Əqrəb mövsümü — 2023-cü ilin yanvarında İctimai TV kanalında yayımlanmış dram, triller və detektiv janrlarında olan Azərbaycan serialı.[1] Serial Ceyhun Hidayətlinin "Əqrəb" romanına əsaslanır.[1] Rejissoru Emil Quliyev, ssenaristi Azər Aydəmirdir.[1] 12 seriyadan ibarətdir.[2]
Əqrəb mövsümü | |
---|---|
| |
Janr | dram filmi, triller filmi, detektiv filmi |
Əsaslanır | Ceyhun Hidayətlinin "Əqrəb" romanı |
İlk baxış tarixləri | 10 yanvar 2023 |
Rejissor | |
Operator | Mosmanue |
Prodüser | Yalçın Verdiyev |
Ssenarist | |
Rollarda | |
Bəstəkar | Məhəmməd Osmanov |
İstehsalçı ölkə | |
İl | 2022 |
Dil | azərbaycanca |
Rəng | rəngli |
Davametmə müddəti | 40–50 dəqiqə |
Telekanal | İctimai TV |
IMDb | ID26443361 |
itv.az/tvseries/31?seaso… |
Serial bütün şəhəri qorxu və təşviş içində saxlayan sirli seriyalı qatildən (Əli Əlizadə) bəhs edir. Qatili tapmaq üçün edilən bütün cəhdlər uğursuzluqla nəticələnir. Nəticədə, qatili tapmaq işi təcrübəli detektivlər Rauf Eyvazov (Azər Aydəmir) və Kənan Orucova (Hikmət Rəhimov) tapşırılır. Hər bir qətl bir mesaj daşıyır və cinayət işini daha da mürəkkəbləşdirir.[2]
Serialın quruluşçu rejissoru Emil Quliyev, ssenaristi Azər Aydəmir, prodüseri Yalçın Verdiyev, kinematoqrafı Məhəmməd Osmanov, rejissorları Kənan Nadirli və Nicat Muxtarov, kostyum dizayneri Olqa Şabanova, səs rejissoru MORII və quruluşçu rəssamı Aysel Əmirovadır.[2]
№ | Başlıq | Orijinal yayım tarixi |
---|---|---|
1 | "1-ci bölüm" | 10 yanvar 2023 |
2 | "2-ci bölüm" | 11 yanvar 2023 |
3 | "3-cü bölüm" | 13 yanvar 2023 |
4 | "4-cü bölüm" | 14 yanvar 2023 |
5 | "5-ci bölüm" | 18 yanvar 2023 |
6 | "6-cı bölüm" | 19 yanvar 2023 |
7 | "7-ci bölüm" | 20 yanvar 2023 |
8 | "8-ci bölüm" | 21 yanvar 2023 |
9 | "9-cu bölüm" | 24 yanvar 2023 |
10 | "10-cu bölüm" | 25 yanvar 2023 |
11 | "11-ci bölüm" | 26 yanvar 2023 |
12 | "12-ci bölüm" | 26 yanvar 2023 |
Serial Ceyhun Hidayətlinin 2015-ci ildə nəşr olunmuş "Əqrəb" romanına əsaslanır. Azər Aydəmir romanı bəyənərək 2017 və ya 2018-ci ildə yazıçı ilə əlaqə saxlayaraq roman əsasında iş çəkmək istədiyini bildirmişdir.[3] Əvvəlcə film çəkilməsi planlaşdırılsa da, daha sonra serial çəkilməsinə qərar verilmişdir.[3] Romanın ssenaristləşdirilməsi zamanı hekayədə xeyli dəyişikliklər edilmiş, kitabda olmayan personajlar əlavə edilmiş, kitabdakı bəzi personajlar da çıxarılmışdır.[4] Məsələn, Kənan Orucov personajı romanda müstəqil xəfiyyə olsa da, serialda prokurorluğun müstəntiqi kimi təqdim olunmuşdur.[3]
Serialın çəkilişləri 2021-ci ilin yayında başa çatsa da, COVID-19 pandemiyası səbəbilə gec yayımlanmışdır.[5] Ümumi büdcəsi isə 249.643 manat təşkil etmişdir.[6] Azərbaycan Respublikası Baş Prokurorluğu serialın istehsalına təşkilati dəstək göstərmişdir.[1] Azər Aydəmir ikinci mövsümün çəkilməsinin mümkünlüyünü qeyd etmişdir.[4]
Serialın açılış mahnısı DiHaj ilə İsfar Sarabskinin ifasında səslənən 2014-cü ildə təqdim olunmuş "I Break Again" mahnısıdır.[7] Serialda həmçinin Eyyub Yaqubovun "Əzizim", L-Mirin "Qara Buludlar", Rapluvinin "Bəlkə", "Unutsan" və "Kimsən Sən" mahnılarından istifadə olunub.
Serial yayımlandığı gündən etibarən sosial şəbəkə platformalarında müzakirələrə səbəb olmuş və bəyənilmişdir.[6] Jurnalist Rəşad Məcid və kinoşünas Rəşad Qasımov serialın Azərbaycan kinosuna "yeni nəfəs" gətirdiyini bildirmişdirlər.[8] Bəstəkar Elmir Mirzəyev serialın musiqisini bəyəndiyini ifadə etmişdir.[8] Serialın populyarlığı C. Hidayətlinin "Əqrəb" romanının yenidən çap olunmasına səbəb olmuşdur.[9]
Serialın sonuncu seriyasındakı öpüşmə səhnəsi bəzi izləyicilər tərəfindən xoş qarşılanmayıb.[10] Aktrisa Gülşad Baxşıyeva bu cür səhnələri qəbul etmədiyini bildirmişdir.[10] Aktrisa Mehriban Xanlarova isə yerli izləyicilərin bu cür səhnələrə hazır olmadığı üçün belə reaksiya verdiklərini ifadə etmişdir.[10]
Serialın ssenarisinin[11] və motivləri əsasında çəkildiyi romanın plagiat olduğu iddia edilib.[12]