Tahir Kazımov (yazıçı)

Tahir Kazımov — Azərbaycan yazıçısı.[1]

Tahir Kazımov
Doğum tarixi 27 aprel 1942(1942-04-27)
Doğum yeri
Vəfat tarixi 9 mart 2022(2022-03-09) (79 yaşında)
Vəfat yeri
Təhsili
Fəaliyyəti yazıçı

Tahir Şirin oğlu Kazımov 1942-ci ilin aprelin 27-də Cəbrayıl rayonunun Soltanlı kəndində anadan olub. 1965-ci ildən bədii yaradıcılıqla məşğuldur. O, 1968-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun filalogiya fakültəsini bitirib. Daxili İşlər Nazirliyinin akademiyasında təhsil alıb. 1967-1997-ci illərdə Daxili İşlər Nazirliyində müxtəlif vəzifələrdə işləyib.[2]

Polis polkovniki olan Tahir Kazımov Qaradağ rayon Polis İdarəsində rəis müavini, İmişli və Masallı rayonlarında polis rəisi vəzifələrində işləyib. Hüquq-mühafizə orqanlarında son iş yeri Bakı Metropoliteninin polis rəisi vəzifəsi olub.[3]

Birinci Qarabağ müharibəsi veteranı olub. Ağdam, Əsgərən, Cəbrayıl, Hadrut, Füzuli şəhərlərində gedən döyüşlərdə iştirak edib.

1998-2004-cü illərdə Azərbaycan Milli Aerokosmik Agentliyində direktor müavini vəzifəsində çalışıb.[3]

2004-cü ildən sonra Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında şöbə müdiri işləyib.[3]

9 mart 2022-ci ildə vəfat edib.[2]

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Bədii yaradıcılığa gənc yaşlarından başlamış, hərbi xidmət etdiyi Moldova SSR haqqında qələmə aldığı oçerklə yazıçılıq fəaliyyətinə başlayıb. Əmək fəaliyyətinə "Ulduz" jurnalında ədəbi işçi kimi başlayan gənc ədib 1969-cu ildə komsomolun Mərkəzi Komitəsinin təqdimatı ilə Azərbaycan SSR Daxili İşlər Nazirliyinə xidmətə göndərilmişdir. Onun bir il sonra (1970) "Əmək rəşadəti" adlı publisistik kitabı çap edilib.

Hələ daxili işlər orqanında işlədiyi vaxtlarda "Səsin sehri", "Qəfil ezamiyyət", "Qisas", "Taleyin qisməti beləymiş yəqin" və s. povest və romanları yüksək tirajla çap olunaraq oxucular tərəfindən maraqla qarşılanıb.

Sonradan "Səsin sehri" povesti Xalq artisti Ağakişi Kazımov tərəfindən səhnələşdirildi. Bu pyes uzun müddət Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində oynanıldı.

"Taleyin qisməti beləymiş yəqin" adlı dörd hissədən ibarət olan romanın birinci kitabı isə Bəhram Osmanovun rejissorluğu ilə ekranlaşdırıldı.[4]Taleyin qisməti beləymiş” adlı on seriyalı bu televiziya filmi (teleserial) 1998-ci ildə "Sara" telekanalında nümayiş etdirildi.

"Qisas" romanının ssenarisi əsasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin teleserialların çəkilişinə ayırdığı vəsaitlə otuz iki seriyalı film çəkildi. Asif Abramovun rejissoru olduğu teleserial 2014-cü ildə "Lider" telekanalında nümayiş etdirildi.[5]

Azərbaycanda iki dəfə böyük tirajla çap olunan "Qisas" romanı türk və özbək dillərinə tərcümə edilərək ölkədən kənarda dəfələrlə nəşr olunub.

Müəllifin üç kitabdan ibarət olan "Müsibət" romanı iştirakçısı olduğu Qarabağ münaqişəsindən bəhs edir. Həmçinin altı kitabdan ibarət "Talelərini özləri yazanlar" adlı roman-epopeyada milli və xarici ölkələrin tarixi qaynaqlarına istinad edərək erməni xəyanətini bədii-tarixi müstəvidə oxuculara çatdırmışdır.

Tahir Kazımov ömrünün sonlarında “Qönçə və yadplanetlilər” adlı iri həcmli fantastik, həm də detektiv və eyni zamanda XV əsrdə QaraqoyunluAğqoyunlu əmirliklərinin ara müharibələrindən, Şərqin ilk qadın diplomatı Sara Xatunun daxili və xarici siyasətindən, Uzun Həsənin bütöv Azərbaycan dövləti yaratmasındakı fəaliyyətindən bəhs edən tarixi faktlar əsasında bədiiləşdirilmiş çoxcildli tarixi roman üzərində işləyirdi.

Yazıçının şeirlərinə bəstəkarlar Faiq Sücəddinov, Xumar Qədimova musiqi bəstələyib.

Tahir Kazımovun bədii yaradıcılığı M.Nağısoylu, İ.Kazımov, İ.Hacıyeva, Ş.Albalıyev, K.Niftəliyeva, S.Beydullaqızı və digər ədəbiyyatşünas alimlərin diqqətini çəkmiş, bu istiqamətdə yazılan məqalələrdə ədibin ayrı-ayrı bədii nümunələri müxtəlif aspektlərdən elmi yanaşmalara cəlb olunmuşdur. "Yazıçı: Müasir həyat və gerçəkliklər" (müəllif: professor İsmayıl Babaşoğlu), "Yazıçı yaradıcılığı ədəbi-tənqid müstəvisində" kitablarında isə yazıçının nəsr yaradıcılığı daha geniş və əhatəli şəkildə təhlil olunmuş, ədibin romanlarının poetikası, sənətkarlıq məziyyətləri, dil-üslub xüsusiyyətləri müasir elmi baxış bucağından səciyyələndirilmişdir.

Motivləri əsasında 2023-cü ildə “Əqrəb mövsümü” serialı çəkilən Ceyhun Hidayətlinin “Əqrəb” romanının T. Kazımovun “Qisas” romanının plagiatı olduğu iddia edilib. Hidayətli bu iddianı təkzib edib.[6]

  • "Qisas"
  • "Mənəvi xilaskar"
  • "Cəhənnəmə aparan yol"
  • "Yeni Orlean "şənlikləri"
  • "Sənsiz səninlə"
  • "Biganəymişsən"
  • "Ürək fəryadı"
  • "Əsirlik düşüncələri"
  • "Sənin olmuşdum"
  • "Gecikmiş məktublar" (povest)

“Qızıl qələm", "Şərəf", "Araz", "Ömər Faiq Nemanzadə", "Kino xadimi", "Qrand" mükafatları və fəxri diplomlarına, “Əməkdar Mədəniyyət İşçisi” fəxri adına layiq görülmüşdür.

Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının 20 dekabr 2012-ci il tarixli qərarı ilə Türk dünyası ədəbiyyatı və mədəniyyyətinin inkişafındakı xidmətlərinə görə “Altun yıldız” (Qızıl ulduz) medalı ilə təltif olunub.

Rusiya Federasiyası Yazıçılar İttifaqının 25 mart 2013-cü il tarixli qərarı ilə A.P.Çexov adına yadigar medalına layiq görülüb.

Ədəbiyyatda xüsusi xidmətlərinə görə “Taclı ulduz” orden-diplom (Almaniya, Hannover şəhəri, 15 oktyabr 2013-cü il) ilə təltif edilib.

BMT-nin İctimai Mükafat Şurasının Beynəlxalq Mükafat Birliyi tərəfindən "Şərəf və Ləyaqət" ordeninə, Təbiət Elmləri Avropa Akademiyasının (Hannover şəhəri) qəyyumlar və elmi şurasının rəyi ilə ədəbiyyatda xüsusi xidmətlərinə görə "Şiller" medal-diplomuna layiq görülmüşdür.

Şəxsi həyatı

[redaktə | mənbəni redaktə et]

Atası Allahverdiyev Şirin Kazım oğlu Soltanlı kəndində məktəb direktoru olub və 1943-cü ildə İkinci Dünya Müharibəsində iştirak edib və cəbhədə həlak olub.[7]

Filoloq Qəzənfər Kazımovun balaca qardaşıdır.[8]

Böyük oğlu Şirin Kazımov 2 dekabr 1975-ci ildə Bakıda anadan olub. Nəsimi rayonu 1 saylı orta məktəbi və Azərbaycan Tibb Universitetinin müalicə-proflaktika fakültəsini bitirib. 2004-2006-cı illərdə ABŞ-ın Luiziana ştatındakı Tuleyn Universitetində magistraturada təhsil alıb. Şirin Kazımovun məzunluğu Nyu Orlean şəhərindəki 70 mindən çox tamaşaçı tutan mərkəzi stadionunda baş tutub. Tədbirdə ABŞ-ın sabiq prezidentləri Corc Buş (ata, 41-ci prezident) və Bill Klinton (42-ci prezident) da iştirak ediblər. Universiteti fərqlənmə diplomu ilə bitirən Kazımovun diplomunu C.H.V.Buş və B. Klinton təqdim edib. Hazırda ABŞ-ın “Austen Riggs” adlı psixiatriya xəstəxanası və klinik tədqiqat mərkəzində çalışır.[7]

Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Taleh Kazımovun atasıdır.[8]

  1. "Sənsiz səninlə…". Azərtac.
  2. 1 2 Həsənqızı, Ülviyyə. ""Qisas" romanının müəllifi vəfat edib". bizim.media (az.). İstifadə tarixi: 2024-12-01.
  3. 1 2 3 Qorxmaz, A. "Mərkəzi Bank sədrinin Cəbrayıla görə kövrələn atası - Tahir Kazımov nələr söyləmişdi... - VİDEO". modern.az (az.). İstifadə tarixi: 2024-12-01.
  4. Ancaq qisas haqqında olmayan dialoq: Asif Abramovun quruluşunda hazırlanan “Qisas” çoxseriyalı televiziya filminin yaradıcı heyəti ilə söhbət/söhbəti qələmə aldı Elçin Vələdoğlu //Respublika.- 2015.- 13 yanvar.- S.6.
  5. Quliyev, A. Bir serial haqqında düşüncələr: Tahir Kazımovun “Qisas” romanı əsasında rejissor Asif Abramovun quruluş verdiyi eyniadlı teleserial haqqında //525-ci qəzet.- 2014.- 12 noyabr.- S.8.
  6. Billurə Yunus. "'Əqrəb'in kitabı da plagiatdır' iddiası - Müəllif 'vallah' dedi (AÇIQLAMA)". olke.az. 2023-11-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-30.
  7. 1 2 "Diplomunu Buş və Klintondan alan Mərkəzi Bank sədrinin qardaşı kimdir? – FOTOLAR". No Comment (az.). 2022-04-13. İstifadə tarixi: 2024-12-01.
  8. 1 2 Rza, Nizam. "Taleh Kazımov mərhum polkovnikin oğlu imiş — Foto". Qafqazinfo (az.). 2022-04-13. 2022-04-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-12-01.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]