci ildə Amsterdamın "Egmond" Film və Televiziya şirkətindən Hans de Veers "Əli və Nino" romanının ekranlaşdırılması üçün Amerika tərəfdaşları axtarmağa başlamışdı. Filmin ingilis dilində çəkilməsi, ssenarinin isə Oskar mükafatlı Azərbaycan yazıçısı Rüstəm İbrahimbəyov tərəfindən yazılması nəzərdə tutulmuşdu. De Veers açıqlamasında "$8 olması nəzərdə tutulmuş büdcənin 30%-nin Niderland və Azərbaycandan əldə edildiyi"ni bildirmişdi.[4]
2004-cü ildə holland şirkəti "Zeppers Film & TV" və "NPS" holland rejissoru Yos de Putterin çəkdiyi "Alias Kurban Said" adlı sənədli filmi təqdim etmişdir. Filmdə əsasən romanın müəllifliyi ilə bağlı məsələlər araşdırılır.[5] "Variety" jurnalında bu film "köhnə fotolar, saralmış sənədlər və video kadrların istifadəsi ilə hazırlanmış möhtəşəm tarixi detektiv"[6] adlandırılır. Filmdə Abraham Nussinbaumun 1913-cü ildə Nobel qardaşlarına satılmış neft quyularının sahibi olduğu sənədlərlə sübuta yetirilir. Film Tribeka Film Festivalı, Rotterdam Beynəlxalq Film Festivalı və 2005-ci il Niderland Film Festivalının rəsmi baxış siyahına salınmışdır. Niderland Film Festivalında film, "Ən Yaxşı Film Musiqisi" nominasiyasında mükafata layiq görülmüşdür.[7]
Elvin Mirzəyevin quruluşunda olan "Əli və Nino" tamaşası 2007-ci ildə Teatr Xadimləri İttifaqının Yaradıcı Gənclər Mərkəzində səhnələşdirilib.[8] 2011-ci ildə isə Bakı Bələdiyyə Teatrında 2-ci dəfə nümayiş etdirilib.[9] 2012-ci ildə tamaşa Moskva Beynəlxalq Teatr Festivalında göstərilib.[10] Teatr festivallarda mükafatlar alıb, o cümlədən Moskvada keçirilən "Qızıl Maska" Beynəlxalq Teatr festivalında, Ukrayna Xerson XIV Beynəlxalq Teatr festivalında, Kiyev şəhərində. Xerson festivalında aktrisa Nigar Həsənzadə 20 ölkə arasında ən yaxşı qadın obrazına görə diplom və mükafat alıb.
2010-cu ildə Gürcüstan rejissoru Giorgi Toradzenin "Əli v Nino" romanının "yaradılması" haqqında sənədli film çəkməyi planlaşdırması haqqında məlumat verilmişdi. Məlumatda bildirilir ki, layih prodüser Giorgi Sturua tərəfindən Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinə təqdim edilmişdi.[11]
2012-ci ilin aprelində Paris-Sarbonna Universitetinin Rişelye amfiteatrında roman əsasında hazırlanmış "Əli və Ninonun ayaq izləri" adlı myuzikl təqdim edilmişdir. Layihənin yaradıcı və icraçısı Azərbaycanlı pianist Səidə Zülfüqarova olmuşdur. Onun tamaşa üçün yazdığı musiqidə Azərbaycan və Gürcüstanın xalq musiqilərindən, həmçinin Azər Rzayev, Üzeyir Hacıbəyov, Vaqif Mustafazadə, Fritz Kreisler və Qara Qarayevin musiqilərindən istifadə olunmuşdur. Tamaşanın rejissoru isə Şarlotta Loriot olmuşdur.[12][13]
Film ilk dəfə 27 dekabr 2016-cı ildə Bakıda, “YARAT” Müasir İncəsənət Mərkəzində təqdim edilib.[14][15][16][17]
13 aprel 2015-ci ildə filmdən ilk fotolar yayımlanıb.[18] 6 oktyabr 2016-cı ildə filmdən növbəti dəfə foto və ilk dəfə video görüntülər yayımlanıb.[19][20]
Filmin rəsmi treyleri 5 dekabr 2016-cı ildə YouTube video sosial şəbəkəsinə yerləşdirilib.[21]
Aygün Aslanlı Azadlıq Radiosundakı 1 yanvar 2017-ci il tarixli Daha bir "Əli və Nino" filmi gəldi, bu dəfə az büdcəli və yerli istehsal başlıqlı məqaləsində film haqqında öz fikirlərini bildirib.[22]