Əlipaşa Səbur və ya Əli Səbur (tam adı: Əlipaşa Həbibulla oğlu Hüseynzadə; 1885, Bakı, Bakı qəzası, Bakı quberniyası, Rusiya imperiyası – 1934, Bakı, Azərbaycan SSR, ZSFSR, SSRİ) — Azərbaycan şairi. "Yeni füyuzat" jurnalının naşiri və məsul redaktoru.
Əlipaşa Səbur | |
---|---|
Əlipaşa Həbibulla oğlu Hüseynzadə | |
Təxəllüsü | Səbur |
Doğum tarixi | 1885 |
Doğum yeri | |
Vəfat tarixi | 1934 |
Vəfat yeri | |
Vətəndaşlığı |
Rusiya imperiyası→ AXC→ SSRİ |
Uşağı |
|
Fəaliyyəti | şair, müəllim, redaktor[d] |
Vikianbarda əlaqəli mediafayllar |
Əlipaşa Hüseynzadə 1885-ci ildə Bakıda anadan olmuşdur. Atası Həbibulla Hüseynzadə dənizçi idi.[1] İlk təhsilini Mirzə Həsib Qüdsinin və Molla Qafurun məktəbində almışdır. Sonra isə yeni üsulla açılan rus-müsəlman məktəbində oxumuşdur. 1899-cu ildə Həbib bəy Mahmudbəyovun məktəbini bitirib, Sultan Məcid Qənizadənin altı sinifli məktəbinə daxil olmuşdur. Maddi cəhətdən vəziyyətləri ağır olduğundan 17 yaşlı Əlipaşa 1902-ci ildə məktəbi buraxıb Hacıbaba Haşımovun kantorunda işləmişdir.
Elmə, təhsilə sonsuz marağı olan Ə.Səbur hər cür çətinliklərə dözərək oxuyur, savad və bilik sahibi olur. O, yazıları ilə dövri mətbuatda çıxış edir, imzası qəzet və jurnal səhifələrində görünməyə başlayır. İlk məqaləsi 1904-cü ildə "Şərqi-rus" qəzetində (№ 239, 30 noyabr 1904) çap olunmuşdur.[1] Əlipaşa Səbur kiçik yaşlarından şeir yazmış və ömrü şeirdən ayrılmamışdır. O, "Ə", "P", "Nasir", "Nüsrət", "Səbur", "Giryan" imzaları ilə "Şərqi-rus", "İqbal", "Həqiqəti-əfkar" kimi qəzet və jurnallarda şeirləri çap edilmişdir.[2]
Əlipaşa Hüseynzadə 1910-cu ildə "Yeni füyüzat" adlı bir məcmuə nəşr etməyə başlayır. 1911-ci ildə martın 19-da jandarm tərəfindən mənzili axtarılı, yazıları müsadirə olunur, özü də Bayıl həbsxanasına göndərilir. Sentyabr ayında 3 il müddətinə Qafqazdan sürgün edilərək Həştərxana göndərilmişdir. Onunla birlikdə bir neçə mühərrir də həbs və sürgün edilmişdir. 1914-cü ildə sürgündən qayıdıb, təkrar Haşımovun kantorunda işə girir. 1920-ci ildən 1931-ci ilə qədər müəllimlik etmişdir.[2] 1934-cü ildə istedadlı qələm sahibi Əlipaşa Hüseynzadə vəfat etmişdir.[3]
İki hadisə — 1911-ci ildə çar jandarmları tərəfindən yazılarının müsadirəsi, 1918-ci ilin mart hadisəsi ilə əlaqədər olaraq İrana getməsi Ə.Səburun şeirlərinin xeyli hissəsinin itib-batmasına səbəb olmuşdur.[2]